Azərbaycan seçkilərə tam hazırdır

 

1314 namizəd, 77790 yerli və 883 beynəlxalq müşahidəçi…

 

Milli Məclisin seçkilərlə əlaqədar ötən ilin dekabr ayından başlanan seçki kampaniyası ən mühüm mərhələsinə qədəm qoydu. Bu gün 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir. Bu seçkidə ölkə üzrə seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir. İlk dəfə səs verəcək vətəndaşların sayı 6189-dur. Seçkinin yekunlarına əsasən Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisi formalaşacaq.

Mərkəzi Seçki Komissiyasının 2019-cu il dekabrın 9-da təsdiq etdiyi Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı vaxtında icra olunub. Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdırılıb, bütün səsvermə məntəqələri lazımi avadanlıqlarla təchiz olunaraq tam hazır vəziyyətə gətirilib.

Budəfəki seçki marafonunda 1314 nəfər namizəd mübarizə aparır. Onlardan 246 nəfərin namizədliyi siyasi partiyalar, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb. 1057 nəfər namizəd öz təşəbbüsü ilə seçkiyə qatılıb. Deputatlığa namizədliyi qeydə alınan şəxslərdən 82 nəfəri 18-28 yaş, 407 nəfəri 29-39 yaş, 542 nəfəri 40-45 yaş, 221 nəfəri 56-66 yaş, 43 nəfəri isə 67 yaşdan yuxarı olan şəxslərdir. 1998-ci ildə anadan olan və hazırda 22 yaşı olan 8 nəfər də deputatlığa namizədliyini irəli sürüb. Namizədlərin 79 faizi kişilər, 21 faizi qadınlardır.

Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış şəxslərin yanvarın 17-dən başlanmış seçkiqabağı təşviqat kampaniyası dünən saat 8:00-da başa çatıb. Seçki qanunvericiliyinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçkiqabağı təşviqat məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı, cəmi 256 yer müəyyən edilmişdi.

Seçkiləri siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və qeydə alınmış namizədləri təmsil edən müşahidəçilər izləyəcəklər. Budəfəki parlament seçkilərində 77 min 790 yerli müşahidəçi qeydiyyatdan keçib. Eyni zamanda 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Həmçinin seçkini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıracaq.

Beynəlxalq təşkilatlar Azərbaycanda seçki mühitini yüksək qiymətləndirirlər. Məsələn, Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyasının aralıq hesabatında bildirilir ki, monitorinq çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər Bakı ilə yanaşı, 21 rayon və şəhərdə seçki kampaniyasını izləyiblər. Onlar qənaətə gəliblər ki, bu sayda namizədin seçki kampaniyasında iştirakı seçki sisteminin açıq olduğunu, ölkədə siyasi plüralizm və seçicilər üçün real seçim imkanının yaradılmasını göstərir.

Azərbaycandakı seçki praktikasının şəffaflığını göstərən başqa bir faktor isə müxtəlif təşkilatlara "exit-poll” keçirmək üçün imkanların yaradılmasıdır. Budəfəki parlament seçkilərində "exit-poll”un keçirilməsi təmin olunub. Belə ki, seçkilərdə "exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınıb. Onların da 2-si öz fəaliyyətini xarici partnyorları ilə birgə quracaq.

Altıncı çağırış Milli Məclisə seçkilərin gedişatını internetdən birbaşa izləmək mümkün olacaq. Belə ki, ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılması nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malikdirlər.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi onun nəticələri barədə saat 10.00, 12.00, 15.00, 17.00 19.00-da ilkin məlumatlar veriləcək.

 

Azərbaycan.- 2020.- 8 fevral.- S.1.