Məşhur amerikalı yazıçı ADA Universitetinin fəxri doktoru
adına layiq görülüb
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təklifi və universitet Senatının qərarına əsasən, tanınmış amerikalı yazıçı və analitik Tomas Qolts Azərbaycan və Xəzəryanı bölgə üzrə apardığı tədqiqatlarına, bu sahədəki diqqətəlayiq nəşrlərinə, Azərbaycan və ABŞ xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi mühüm töhfələrinə görə ADA Universitetinin fəxri doktoru adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, fevralın 13-də ADA Universitetində keçirilən təqdimetmə mərasimində rektor Hafiz Paşayev fəxri doktor diplomunu qonağa təqdim edib.
Rektor Azərbaycan ictimaiyyətinin T.Qoltsun ölkələrimiz arasındakı qarşılıqlı anlaşmanın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra Tomas Qolts çıxış edərək ADA Universiteti tərəfindən verilən yüksək qiymətə və fəxri ada görə minnətdarlığını bildirib. O, Azərbaycanla bağlı xatirələrini bölüşüb, ölkənin müstəqilliyə gedən yolda çox çətin dövrdən keçdiyini nəzərə çatdırıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı şahidi olduğu hadisələrdən bəhs edib. T.Qolts müstəqil Azərbaycanın daha böyük uğurlara imza atacağına əminliyini bildirib.
Mərasim çərçivəsində qonaqlar Tomas Qoltsun nümayiş etdirilən kitabları ilə tanış olub, onun Azərbaycanla bağlı xatirələrindən bəhs edən videonu izləyiblər.
Qeyd edək
ki, Tomas Qolts müstəqil Azərbaycan və Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı yazılmış ilk kitablardan olan "Azərbaycan
gündəliyi”nin müəllifidir. Onun "Washington
Post”, "National Interest” və digər nüfuzlu
kütləvi informasiya vasitələrində
dərc etdirdiyi məqalələr Azərbaycanın
dünya ictimaiyyətinə
tanıdılması və Xocalı faciəsi ilə
bağlı həqiqətlərin beynəlxalq mediada
işıqlandırılması işinə töhfə verib.
Azərbaycan.- 2020.- 14 fevral.- S.7.