Bakı Ali Neft Məktəbi Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınıb

 

Türkiyənin Ali Təhsil Şurası (YÖK) Bakı Ali Neft Məktəbini (BANM) yüksək standartlara cavab verən ali təhsil müəssisəsi kimi tanıyıb.

BANM-dan "Report"a verilən məlumata görə, Ali Məktəb tərəfindən göndərilən sorğu Ali Təhsil Şurası tərəfindən müsbət rəy alıb.

Şura tərəfindən ünvanlanan məktubda qeyd edilib ki, Bakı Ali Neft Məktəbi YÖK-ün mövcud beynəlxalq qurumlar siyahısında yer alır. Həmçinin, Türkiyədə qarşılıqlı diplom tanınma qaydalarına uyğun olduğu təqdirdə, xaricdəki bütün ali təhsil müəssisələri kimi, Bakı Ali Neft Məktəbinin də bakalavr, magistratura diplom sahibləri müxtəlif təhsil proqramlarına müraciət edə bilər.

YÖK (Yüksek Öğretim Kurumu) – Ali Təhsil Şurası Türkiyə Respublikasının 1982-ci il Konstitusiyası ilə müəyyən edilmiş ali təhsil sisteminin təməl əsaslarına görə yaradılmış qurumdur. Qurumun əsas məqsədi Türkiyədəki ali təhsil müəssisələrində tədrisin planlaşdırılması, təşkili, idarə edilməsi, nəzarət, eləcə də ali təhsil müəssisələrində tədris və elmi tədqiqat işlərinin aparılması, bu qurumların qanunda göstərilən məqsəd və prinsiplərə uyğun qurulması, inkişafı və akademik kadrların hazırlanması üçün planlar hazırlamaqdır.

 

Azərbaycan.- 2020.- 7 fevral.- S.11.