2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 fevral 2020-ci il tarixli 1522 saylı müraciətə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 21/127

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) sədri Ə.B.Məhərrəmov 2020-ci fevralın 7-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək 86 saylı İsmayıllı seçki dairəsi üzrə qeydə alınmış namizəd Şahvələdov Məzahir Səfər oğlunun ikili vətəndaşlığının olması barədə komissyaya məlumat daxil olduğunu bildirmiş bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Bununla əlaqədar qeydə alınmış namizəd M.S.Şahvələdovun seçki sənədləri dairə seçki komissiyasından tələb olunaraq nəzərdən keçirilmiş müəyyən edilmişdir ki, o, 86 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürməsi barədə bildiriş öhdəlik ərizəsini 2019-cu il dekabrın 14-də dairə seçki komissiyasına təqdim etmiş, öhdəlik ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olduğunu, seçkilərdə iştirak etmək hüququna malik olduğunu, ikili vətəndaşlığının başqa ölkələr qarşısında öhdəliklərinin olmadığını öz imzası ilə təsdiq etmişdir. Dairə seçki komissiyasının 15 dekabr 2019-cu il tarixli iclasında namizədliyi təsdiq olunaraq ona imza vərəqələri verilmiş, o, namizədliyinin müdafiəsi üçün imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, 27 dekabr 2019-cu ildə qeydə alındıqdan sonra ona deputatlığa qeydə alınmış namizəd vəsiqəsi verilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, 86 saylı İsmayıllı seçki dairəsi üzrə qeydə alınmış namizəd M.S.Şahvələdov Rusiya Federasiyasının vətəndaşlığını əldə etdiyinə görə 30 yanvar 2019-cu il tarixdə ona bu ölkə vətəndaşına məxsus olan müvafiq seriyalı pasport verilmişdir.

Bununla da Azərbaycan Respublikasının vətəndaşı olan M.S.Şahvələdovun həm də Rusiya Federasiyasının vətəndaşı olması faktı aşkar edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsində təsbit olunmuşdur ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icraya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3.3-cü maddəsinə görə isə ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşının ikili vətəndaşlığı qalanadək Milli Məclisin deputatı seçilmək hüququ yoxdur.

Beləliklə, ikili vətəndaşlığı olan M.S.Şahvələdovun deputatlığa namizədliyinin qeydə alınması Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə zidd olmuşdur.

Buna görə də 86 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının 27 dekabr 2019-cu il tarixli 49/116 saylı qərarı ləğv edilməli və qeydə alınmış namizəd M.S.Şahvələdovun 2 yanvar 2020-ci il tarixli 05 nömrəli deputatlığa qeydə alınmış namizəd vəsiqəsi etibarsız hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 85-ci, Seçki Məcəlləsinin 19.4-cü, 13-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 148.1-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsi üzrə qeydə alınmış namizəd Şahvələdov Məzahir Səfər oğlunun Rusiya Fedreasiyasının vətəndaşı olması faktının aşkar olunması ilə əlaqədar yaranmış Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə zidd olan hallar nəzərə alınaraq həmin seçki dairəsi dairə seçki komissiyasının onun deputatlığa namizədliyinin qeydə alınması haqqında 27 dekabr 2019-cu il tarixli 49/116 saylı qərarı ləğv edilsin, həmin dairə seçki komissiyası tərəfindən M.S.Şahvələdova verilmiş 2 yanvar 2020-ci il tarixli 05 nömrəli deputatlığa qeydə alınmış namizəd vəsiqəsi etibarsız hesab edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

07.02.2020-ci il

 

Azərbaycan.- 2020.- 8 fevral.- S.2.