Təhlükəli virtual aləm

 

11 fevral Beynəlxalq Təhlükəsiz İnternet günüdür

 

İnternet çoxumuzun həyatının ayrılmaz hissəsinə çevrilib. Hətta vəziyyət o yerə çatıb ki, işdə, evdə, gəzintidə, məclislərdə belə internetsiz qalmaq mümkün deyil. Baş verən yeniliklərdən xəbərdar olmaq üçün istər-istəməz söhbət əsnasında internetə nəzər yetirməli olursan. Yaxud hansısa xoş anları tarixə köçürmək üçün şəkil çəkdirib, sosial şəbəkədə bölüşürsən... Lakin təəssüf ki, zamanımızın çoxunu keçirdiyimiz bu internetin təhlükəsizliyi barədə unuduruq və ya heç düşünmürük. Axı bu gün internetdə faydalı xəbərlərlə bərabər hər cür zərərli məlumatlar da mövcuddur və onlardan övladlarımız da istifadə edirlər…

Bəli, bu gün uşaq və yeniyetmələr internetin aktiv istifadəçiləridirlər. Rəqəmsal dünyaya daxil olmaq, ünsiyyət yaratmaq, yeni məlumat əldə etmək uşaqların həyat tərzini köklü surətdə dəyişir, potensialını artırır. İnternet uşaqlara maraqlı filmləri izləmək, musiqilərlə tanış olmaq, yeni biliklər qazanmaq, öz qabiliyyətlərini inkişaf etdirmək imkanları verir. Onların məlumatlanmasında, sosiallaşmasında, dünyagörüşlərinin formalaşmasında və informasiyanın sürətlə əldə edilməsində mühüm rol oynayır. Sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. Lakin şagirdlərin çoxu internetdən yalnız təhsil məqsədləri üçün istifadə etmir. Onlar təhsil saytları ilə yanaşı digər veb-səhifələrə daxil olur və bu zaman ziyanlı, aqressiv və ya sosial təhlükəli məzmunda olan informasiyalarla, müxtəlif təhlükələrlə üzləşir, kibercinayətkarların hədəfinə çevrilirlər. İnternet səhifələrdə arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətlərə zidd olan nüansları aşılayan kontentlər uşaqların yaşına uyğun olmayan şəkillərlə cinsi istismarını və spirtli içkilərin istehlakını təbliğ edir. Həmçinin psixotrop maddələrin qəbulunu, qəddarlığı, təcavüz və intiharı, ailəyə qarşı hörmətsizliyi, aldatma, yalan və jarqon ifadələrlə danışmağı təbliğ edir. Bəzən uşaqlar və yeniyetmələr internetdə tanımadıqları insanlarla əlaqə yaradır və əksər hallarda bu insanlarla real həyatda da görüşürlər. Nəticədə insanın öz gerçək kimliyini asanlıqla gizləyə bildiyi, nəzarətin çətin olduğu internet uşaqların asan hədəfə döndüyü, müdafiə və himayəsiz qaldığı məkana çevrilir.

Bəs hazırda Azərbaycanda internet təhlükəsizliyi hansı səviyyədədir? Övladlarımızı internetdəki təhlükələrdən qorumaq üçün nə etməliyik?

 

"İnternet klublara təklif olunsun ki...”

 

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyir ki, son dövrlər internet təhlükəsizliyinin qorunması ilə bağlı Azərbaycanda müəyyən işlər görülüb. Qanunvericilik istiqamətində bir sıra addımlar atılıb, təhlükəsizliyə cavabdeh qurumların səlahiyyətləri dəqiqləşdirilib. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, dövlət orqanlarının informasiya resursları və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümummilli hazırlığın və maarifləndirmənin yüksəldilməsi məqsədi ilə Prezident İlham Əliyevin fərmanına əsasən, ölkədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərməkdədir. Dövlət başçısının sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanun qəbul olunub: "Bu qanunda uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər, anlayışlar, yaş kateqoriyasına uyğun informasiya məhsulunun dövriyyəsinə dair tələblər müəyyənləşdirilib. Qanun bu il yanvarın 1-dən qüvvəyə minib. Sənəddə ilk dəfə olaraq qeyd olunub ki, valideyn provayderdən halal, yəni uşaqlar üçün təhlükə törətməyən, təmizlənmiş internet istəyə bilər. Hazırda problem ondan ibarətdir ki, qanunun bu maddəsi yetərincə gerçəkləşməyib. Provayderlərin çoxu bu cür interneti verə bimir, çünki bunun üçün ofisində filtrasiya sistemi quraşdırmalıdır. Bu da müəyyən maliyyə vəsaiti tələb edir. Yəqin ki, bu məsələ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həll olunmalıdır.

Bu yöndə məktəblərdə aidiyyəti qurumların maarifləndirici tədbirləri olur, müəyyən qədər ictimai nəzarət həyata keçirilir. Amma uşaq və yeniyetmələr internet klublara da gedirlər. Orda artıq valideyn nəzarətində olmurlar. Hesab edirəm ki, məktəblərin yaxınlığında yerləşən internet klublara tələblər irəli sürülə bilər. Düzdür, ora kommersiya qurumudur, tam şərt qoymaq düz olmaz. Amma təklif etmək olar ki, uşaqlar üçün filtrasiyalı internet xidmətinə qoşulmuş ayrıca kompüter qoyulsun”.

 

Uşaq intiharlarında internet faktoru

 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov deyir ki, internet təhlükəsizliyi hazırda ən aktual mövzulardan və problemlərdən biridir. Günümüzdə bu problemdən ən çox əziyyət çəkən isə uşaqlardır. Belə ki, internetdə hansısa materiallardan istifadə etdikləri zaman uşaqların yaşlarına uyğun olmayan linklərə keçid qoyulur, oyunlar vasitəsilə müəyyən subliminal mesajlar ötürülür ki, bu da onların psixikasına böyük zədələr vurur: "Uşaq linki görəndə ora keçid edir. O nə bilsin bu nədir? Elə bilməyərək də yanlış istiqamətə yönəlir. Oyunlar var ki, bir müddət sonra aludəçilik yaradır. Məqsəd elə uşağı o oyunlara bağlamaqdır. Bəzən valideyn deyir, uşaq səbəbsiz şəkildə qorxur, davranışında problemlər, kobudluq yaranır. Söhbət əsnasında aydın olur ki, bunlar uşağın telefondan, internetdən, oyundan asılı olma səbəbindən ortaya çıxır. Bu gün internetə aludə olan uşaqlar kifayət qədərdir. Bu da onlarda nitq tənbəlliyi yaradır. Fikir verin, son illər uşaqların nitqində problemlər artıb, gec dil açırlar. Diqqət yayınıqlığı, aqressivlik olur ki, bu da davranış pozuntusuna gətirib çıxarır. Bəzən uşaq reallıqdan uzaqlaşaraq, virtual dostluqlara daha çox üz tutur. Nəticədə onda özgüvən hissi azalır. Eyni zamanda, cəmiyyətə qarşı mənfi duyğu və düşüncələr inkişaf edə bilər, ünsiyyət qurmaqda çətinlik çəkər. Yaxud fobiyalar formalaşar və zaman keçdikcə psixiatrik problemlərə yol aça biləcək təhlükələr yaranar”.

Psixoloq hesab edir ki, son vaxtlar uşaq intiharlarının artmasında da internetin rolu var, sadəcə bunu konkret müəyyənləşdirmək bir qədər çətindir: "Desək ki, "uşaq intiharları birmənalı şəkildə internetlə bağlıdır” doğru olmaz. Amma burda internet faktoru rol oynayır. Müəyyən oyunlar uşaqları özünəqapanmağa, həyatın anlam daşımaması kimi düşüncələrə və intihara gətirib çıxarır. Bəzi oyunlar da var ki, uşaq orda gördüklərini imitasiya edir. Sadəcə oyunda görür ki, binadan yerə tullandı, təzədən durub yeriməyə başladı. Uşaq bunu təhlükə kimi qəbul etmir. Öləcəyini düşünmür, heç bilmir ölüm nədir. Fikirləşir, o edibsə, mən də edə bilərəm. Bəzən intihar bu yamsılama fonunda baş verir. Dolayısıyla bu proseslər uşaq intiharlarının baş verməsinə təsir göstərir”.

E.Rüstəmov uşaqların internetdən təhlükəsiz istifadəsini təmin etmək üçün xüsusi proqram hazırlanmasını vacib hesab edir. Mütəxəssisin fikrincə, yaxşı olardı, internet paketlərini valideynlər özləri sifariş verə bilsinlər ki, orda müəyyən saytlara giriş yasaq olunsun. Bundan başqa, Azərbaycan mentalitetini, adət-ənənələrini özündə əks etdirən oyunların və cizgi filmlərinin yaradılmasına da ciddi ehtiyac var. Bununla problemdən müəyyən qədər qurtulmaq mümkün olar. Lakin ən əsası valideynlərin uşağı nəzarətsiz buraxmamasıdır: "Təəssüf ki, bu gün uşaqların müəyyən hissəsi nəzarətsizdir. Valideyn telefonu uşağa verir ki, sakit otursun. "Gözümün qabağındadır, deməli, hər şey yaxşıdır” düşüncəsindən çıxış edir. Xəbəri yoxdur uşaq orda nəyi izləyir. Fikirləşir ki, cizgi filminə baxır. Amma gərək özü əvvəlcə o cizgi filminə baxıb görsün ki, orda, ümumiyyətlə, nədən bəhs edilir, uşaqlara hansı mesaj ötürülür. Hazırda internetdən asılı olan valideynlərimiz çoxdur. Bu da uşaqların psixologiyasına təsir göstərir. Valideyn uşağa zaman ayırmır, canlı ünsiyyətdə olmur. Bəli, bu gün internetsiz qala bilmərik. Amma internetdən düzgün davranmaq, təhlükəsizliyi qorumaq üçün birinci elə valideyn maariflənməlidir. Valideyn maaariflənsə, uşaqları da internetdəki təhlükələrdən sığortalaya bilər”.

 

"Sosial şəbəkələrdə uşaqlar üçün Azərbaycan dilində xüsusi səhifələr yoxdur”

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun sözlərinə görə, cəmiyyət, dövlət inkişaf etdikcə problemlərin mahiyyəti də dəyişir. Bu dəyişikliklər uşaq hüquqlarının müdafiəsi sistemində də baş verir. Belə ki, hazırda uşaqlara qarşı zorakılıq, uşaq nikahları ilə yanaşı uşaqların internet təhlükəsizliyinin təmin edilməsi də vacib problemlərdən biridir. Problemin həlli istiqamətində komitə tərəfindən hər il 20-30 məktəbdə 8-11-ci sinif şagirdləri üçün təlimlər keçirilir. Həssas kateqoriyadan olan ailələrlə, valideynlərlə iş aparılır. Bununla yanaşı komitə tərəfindən "kidsave.az” proqramı yaradılıb: "Hazırda 51 min vətəndaşa xidmət edən bu proqramla valideynlər uşaqlarını tam internet təhlükəsizliyi ilə təmin edirlər. Uzaqdan yazışmalarına nəzarət edə bilirlər, 24 saatlıq GPS sistemi, kompüter, yaxud smartfonun istifadə vaxtının tənzimlənməsi də həmin platformaya daxildir. Android vəsaiti kimi istifadəyə verilib. Artıq bu il çərçivəsində bir neçə proqram təminatı İOS sistemi üçün də istifadəyə veriləcək. Bu proqram vasiəsilə filtrasiya aparılır, uşaqların hansı sayta daxil olduqlarına nəzarət etmək olur. Uşaq vebsaytda sorğu verdikdə mənfi təsirli şəkil, video gəlirsə, dərhal aradan qaldırılır, göstərilmir. Həmin sistem vasitəsilə valideyn uşağa onlayn nəzarət də edə bilir. Məsələn, hansı yolla məktəbə gedib, gəlir. Digər tərəfdən, valideynlərə məsləhət görürük ki, uşaqlarına vaxt ayırsınlar. Uşaq sakit olsun deyə telefon, planşet verməklə məsələ həll olunmur. Uşaqlar yaşından asılı olaraq gün ərzində maksimum 1 saat internet resurslarından istifadə etməlidirlər. Hətta 15,16 yaşlı uşaqların da internetdən məhdud istifadəsi təmin edilməli, valideynlər tərəfindən daim nəzarətdə olmalıdırlar. Yaxşı olar ki, valideynlər uşaqlarını idmana cəlb etsinlər. Bu, uşağın həm şüuruna, həm də fiziki və mənəvi inkişafına müsbət təsir göstərər”.

E.Səfərovun sözlərinə görə, internetdən asılılıq intihara gətirə bilən amillərdən biridir. Odur ki, valideynlər internetə aludə olan uşaqlarının ödənişsiz psixoloji yardım almaları üçün komitəyə müraciət edə bilərlər.

Şöbə müdiri qeyd edib ki, hazırda dövlət komitəsinin nəzdində ailə portalının yaradılması da vacib elementlərdən biridir. Bu portalda Azərbaycan dilində maarifləndirici materiallar yer alacaq: "Uşaqlar üçün Azərbaycan dilində internet resursların, sosial şəbəkələrdə maarifləndirici səhifələrin açılması bir-iki dövlət qurumunun işi ilə məhdudlaşmamalıdır. Özəl qurumlar, QHT-lər, cəmiyyət nümayəndələri tərəfindən maarifləndirici materiallardan ibarət internet səhifələrin yaradılması çox vacibdir. Təəssüf ki, sosial şəbəkələrdə uşaqlar üçün Azərbaycan dilində xüsusi səhifələr, bloqlar yoxdur”.

Komitə sözçüsü onu da əlavə edib ki, uşaqların internetdən istifadəsini düzgün istiqamətə yönləndirmək, innovasiyaların yaradıcı qisminə cəlb etmək məqsədilə bu il çərçivəsində elektron müsabiqələr, startap layihələr həyata keçiriləcək.

Bəli, yaşadığımız texnika əsrində uşaq və yeniyetmələrin internetdən istifadəsini tamamilə qadağan etməklə onları onlayn təhlükələrdən uzaqlaşdırmaq mümkün deyil. Bu yanaşma əksinə, azyaşlı istifadəçinin internetə marağını bir qədər də artıra bilər. Onsuz da müasir dövrdə istənilən məkandan müxtəlif qurğular vasitəsilə internetə daxil olmaq mümkündür. Sadəcə uşaqların onlayn fəaliyyətlərinə nəzarət etmək daha məqsədəuyğundur. Mütəxəssislərin fikirləri və aparılan araşdırmalar da onu göstərir ki, uşaqların internetdən istifadəsində mütləq bir limit və ciddi nəzarət olmalıdır. Əks halda aqressiv, ünsiyyətdən qaçan və kompleksli bir nəslin yetişməsinə şərait yaradacağıq. Unutmayaq ki, internet adi bir oyun vasitəsi deyil, internet bizim həyatımızdır.

 

Xəyalə MURADLI

 

Azərbaycan. - 2020.- 11 fevral.- S.7.