2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 5 fevral 2020-ci
il tarixli 54 saylı
müraciətə baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 21/128
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə
117 saylı Oğuz - Qəbələ seçki
dairəsi üzrə
namizəd İsmayılova
Ləman Aləşrəf
qızı 5 fevral 2020-ci
ildə Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) yazılı
müraciət edərək
seçkiqabağı təşviqat
mərhələsində baş
vermiş qanun pozuntularının araşdırılmasına
dair dairə seçki komissiyasının
2 fevral 2020-ci il tarixli 17/35 saylı qərarını mübahisələndirmiş,
müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş
hüquqlarının bərpa
olunmasını xahiş
etmişdir.
Müraciət Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilmiş, araşdırılaraq
rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Namizəd L.A.İsmayılova müraciətində iddia etmişdir ki, seçkiqabağı təşviqat dövründə 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Naxçıvanlı Aqiyə Həbib qızı qanunvericiliyin tələblərini pozaraq Sincan kəndinin seçicilərindən birinin təhsil haqqını ödəmiş, bu barədə məlumatı isə Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının Gənclər Birliyi yaymışdır. Bundan başqa o, bildirmişdir ki, deputatlığa namizəd A.H.Naxçıvanlının seçicilərlə görüşündə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd L.A.İsmayılova 117 saylı Oğuz - Qəbələ seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət hərtərəfli araşdırılmış, 2 fevral 2020-ci il tarixli 17/35 saylı qərar ilə şikayət əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, ərizəçi təşviqatı ilə əlaqədar olaraq iclasda iştirak edə bilməyəcəyini bildirmişdir.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, Oğuz rayonunun Sincan kəndində deputatlığa namizəd A.H.Naxçıvanlı 2020-ci il yanvarın 28-də seçicilərlə görüşü zamanı Sincan kənd sakini, Qarabağ müharibəsi əlili, ağır onkoloji xəstəlikdən əziyyət çəkən, məhdud imkanlara malik olan Hacıyev Bəhram Elman oğlunun övladının təhsil haqqının yarısının ödənilməsi üçün ona köməklik göstərilməsini xahiş etmişdir. YAP Oğuz rayon Gənclər Təşkilatının sədri, A.H.Naxçıvanlının vəkili Elşən Alcansoy təşkilatın facebook səhifəsində bu məlumatı paylaşmışdır.
Araşdırma prosesində vətəndaş B.E.Hacıyev tərəfindən verilmiş izahatda göstərilir ki, o, Qarabağ müharibəsi veteranıdır, onkoloji xəstəlikdən əziyyət çəkir, univerisitet tələbəsi olan iki övladının təhsil xərclərini ödəyə bilmir. Bu səbəbdən o, A.H.Naxçıvanlıdan kömək istəmiş, lakin ona heç bir köməklik göstərilməmişdir.
Müəyyən edilmişdir ki, namizəd A.H.Naxçıvanlı bu məlumatı facebook səhifəsində yaydığına görə, vəkili E.Alcansoya öz iradını bildirmiş və bununla əlaqədar YAP Oğuz rayon təşkilatının sədri tərəfindən ona xəbərdarlıq edilmişdir.
Oğuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Saleh Məhərrəmovun seçkiqabağı təşviqat tədbirlərində iştirakı ilə bağlı qeyd etmək lazımdır ki, YAP Oğuz rayon təşkilatının sədri olan Saleh Məhərrəmov eyni zamanda A.H.Naxçıvanlının vəkilidir və o, hazırda işlədiyi vəzifədən məzuniyyətə çıxmışdır, uzun müddət təhsil sahəsində işləmiş digər vəkil Emin Əzimli isə hazırda pensiyadadır.
Bundan əlavə, müraciətdə göstərilən Oğuz Rayon İcra Hakimiyyətinin digər əməkdaşları E.Əhmədovun, F.Əlibabayevin, O.Rəsulovun, A.Allahverdiyevin (müraciətdə Bəhram müəllim kimi göstərilən şəxs), V.Cəfərovun, M.Həmidovun, Ə.Əlibabayevin, X.Babayevin, S.Camıyevin Oğuz rayonu Qarabaldır kəndindəki görüşdə, A.Məmmədovun Bayan kəndindəki görüşdə iştirakları ilə bağlı qeyd olunan qanun pozuntuları da araşdırma əsasında öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd olunan şəxslərdən E.Əhmədov, F.Əlibabayev, O.Rəsulov, A.Allahverdiyev namizəd A.H.Naxçıvanlının vəkilləridir və seçki dövründə iş yerlərindən məzuniyyətə çıxmışlar. V.A.Cəfərov və X.F.Babayev 117 saylı Oğuz - Qəbələ seçki dairəsi dairə seçki komissiyasının 24 yanvar 2020-ci il tarixli, 11/23 saylı qərarı ilə 22 saylı seçki məntəqəsinə müşahidəçi təyin edilmiş və müvafiq lövhəciklə təmin olunmuşlar.
Müəyyən edilmişdir ki, müraciətdə adları qeyd olunan M.Həmidov, Məşğulluq Mərkəzinin direktoru A.Məmmədov, Kərimli kənd tam orta məktəbinin direktoru S.Camıyev, Kərimli kənd bələdiyyəsinin işçisi Ə.Əlibabayev namizəd A.H.Naxçıvanlının Kərimli kəndində seçicilərlə keçirdiyi görüşdə seçici kimi iştirak etmişlər.
Araşdırma ilə qeydə alınmış namizəd A.H.Naxçıvanlı tərəfindən seçkiqabağı təşviqatın aparılması zamanı qanun pozuntuları müəyyən edilmədiyindən şikayət təmin olunmamalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılova Ləman Aləşrəf qızının 5 fevral 2020-ci il tarixli 54 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 2 fevral 2020-ci il tarixli 17/35 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl
Rəhimov
07.02.2020-ci il
Azərbaycan.- 2020.- 8 fevral.-
S.3.