BMT-nin Dünya Turizm
Təşkilatı: “Azərbaycan dünyada
turizmin ən sürətlə inkişaf etdiyi 20 ölkədən
biridir”
BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) "Dünya Turizm Barometrinin” (World Tourism Barometer (WTB) Annex 18) yanvar hesabatına əsasən, Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib. Qeyd edək ki, hesabat ildə dörd dəfə nəşr olunur və turizm istiqamətləri üzrə ən son məlumatların təhlilini özündə cəmləşdirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təhlilçisi Nərmin Kazımlı bildirir ki, bir qədər əvvəl açıqlanan "İnternational Tourism Highlights 2019” məlumatında da Azərbaycana gələn turistlərin ümumi sayında 2017-ci illə müqayisədə 2018-ci ildə 6,2 faiz artım olduğu qeyd edilib. Müqayisə etdikdə müşahidə olunur ki, Azərbaycan Latviya, Estoniya, Rusiya, Türkmənistan, Qırğızıstan, Ukrayna kimi region, inkişaf etmiş Avropa dövlətlərindən isə İspaniya, Fransa, Avstriya, Almaniya kimi ölkələri geridə qoyub. Həmçinin 2019-cu ildə 11,4 faiz artımla Azərbaycan 18-ci yerdə qərarlaşmaqla ən sürətlə inkişaf edən ölkələrdən biri olaraq dəyərləndirilib. Hesabatda qeyd olunub ki, vacib idman tədbirlərinə evsahibliyi, viza prosesinin sadələşdirilməsi və beynəlxalq mətbuatda aparılan reklam kampaniyaları ölkədə turizmin inkişafını təşviq edib. Turizm sektorunda xidmət paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği, fiziki və sosial regional turizm infrastrukturunun məqsədyönlü inkişafı istiqamətində əsaslı tədbirlər icra edilib. Həmçinin ənənəvi və müasir müalicə imkanlarından istifadə edilməklə sağlamlıq, perspektivli qış turizmi və ekoturizmin inkişafına investisiya qoyuluşları və bu kimi digər tədbirlər turizmin ÜDM-də payının artımına, yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir.
Təhlilçi əlavə edir ki, turizm qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edilməsi, hava əlaqəsinin və ölkəyə əlçatanlığın artırılması, qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması və yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin əsas potensial imkanlarından hesab olunur. Ölkədə turizm sektorunun inkişafının dəstəklənməsi nəticəsində mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2015-ci illə müqayisədə 2018-ci ildə 60 ədəd, müvafiq xidmətlərdən istifadə edən yerli və əcnəbi turistlərin sayı isə 991,330 min nəfər artmışdır.
BMT-nin
Dünya Turizm Təşkilatı
təqdim etdiyi hesabatda
dünyadakı beynəlxalq turist
axınının 2020-ci ildə müsbət tempi
qoruyaraq 3 faizdən 4 faizə
artacağını proqnozlaşdırır. İİTKM-in şərhçisi qeyd edir ki,
Azərbaycanda Prezidentin rəhbərliyi ilə
iqtisadiyyatın sürətlə inkişaf
edən sahəsi olaraq turizm
bazarının təkmilləşdirilməsi, turizm
xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində
əsaslı islahat tədbirləri həyata
keçirilir, bu
istiqamətdə mühüm işlər
görülür. Təsadüfi
deyil ki, Dünya İqtisadi Forumunun 2019-cu ildə
açıqladığı "Turizm və
səyahətin rəqabət qabiliyyəti” adlı
hesabatına əsasən, Azərbaycan turizmdə biznes mühiti üzrə
ötən hesabatla müqayisədə
57-ci mövqedən 28-ci pilləyə yüksəlmişdir.
Azərbaycan.-
2020.- 12 fevral.- S.5.