2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
12 fevral 2020-ci il tarixli 115 saylı müraciətə
baxılması barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar 24/182
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxışov Qəzənfər İsamməd oğlu 2020-ci il fevralın 12-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək müraciətin aidiyyət qaydalarının pozulması ilə daxil olduğu müəyyən edilərək bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə görə müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə əsasən qərara alır:
1. 34 saylı Xətai ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxışov Qəzənfər İsamməd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 115 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.02.2020
Azərbaycan.- 2020.- 16 fevral.- S.6.