Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yaranmasının səkkizinci ildönümü
qeyd edilib
Fevralın 13-ü Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 8-ci ildönümünə həsr olunan təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb, qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycanın bugünkü dinamik inkişafı, dünyada böyük nüfuz və söz sahibi olması ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev böyük qətiyyət və əzmkarlıqla ölkəmizi sabitlik və təhlükəsizlik məkanına çevirib.
Xidmət rəisi qeyd edib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən səkkiz il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynayır və səkkiz ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.
Xidmət rəisi vurğulayıb ki, ötən dövr ərzində səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə bir sıra tədbirlər həyata keçirilib. Dövlətimizin qayğısı nəticəsində artıq səkkiz il ərzində bir neçə rayonda SHXÇDX-nin yerli struktur bölmələrinin yeni inzibati binaları istifadəyə verilib. Ötən il Xidmətin Goranboy Rayon Şöbəsinin yeni inzibati binasının açılışı olub, Lənkəran Rayon Şöbəsinin xidməti şəraiti yaxşılaşdırılıb. Qəbələ, Göygöl və Qax rayon şöbə və bölmələrinin yeni inzibati binalarının inşası başa çatdırılıb, Siyəzən rayonunda isə inşaat işləri davam etdirilir. O cümlədən işğal altındakı Xocavənd rayon əhalisinin, hərbi vəzifəlilərin, çağırışçıların səfərbərlik və hərbi xidmətə çağırış kimi mühüm işlərinin icrasını daha mütəşəkkil qaydada təmin etmək məqsədilə Xidmətin yerli struktur bölməsi yaradılıb.
Xidmət rəisi əlavə edib ki, elektron xidmətlərin göstərilməsi və aidiyyəti qurumlar arasında inteqrasiyanın yaradılması istiqamətində müvafiq işlər davam etdirilib, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə inteqrasiya işləri yekunlaşdırılıb.
Qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vətənpərvərlik tərbiyəsinin daha geniş müstəvidə təbliği məqsədilə ötən il tərəfdaş qurumlarla – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vətənpərvərlik tərbiyəsinin daha geniş müstəvidə təbliği məqsədilə ötən il tərəfdaş qurumlarla – "Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq çərçivəsində Bakı metrosunun stansiyalarında, "Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Vağzalında və sərnişin stansiyalarında, Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində quraşdırılmış monitorlarda SHXÇDX-nin vətənpərvərlik mövzusunda hazırladığı iki videoçarxın yayımına başlanıb. Həmçinin şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına Xidmət tərəfindən daim diqqət göstərilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti respublikamızın bütün şəhər və rayonlarında Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən Novruz bayramı, Qurban bayramı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə, o cümlədən dekabrın 1-də və 2-də könüllülük hərəkatının üzvləri olan gənclərin iştirakı ilə "Azərbaycan Könüllülük Həftəsi” layihəsinin "ŞəhidimİZ” kampaniyası çərçivəsində şəhid ailələrinə ziyarət təşkil edib və onlara sovqat çatdırılıb.
Arzu Rəhimov əminliklə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı bundan sonra da ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək, daha böyük nailiyyətlər əldə etməyə çalışacaq.
Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova və digər natiqlər xidmətin şəxsi heyətini ildönümü münasibətilə təbrik edib və xoş arzularını çatdırıblar.
Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif olunması haqqında SHXÇDX rəisinin imzaladığı əmrlər elan edildikdən sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.
Mərasimdə, həmçinin Xidmətlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti institutlarının, veteranların, şəhid ailələrinin nümayəndələrinə təltiflər və hədiyyələr təqdim edilib.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Qəhrəman Vahid Quliyev və vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Xidmətin yaradılmasının səkkizinci ildönümü münasibətilə qurumun yerli idarə, şöbə və bölmələri tərəfindən respublikamızın rayonlarında da tədbirlər təşkil olunub.
Azərbaycan.- 2020.- 14 fevral.- S.7.