Mikayıl Cabbarov: Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir

 

"Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir. Bu ölkədə Azərbaycan şirkətlərinin fəallığı müşahidə olunur."|

Bu sözləri Azərbaycan nümayəndə heyətinin fevralın 10-da Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşündə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, hər iki ölkənin iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri regionun iqtisadi əhəmiyyətini dəyişən layihələrdir.

“Azərbaycan həyata keçirilən uğurlu siyasət nəticəsində iqtisadi potensialına görə regionda aparıcı ölkədir. Azərbaycan şirkətləri ölkə iqtisadiyyatı ilə yanaşı, bir sıra ölkələrə də investisiyalar yatırırlar. Gürcüstan da belə ölkələrdəndir. Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə xeyli sərmayə yatırıblar. Bu da bizim iqtisadi əlaqələrimizin inkişafında önəmli rol oynayır”, - deyə nazir bildirib.

Görüşdə azərbaycanlı adamlarının qonşu ölkədə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2020.- 11 fevral.- S.6.