Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı keçirilib

 

Fevralın 14-də "Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə görkəmli jurnalist, tanınmış ictimai xadim, pedaqoq Nəsir İmanquliyevin ömür yolundan bəhs edən "Mətbuat fədaisi” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri "Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açaraq Nəsir İmanquliyevin Azərbaycan mətbuatında xüsusi rolunu vurğulayıb və onun yaradıcılığı ilə bağlı fikirlərini səsləndirib.

Görkəmli jurnalistin uzun müddət rəhbərlik etdiyi "Bakı” və "Baku” qəzetlərinin nəinki Azərbaycanda, eləcə də keçmiş Sovetlər İttifaqında daim diqqət mərkəzində olduğunu deyən BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli müəllimi barədə xatirələrini bölüşüb: "Onun tələbələri xoşbəxt idi ki, əllərində Nəsir müəllimin simasında "Bakı” və "Bakukimi iki gündəlik qəzet laboratoriyası vardı. O, adi müxbirlikdən başlayaraq qəzet redaktorluğuna qədər yüksəlmiş və jurnalistikanın nəzəri problemləri üzərində çalışmışdı. Amma onun şah əsəri yetişdirdiyi, peşə sahibinə çevirdiyi tələbələri idi. Həmin tələbələrin bir çoxu indi yaşlı nəslin, xeyli hissəsi yeni dövrün qələm sahibləridir. Onu dəqiq bilirəm ki, Nəsir müəllimin tələbəsi olmuş jurnalistlər öz peşəsinə heç vaxt etinasız yanaşmayacaqlar. Çünki onların hər birinin qəlbində Nəsir İmanquliyevin klassik ənənələrdən yoğrulmuş müəllim sözü, müəllim həqiqəti var”.

Tədbirdə akademik Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Nəriman Həsənzadə, tanınmış jurnalist Elçin Şıxlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək Nəsir İmanquliyev yaradıcılığından, onun jurnalistika məktəbindən danışıblar.

Çıxışlarda qeyd edilib ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistika tarixində mövqeyirolu olan şəxsiyyət idi. Onun 30 il rəhbərlik etdiyi "Bakı” və "Baku” qəzetləri o dövrün digər mətbu nəşrləri üçün örnək olub.

Məlumat verilib ki, kitabda öz monoqrafiyaları, publisistik yazıları, təşkilatçılıq və redaktorluq məharəti ilə milli mətbuatımızın inkişafına töhfələr verən Əməkdar jurnalist Nəsir İmanquliyevin ömür yolundan bəhs edilir. Vurğulanıb ki, burada toplaşanların böyük əksəriyyəti, sözün həqiqi mənasında, mətbuat fədaisi olan Nəsir müəllimin tələbələri, onu yaxından tanıyan insanlardır. Kitabda onunla bağlı çoxsaylı fikirlər, xatirələr toplanıb. Dövrünün görkəmli şəxsiyyətləri - Üzeyir bəy Hacıbəyli, Niyazi, Qara Qarayev, Rəsul Rza, İmam Mustafayev, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Şirməmməd Hüseynov və başqaları onun haqqında yüksək fikirlər söyləyiblər. Kitaba, həmçinin Nəsir İmanquliyevin ictimai-siyasi, elmi-pedaqoji, təşkilatçılıq və dövlət fəaliyyətini əks etdirən arxiv sənədləri də daxil edilib.

Diqqətə çatdırılıb ki, Nəsir İmanquliyev mətbuatda hələ tələbəlik illərindən çıxış etməyə başlayıb. Neft Texnikumunda oxuduğu vaxtlar "Kommunist”, "Yeni yol”, "Gənc işçi” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilib. Burada "Döyüşən Krım” qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. Bir il sonra arxa cəbhəyə göndərilərək "Kommunist” qəzetində məsul katib işləyib və vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış edib. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda, Filologiya fakültəsində təhsilini davam etdirib.

Ustad jurnalistin Azərbaycan mətbuatına gətirdiyi yeniliklər sayəsində azad sözə, fikrə daha çox yer ayrılıb və oxuculara daim ən son xəbərlər çatdırılıb. "Bakı” və "Baku” qəzetlərinin səhifələrində paytaxtda baş verən yeniliklərlə yanaşı, həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılıb. O dövrdə həmin qəzetlərə işə qəbul olunmuş gənclər bu gün jurnalistika sahəsində tanınmış simalardır. Nəsir İmanquliyev həm peşəkar redaktor, həm də təcrübəli müəllim kimi tələbə jurnalistlərin yaradıcılığına geniş imkan yaradırdı. Nəsir müəllimin məktəbi bu gündavam edir.

Qeyd edək ki, kitab "TuranBank”ın "Dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində nəşr olunub. Kitabın elmi redaktoru professor Cahangir Məmmədli, redaktoru "Bakı” və "Baku” qəzetlərinin baş redaktoru Ağahüseyn Hüseynov, layihənin icraçısı filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilidir.

 

Azərbaycan.- 2020.- 15 fevral.- S. 5.