Böyük sosial paketin yeni dalğası
Prezident İlham Əliyevin davamlı
islahatları nəticəsində ölkədə bütün növ əmək
pensiyaları yenidən artırıldı
Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Elə bu səbəbdən də dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, eyni zamanda hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir.
Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllinə prioritet vəzifə kimi yanaşır və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, bu kateqoriyaya aid olan insanlara mənzillər, avtomobillər verilir, güzəştlər edilir və müxtəlif kompensasiyalarla təmin edilirlər.
Bir sözlə, sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.
Son 16 ildə orta aylıq əməkhaqqının 11 dəfə, orta aylıq pensiyanın 8 dəfə, həmçinin müavinət və təqaüdlərin dəfələrlə artırılması bunun əyani sübutudur.
2019-cu ilin əvvəlindən başlayaraq dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşların rifah halını daha da yüksəldib. Prezidentin 2 sosial paketi ümumilikdə 4,2 milyon nəfəri əhatə edib. İki sosial paket çərçivəsində reallaşan uğurlu göstəricilərə nəzər yetirdikdə bunu aydın şəkildə görə bilərik. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, yeni təqaüd növləri təsis edilib. Ümumən Prezidentin aylıq təqaüdləri ilə təminat proqramı 5 dəfəyə yaxın genişlənib. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir.
Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bu məsələyə toxunaraq vurğuladı ki, Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Dövlətin artan iqtisadi gücü ölkəmizin güclənməsinə, ilk növbədə xalqın rifah halının yaxşılaşmasına yönəlməlidir və Azərbaycan hökuməti bunu həyata keçirir: "Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır”.
Fevralın 6-da isə dövlət başçısının böyük sosial paketi çərçivəsində pensiyalar 16,6 faiz artırıldı. Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım idi. Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır.
Bu artım Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını təmin edən, 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir.
Sərəncamla pensiyaların orta aylıq əməkhaqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək.
Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur.
Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Misal üçün, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ yanvarın 1-dən 16,6 faiz, yəni 66,4 manat artırılmaqla 466,4 manata çatdırılacaq, yanvar ayının 66,4 manat artımı da fevral ayında veriləcək, yəni şəxs fevral ayında yanvar ayının artımı ilə birgə (466,4+66,4) 532,8 manat pensiya alacaq.
Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır.
Bütün bunlar ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılması üçün atılan növbəti addımlardır və əhalinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin miqyasının getdikcə genişləndirilməsini göstərir. Şübhəsiz ki, bu islahatların başında Azərbaycan vətəndaşının maraqları, həmçinin sosial ədalət və humanizm prinsipləri durur.
Digər sahələrdə də həyata keçirilən islahatlar, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün göstərilən səylər onu deməyə əsas verir ki, ölkəmiz daha da inkişaf edəcək və yoxsulluq səviyyəsi daha da azalacaq.
Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası isə gündən-günə genişlənir. Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2020.- 8 fevral.- S.1; 3.