Qışın dəlisov oğlu -  Kiçik çillə

 

Çillələr

 

Ulularımız vaxtın, zamanın düzümünü yalnız ilin fəsillərinə görə deyil, həm də təbiətin dəyişmələri ilə hesablayıblar. Qış fəslini üç yerə bölüb, ilkini Böyük çillə adlandırıblar. Çillələrin böyüyü dekabrın 21-dən 22-nə keçən gecə qışla birlikdə gəlir. Ömrü qırx gün çəkir. Yanvarın 31-dən fevralın 1-nə keçən gecə isə Kiçik çillənin dövranı başlayır. İyirmi gün sonra növbə ala çillə, ala çolpav da deyilən Boz ayındır. Martın 20-də baharın gəlişi ilə Boz ayın da bir aylıq ömrü başa çatır.

İndi qışın Kiçik çillə dövrüdür. Folklorumuzda da çox zaman Böyük çillənin dəlisov qardaşı kimi bəhs olunub rəvayətlər, bayatılar söylənən bu çillə "qışın oğlan çağı” hesab edilir.

Folklorşünaslar çillə sözünün əzab, əziyyət, çətin, çıxılmaz vəziyyət mənasını verdiyini qeyd edirlər. Ancaq Qışın bu iki oğlundan birinin - Böyük çillənin daha rəhmli olduğu qənaətinə gələn insanlar qədim zamanlardan ondan Kiçik çillə qədər ehtiyat etməyiblər. Bu münasibət folklor nümunələrimizdə də əksini tapıb. Böyük çillənin Kiçik çilləyə nisbətən mərhəmətli olması mərasim nəğmələrindən birində belə ifadə olunub:

 

Böyük çillə, nar çillə,

gül üstə qar çilə.

Buğdalara yorğan ol,

Bağçalara bar çilə.

 

Daha rəhimsiz, sərt hesab etdikləri Kiçik çillədən isə belə bəhs ediblər:

 

Kiçik çillə, vay çillə

Qarlı, dumanlı çillə.

Gəbə, kilim toxuduq,

Cəhrəmizdə var çillə.

 

Ömrü daha uzun - qırx gün çəkən Böyük çilləyə məhəbbət başqa bir folklor nümunəsində belə əks edilib:

 

Böyük çillə

Boyu bir belə,

Gəldi elə

Gülə-gülə,

Getdi gülə-gülə.

 

İyirmi gün ömrü olan çovğunlu, qarlı, şaxtalı Kiçik çilləni isə belə təsvir ediblər:

 

Kiçik çillə

Boyu bir belə,

Hikkəsi bir belə.

Gəlişi oldu

Hayınan,

Gedişi oldu

Vayınan.

 

Çillələr haqqında xalq arasında müxtəlif rəvayətlər yaranıb. Onlardan biri belədir: "Qırx günlük ömrünü başa vurub geri qayıdan Böyük çillə yolda Kiçik çillə ilə qarşılaşır. Kiçik çillə ondan xəbər alır: " etdin?” Böyük çillə cavabında deyir: "Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm”. Kiçik çillə Böyük çilləyə gülərək: "Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”, - deyir.

Özündən əvvəlki Böyük çillədən sonrakı Boz aydan soyuğu, şaxtası ilə fərqlənən Kiçik çillə ilk günlərində sərt üzünü göstərir. İlin barlı-bərəkətli aylarında toplanan azuqələr tükənməyə başlayır. Odur ki, Kiçik çillənin gəlişi insanları qədər qayğılandırırdısa, gedişi o qədər sevindirir, ümidləndirirdi.

Kiçik çillə gethagetdə yenə tufan qoparır. üzüntülü soyuğu, dondurucu şaxtası, dəlisov küləyi ilə birlikdə çəkilib gedir. Yerini Boz aya verir. Boz ayda qış yuxusuna getmiş təbiət hələ yuxuda olur. Amma daha qış qorxulu görünmür. Çünki yazın gəlişinə hazırlıqlara başlanılır.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.- 12 fevral.- S.6.