Çindən təxliyə edilib Ankarada karantində saxlanılan vətəndaşlarımız
Azərbaycana yola salınıblar
Çinin Uxan şəhərindən Türkiyəyə təxliyə edilib Ankarada karantində saxlanılan, biri azyaşlı olmaqla altı vətəndaşımız təyyarə ilə Azərbaycana yola salınıblar.
AZƏRTAC xəbər verir ki, təxliyə olunan vətəndaşlarımız saxlanıldıqları xəstəxananı tərk edəndən sonra Ankarada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda olub, Ulu Öndərin abidəsi önünə güllər düzüb, xatirəsini yad ediblər. Onlar ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşları tərəfindən Ankarada fəaliyyət göstərən "Buta-Bakı” Azərbaycan Tanıtma Evindən Vətənə yola salınıblar.
Uxan şəhərindən təxliyə edildikləri üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini bildirən vətəndaşlarımız həyata keçirilən prosesi iki ölkənin və xalqın qardaşlığının bariz nümunəsi kimi dəyərləndiriblər.
Təxliyə olunan vətəndaşlarımız adından təşəkkürlərini ifadə edən Tural Cəfərov və Leyla Quliyeva təxliyə prosesi və karantin dövründə Azərbaycan və Türkiyə dövlətlərinin diqqət və qayğısını hiss etdiklərini bildiriblər.
Qeyd edək ki, Çindən təxliyə edilən və aralarında altı Azərbaycan vətəndaşının da olduğu şəxslər könüllü şəkildə Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmin şəxslərdə koronavirus aşkarlanmayıb. Xüsusi nəzarətdə saxlanılan şəxslərin hamısı fevralın 14-də normal həyata qayıdıblar.
* * *
Çin Xalq Respublikasının Uxan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar Türkiyəyə təxliyə olunmuş Azərbaycan vətəndaşları fevralın 15-də Bakıya çatıblar.
Təxliyə olunmuş vətəndaşlarımız - Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov və Elşən Musazadə Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.
Çində təhsil alan azərbaycanlı doktorant Leyla Quliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində göstərilən dəstəyə və qayğıya görə təxliyə olunan həmvətənlərimiz adından Prezident İlham Əliyevə və Türkiyə dövlətinə minnətdarlıq edib. "Dövlətimizin qüdrətindən irəli gəlir ki, biz səkkiz günə Çini tərk edə bildik. Bizim kimi az ölkə var ki, vətəndaşlarını oradan çıxara bilib”, - deyə o bildirib.
L.Quliyeva deyib ki, karantin bitəndən sonra Türkiyənin Səhiyyə naziri sağlamlıq haqqında arayışları onlara şəxsən təqdim edib: "Bunun üçün Türkiyənin Səhiyyə Nazirliyinə təşəkkür edirik. Bizə çox yaxşı xidmət göstərdilər”.
Qeyd edək
ki, Uxandan təxliyə
olunan Azərbaycan vətəndaşları
Ankaradakı Doktor Zekai
Tahir Burak Qadın
Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında
karantində olublar.
Azərbaycan.-
2020.- 16 fevral.- S.4.