2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 134 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Qərar 24/216

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə seçki günü 31 saylı Suraxanı ikinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak etmiş Aşurova Tükəzban Cavanşir qızı 2020-ci il fevralın 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin 9 saylı seçki məntəqəsində qanun pozuntularının baş verdiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və səsvermənin nəticələrinin yenidən hesablanmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Aşurova Tükəzban Cavanşir qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il 134 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

15.02.2020

 

Azərbaycan.- 2020.- 16 fevral.- S.10.