Azərbaycana dünyada maraq və rəğbət artıb
Prezident İlham
Əliyevin müstəqil
siyasəti ilə ölkəmiz beynəlxalq
münasibətlər sisteminin
fəal üzvü kimi tanınır
Davamlı inkişafda olan Azərbaycan yeni islahatlar mərhələsini
yaşayır. 2019-cu il
ölkə tarixinə
demək olar ki, ən dərin
islahatlar ili kimi düşdü. Bu il də
mütərəqqi islahatlar
davam etməkdədir.
Prezident İlham Əliyevin həyata keçirdiyi sistem xarakterli iqtisadi islahatlar və qlobal iqtisadi çağırışlara
uyğun olaraq hazırlanmış strateji
yol xəritələrinin
icrası Azərbaycanı
dünyanın əlverişli
investisiya məkanına,
forum və konfransların,
idman yarışlarının
keçirildiyi mərkəzə
çevirib. Bütün bunları şərtləndirən
ən mühüm amil ilk növbədə ölkədəki sabitlik və əlverişli investisiya, biznes mühitidir. Eyni zamanda xarici investorlara yaradılan əlverişli şərait,
güzəştlər, iş
adamlarının diqqətini
ölkəmizə daim
cəlb edir. Bu səbəbdən də xaricdən sərmayə qoymaq istəyənlərin sayı
çoxalır. Həm xarici
investisiyaların ölkə
iqtisadiyyatına cəlb
edilməsi, həm də bu məqsədlə
əlverişli mühitin
yaradılması Azərbaycan
dövlətinin iqtisadi
inkişaf strategiyasının
mühüm tərkib
hissəsidir.
Prezident İlham Əliyev müstəqil, milli maraqların hər zaman uca tutulduğu
siyasəti ilə Azərbaycanı dünyaya
etibarlı tərəfdaş
kimi tanıdır. Elə bunun
səbəbidir ki, son
illərdə dünyada
Azərbaycana maraq və rəğbət artır. Dünyanın beynəlxalq reytinq
təşkilatlarının, iqtisadi forumlarının hesabatlarında, iclaslarında
Azərbaycanın adı
xüsusi vurğulanır.
Hər ötən il Azərbaycan
irəliyə doğru
inamla addımlayır.
Yanvarın 21-də İsveçrənin
Davos şəhərində
sayca 50-ci Dünya İqtisadi Forumuna dəvət edilən Azərbaycan Prezidentinin keçirdiyi görüşlər,
səsləndirdiyi fikirlər
bir daha təsdiq etdi ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi Avrasiyada körpü rolunu oynayır.
Dövlət başçısı kimi
ilk dəfə 2007-ci ilin
yanvarında Davos Forumunda iştirak edən cənab İlham Əliyev 2020-ci ildə 14-cü dəfə
bu mötəbər toplantıda iştirak etdi. Bu, həm, Azərbaycana
göstərilən yüksək
etimad idi, həm də ölkə rəhbərinin
Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb
edən mülahizələrlə
zəngin çıxışları,
keçirdiyi çoxsaylı
və yüksəksəviyyəli
işgüzar görüşləri
maraqla qarşılandı.
Davosda cənab
İlham Əliyevin dünyanın tanınmış
şirkət rəhbərləri
ilə keçirdiyi çoxsaylı görüşlər,
bu görüşlərdə
səslənən fikirlər
də təsdiq edir ki, həm
dünya dövlətlərinin,
həm də beynəlxalq şirkətlərin
Azərbaycana böyük
rəğbəti var. Azərbaycanın
xarici investisiya üçün cəlbedici
olması təsadüfi
deyil. Çünki respublikamızda əcnəbi
investorların səmərəli
fəaliyyəti məqsədilə
hər cür şərait, xüsusilə
mükəmməl qanunvericilik
bazası yaradılıb,
"açıq qapı”
siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illər Azərbaycan hökuməti
ilə xarici dövlətlər arasında
investisiyaların təşviqi
və qarşılıqlı
qorunması haqqında
50-dən çox saziş
imzalanıb. Avropa İttifaqının
20-dən çox ölkəsi
ilə respublikamız
arasında ikiqat vergitutma aradan qaldırılıb. Ölkəmizə ən çox investisiya qoyan xarici şirkətlərin
əksəriyyəti isə
dünyanın 20 ən
böyük ölkəsindən
gəlir. Onların arasında
Rusiya Federasiyası, Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, ABŞ, Yaponiya və digər ölkələr var.
2007-ci ildən
başlayaraq Davos Forumunda mütəmadi olaraq iştirak edən cənab İlham Əliyev ölkəmizdə investorlar
üçün yaradılan
şəraiti və imkanları dünyaya bəyan edir. Həqiqətən
də, məhz cənab İlham Əliyevin bu uğurlu diplomatiyası nəticəsində 2007-ci ilin
əvvəli ilə müqayisədə 2019-cu ildə
ölkə iqtisadiyyatının
həcmi 80 faiz, o cümlədən qeyri-neft
sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsulluğun
səviyyəsi 4 dəfədən
çox, işsizliyin
səviyyəsi isə
əhəmiyyətli dərəcədə
azalaraq 4,9 faizə çatıb. Dünya Bankının "Doing Business
2019” hesabatında Azərbaycan
dünyanın lider islahatçı ölkəsi
olaraq tanınıb.
2007-ci ildən
keçən dövr
ərzində Azərbaycana
111 milyard dollardan çox xarici investisiyanın cəlb olunması deyilənləri
təsdiqləyən reallıqdır. Əgər
Davos İqtisadi Forumunun açıqladığı
"Qlobal Rəqabətlilik
Hesabatı”nda Azərbaycan
2006-2007-ci ildə 64-cü yerdə
idisə, 2017-2018-ci ildə
137 ölkə arasında
35-ci yerə qədər
yüksəldi. 2019-cu ildə
isə Azərbaycan
"Əhalinin elektrik
təchizatı səviyyəsi”
üzrə dünyada
2-ci yer tutan ölkələr sırasında,
"Hökumət tənzimləməsinin
yükü” və
"Əcnəbi işçilərin
işə qəbulunun
asanlığı” üzrə
3-cü yerdə, "Hökumətin
dəyişməyə cavabdehliyi”
üzrə 5-ci yerdə,
"Biznesə başlama
üçün tələb
olunan günlərin sayı” üzrə 8-ci yerdə, "Hökumətin
uzunmüddətli strategiyası”
üzrə isə
10-cu yerdə qərarlaşdı.
Bu gün
Azərbaycan həm də dünyanın əsas enerji ixracatçılarından biridir. Avrasiyanın nəqliyyat mərkəzlərindən
birinə çevrilən
ölkəmiz Şimaldan
Cənuba və Şərqdən Qərbə
yüklərin daşınmasında
mühüm nəqliyyat
qovşağı kimi
tanınır. 2017-ci ilin
oktyabr ayında istifadəyə verilmiş
Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilin may ayından fəaliyyət başlayan
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu istiqamətdə həyata
keçirilən proseslərə
böyük töhfə
verir.
Ötən 16 ildə Azərbaycan enerji layihələrini uğurla həyata keçirməyə davam edib. Avropaya qaz təchizatının
şaxələndirilməsi istiqamətində Azərbaycan
"Cənub qaz dəhlizi” layihəsini reallaşdırıb. Uzunluğu 3500 kilometr olan bu
layihə Xəzər
regionundan qaz təchizatını Avropa
bazarlarına birləşdirməklə
bütün regionun enerji xəritəsini dəyişdirir. Bu layihə Avropaya qaz nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə
həyata keçirilib.
Ümumi kapital qoyuluşu 40 milyard dollar layihə 4 hissədən ibarətdir - "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Bu il
layihə tam olaraq fəaliyyətə başlayacaq.
Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin
müstəqilliyinin, iqtisadi
inkişafının təməli
olmaqla bərabər, beynəlxalq və regional müstəvidə enerji təhlükəsizliyinə böyük
töhfə verir. Cənab İlham
Əliyevin praqmatik xarici siyasət kursu ilk növbədə ölkəmizin milli maraqlarının təmin
olunmasına xidmət
edir. 2011-ci ildə
155 ölkənin səsini
qazanaraq BMT Təhlükəsizlik
Şurasının üzvü
seçilən Azərbaycan
qlobal məsələlərin
həllində, dünyada
sülh və təhlükəsizliyin təmin
olunmasında yaxından
iştirak edərək
beynəlxalq münasibətlər
sisteminin fəal üzvü kimi tanınıb. Elə həmin il
Qoşulmama Hərəkatına
daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq
əlaqələri qurmağa
başlayıb.
Azərbaycan, eyni zamanda sabitləşdirici
aktor kimi fəaliyyət göstərməklə
regionda və beynəlxalq səviyyədə
əməkdaşlığa, təhlükəsizliyə mühüm
töhfə verir. Buna görə də ölkəmiz hazırda
regional güc mərkəzi
kimi sülhün və təhlükəsizliyin
təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş
hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və
prinsiplərinə əsaslanan,
regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan
halda, Azərbaycanla qarşılıqlı faydalı
əməkdaşlığa əsaslanan tərəfdaşlıq
münasibətləri beynəlxalq
münasibətlər sisteminin
aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır.
Təsadüfi deyil ki, bu gün dünyanın
aparıcı dövlətləri
və təşkilatları
Azərbaycanı Cənubi
Qafqazın təhlükəsizlik
qarantı adlandırırlar.
Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə
malik olduğunu bəyan edirlər.
Prezident İlham
Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə
də bu məsələyə toxunaraq
vurğulamışdır ki,
il ərzində dünyanın müxtəlif
yerlərində gərginliyin
artması, qanlı toqquşmalar, müharibələr,
kütləvi etiraz aksiyaları, polis zorakılığı,
insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin
tapdalanması - bütün
bunlar dünyanın, demək olar, bütün yerlərində
müşahidə olunub.
Azərbaycan isə 2019-cu ildə
davamlı inkişafda
olan sabitlik məkanı kimi böyük uğurlar qazanıb. Həyata keçirilən mütərəqqi islahatlarla
bu gün Azərbaycan yüksəlişdədir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan. - 2020.- 11 fevral.- S.1; 3.