Türk Şurasının nüfuzu yüksəlir

 

Bu qurumun Bakıda keçirilən Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında türkdilli ölkələrin birliyinə töhfə verəcək yeni strategiya müzakirə olundu

 

Bu həftə paytaxtımız Bakı daha bir mötəbər toplantıya evsahibliyi etdi. Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış sazişə əsasən yaradılan (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) təşkilatın növbədənkənar iclasında bir sıra mühüm məsələlər müzakirə edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu iclasda üzv ölkələr arasında əlaqələrin genişləndirilməsi, Türk Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrlə bağlı məsələ ətrafında fikir mübadiləsi aparıldı.

Əvvəlcə onu qeyd edək ki, Türk Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Macarıstan müşahidəçi üzv statusuna malikdir. 2019-cu ilin sentyabr ayında Özbəkistanın Türk Şurasına üzv olması barədə qərar qəbul edilib.

Dörd təsisçi ölkədən biri olan Azərbaycan yarandığı ilk tarixdən etibarən şura ilə sıx əməkdaşlıq edir. Təşkilatın təsis edildiyi tarixdən bu günə qədər iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilib. Bundan başqa, üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilib. Üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması istiqamətində səylər davam etməkdədir.

Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması və Xəzər dəniz keçidinin nizamlanması üzv dövlətlərin nəqliyyat və gömrük sahəsi üzrə görüşlərinin gündəliyində xüsusi yer tutur. Samsun, Bakı və Aktau limanları arasında qardaş əlaqələrinin yaradılması bu istiqamətdə atılmış addımdır.

Bakıda fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar toplantıda iştirak etmək üçün Bakıya səfər edən Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Azərbaycanın Türk Şurasına verdiyi önəmdən bəhs edərək vurğuladı ki, bu, Zirvə görüşündən sonra Xarici İşlər nazirlərinin Bakıda keçirilən birinci toplantısıdır. 2019-cu ildən başlayaraq Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb: "Biz çalışacağıq ki, bir il ərzində bu təşkilatın sədri kimi bütün üzv ölkələrin dəstəyi ilə fəal görək və bu ölkələr arasındakı əməkdaşlığı, dostluğu, qardaşlığı daha da möhkəmləndirək. Eyni zamanda, sizin səfəriniz yaxşı fürsətdir ki, biz ikitərəfli məsələləri bir daha müzakirə edək. Biz sizinlə bu yaxınlarda Davosda da görüşdük. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcəkdir və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bizim qonağımız olacaqdır”.

Mövlud Çavuşoğlu isə qeyd etdi ki, Türk Şurasına sədrliyi uğurla davam etdirən Azərbaycanın türk dünyasının birliyi üçün töhfələrini ən yaxından bilən Türkiyədir. Bu baxımdan Zirvə görüşü çox uğurla keçib.

Türk Şurasının güclənməsi istiqamətində tədbirlərin intensivləşdiriləcəyini söyləyən Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin Nyu Yorkda bir araya gələcəklərini diqqətə çatdırdı. Onun sözlərinə görə, təşkilatın katibliyinə yeni təkliflər hazırlamaq səlahiyyəti verilib: "Katibliyə yeni təkliflərin hazırlanması ilə bağlı səlahiyyət verilib. Həmin təkliflər Türk Şurasının bu il Türkiyədə keçiriləcək iclasında prezidentlərə təqdim ediləcək. Bundan sonra isə müşahidəçi ölkələrə status veriləcək”.

Əlavə edək ki, Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında fəxri prezident statusunun müəyyənləşdirilməsi, təşkilata üzv olmayan ölkələrlə, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə mövzusu olub.

Toplantıda XİN başçıları üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birliyin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Təşkilatın perspektivlərini müəyyən edən "Türk Şurası - 2025” adlı yeni strategiya da müzakirə edilən məsələlər arasında yer alıb.

XİN başçılarının görüşündən sonra keçirilən mətbuat konfransında da maraqlı təkliflər səsləndirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev bildirib ki, Türk Şurası daxilində investisiya institutunun yaradılmasına ehtiyac var. Onun fikrincə, investisiya fondunun yaradılması ilə bağlı işlər gedirİstanbulda keçiriləcək sammitdə onun təqdimatı nəzərdə tutulur.

Baş katib həmçinin qeyd edib ki, növbədənkənar iclasda şurada müşahidəçi statusuna malik ölkələrə üzvlüyün verilməsi qaydaları müzakirə olunub. Habelə təşkilatın İƏT və BMT yanında müşahidəçi statusu alması, beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması imkanları nəzərdən keçirilib.

Bu bir həqiqətdir ki, Azərbaycan dövləti türk dünyasının daha da qüdrətlənməsi, türkdilli dövlətlərin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməsi istiqamətində daim ciddi addımlar atıb. Hətta ölkə siyasətini digər türkdilli dövlətlərlə müqayisə etsək, görərik ki, bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan hər zaman türkdilli dövlətlərin mədəni, siyasi, iqtisadihumanitar inteqrasiyasına da öz töhfəsini veribbunu çəkinmədən edib.

Prezident İlham Əliyevin son 16 illik uğurlu xarici diplomatiyasının prioritetlərindən biri də məhz türk dünyasının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsidir. Cənab İlham Əliyev türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının müasir dünyada özünəməxsus yerini tutması uğrunda müasir dövrün türk lideri olaraq böyük xidmət göstərməkdədir. Belə ki, Azərbaycan Prezidenti təkcə Türk Şurasının Zirvə görüşlərində deyil, qardaş ölkələrə bütün səfərlərində istənilən sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini irəli sürür.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 9 fevral.- S.1-2.