İlham Əliyevin Paşinyana növbəti
ustad dərsi
Azərbaycan Prezidenti yüzillik erməni yalanını beynəlxalq
miqyasda bir daha ifşa etdi, Ermənistan baş nazirini isə yenə də "öz dilindən yandırıb” gülüş hədəfinə çevirdi
"Mən bura həqiqətləri deməyə gəlmişəm” - Münxen debatında İlham Əliyevin səsləndirdiyi bu fikir müzakirələrin həm əsas leytmotivini təşkil etdi, həm də nəticənin müəyyənləşməsində mühüm rol oynadı. Müzakirələrin gedişində erməni baş nazir nə qədər mətləbdən yayınıb, ənənəvi erməni üslubunda yalanlar söyləsə də, Azərbaycan Prezidenti öz həqiqətləri ilə onu ifşa etdi, hətta çaşdırdı və aciz duruma saldı.
Nəticə isə ən böyük həqiqəti ortaya qoydu: artıq erməni saxtakarlığı keçmir və Azərbaycan Prezidentinin hücumçu diplomatiyası dünya erməniliyini darmadağın edir.
İlham Əliyev əzmi: Hyustondan
Münxenədək...
İlham Əliyev erməni lobbisinin onilliklər boyu meydan suladığı, erməni rəhbərlərinin yalanlarını mütləq həqiqət kimi qəbul edən, məmləkətimiz barədə bədnam niyyətlərin gerçəkləşdiyi digər məkanlarda olduğu kimi, Münxen Konfransında da ardıcıl diplomatik qələbəsini əldə etdi.
Qeyd edək ki, beynəlxalq platformalarda indiyədək dəfələrlə Azərbaycan və Ermənistan rəhbərlərinin debatlarının təşkili təşəbbüsü olub. Lakin erməni rəhbərləri daim bu müzakirələrdən qaçıblar.
Əslində, onları qınamaq da mümkün deyil! Çünki qarşılarında diplomatiyanın möhtəşəm cahangirlərindən birinin - İlham Əliyevin olduğunu dərk edən kimsə yalnız yalan və saxtakarlığa güvənib debata çıxarmı?!.
Hələ 1994-cü ildə adi məmur ranqında Hyustonda dünyanın ən azman neft maqnatlarının qarşısında Azərbaycan xalqının maraqlarını əzmlə qoruyan və onları öz mənafelərini o qədər də təmin etməyən müqaviləni imzalamağa razı salan bir insanın 26 il ərzində daha hansı üst səviyyəyə yüksəldiyini müəyyənləşdirmək üçün qeyri-adi istedada lüzum varmı?!.
SOCAR-ın vitse-prezidenti İlham Əliyev XX əsrdə BP, AMOKO, SHELL rəhbərlərinin müqavimətini qırırdı...
Prezident İlham Əliyev XXI əsrdə tam müstəqil siyasət yürüdərək coğrafi xəritədə nöqtə boyda olmayan bir dövləti - Azərbaycanı fövqəlgüclərin və böyük dövlətlərin təsir-təzyiqlərindən inamla qoruyur, onları dəf edir...
Avropanın enerji təhlükəsizliyini təmin edən, dünyanın enerji xəritəsinin müəyyənləşməsində əsas aktorlardan olan, Azərbaycanı Qafqazın şəriksiz liderinə və qlobal logistika-nəqliyyat qovşağının mərkəzinə çevirən bir liderin qarşısına Münxendə çıxan macəraçının siyasi iflası da elə əvvəldən qaçılmaz idi.
İlham Əliyevin böyük inqilabı,
Paşinyanın "mikro”
avantürası
Etiraf edək, Paşinyan mükəmməl erməni yalanı dəzgahının istehsalı kimi özünün "inqilabçı” obrazını beynəlxalq miqyasda az-çox tanıda bilib. Amma Azərbaycanın 1988-1993-cü illərdəki "çayxana inqilabçıları”nın siyasi əkizi olan baş nazirin siyasətdə və dövlət aparatında təsadüfi olduğunu elə onun öz əməlləri, əsasən isə İlham Əliyevin ifşaları təsdiq edir. Artıq Paşinyanın "islahatçı kürkü” yırtılıb...
İki il öncə kriminal rejimdən narazı xalqın üsyanından və həmin dövrdə ciddi lidersizlik böhranından sui-istifadə edərək hakimiyyəti qəsb edən Paşinyan sələflərinin yalnız cinayətkar və talançı idarəçilik üslubunu davam etdirmir, həm də onların Qarabağ probleminin həlli istiqamətindəki yanlış yanaşmasını, ən çox elə erməni xalqına ziyan vuran siyasətini yürüdür. Artıq Paşinyanın "inqilabının” əslində, Köçəryan-Sarkisyan iqtidarlarının yarıtmazlığının daha geniş miqyasda davamı olduğunu Ermənistandan Qərbədək bilməyən yoxdur...
İlham Əliyev Paşinyanın siyasətdə təsadüfi və uğursuz adam olduğunu, dövlət başçısı kimi yetkinləşmədiyini dörd ay öncə Aşqabadda MDB liderlərinin qarşısında sübut etmişdi, açıq deyək, onu rəzil duruma salmışdı. İlham Əliyevin Paşinyana ironiyasına bütün prezidentlər gülmüşdü, yalanlarının ifşasını isə məmnunluqla izləmişdilər...
Şübhəsiz, Paşinyan İlham Əliyevlə növbəti müzakirəyə sanki bir döyüş kimi hazırlaşmışdı. Amma artıq 26 ildir ki, İlham Əliyevlə döyüşün hansında qaliblə məğlubların yeri dəyişib?!.
Təsadüfi deyil ki, Paşinyan çıxışına guya həyata keçirdiyi "inqilabları” yada salmaqla başladı, müzakirələrin gedişində isə bu mövzuya heç kimin toxunmamasına görə hətta auditoriyanı məzəmmət də etdi. Baş nazir bu yalanla yenə də imitasiyaya çalışırdı. Amma indi bu ucuz gedişlər alınmır. Paşinyanın "böyük inqilabçı” obrazı Qərbdə də sabun köpüyünə dönüb, onun "mikroinqilabları” nəinki maraq doğurmur, hətta ironiya hədəfinə çevrilir.
Çünki artıq MDB də, Avropa da, ABŞ da tarixin ən qüdrətli Azərbaycanının timsalında İlham Əliyevi ən böyük inqilabçı, bugünkü müflis, səfil, forpost Ermənistanın nümunəsində isə Paşinyanı böyük siyasi avantürst kimi tanıyır, qəbul edir!..
İlham Əliyevin həqiqətləri və sarkazmları
Paşinyanın çıxışının tamamilə yalan və saxtakarlıq üzərində qurulmasını desək, yəqin ki, Amerika kəşf etmiş olmarıq. Baxmayaraq ki, Paşinyan Amerikanın kəşfini də babalarının adına çıxır, "Böyük Tiqran dövrü” nağıllarından həvəslə danışır...
Elə İlham Əliyev də erməni yalanlarını yalnız tarixi faktlarla deyil, həm də ironiya, sarkazmla ifşa etdi.
Azərbaycan Prezidenti əsrlər boyu bütün dünyada səslənən, qəbul edilən, rəsmi münasibətlərdə əksini tapan erməni yalan mexanizmini süquta uğratmaqla yanaşı, həm də:
- Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu;
- ermənilərin bu ərazilərə sonradan köçürüldüyünü;
- bütün hüquqi-inzibati sənəd və qərarlarda Dağlıq Qarabağın daim Azərbaycan torpağı kimi tanındığını;
- müasir beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını birmənalı qəbul etdiyini;
- münaqişənin nizamlanmasında hər iki tərəfin maraqlarını və sabahını təmin edəcək ən optimal seçimin məhz mərhələli həll variantı olduğunu;
- Xocalı faciəsinin müasir dünyanın ən amansız soyqırımlarından biri kimi beynəlxalq miqyasda qəbul edildiyini;
- Azərbaycanın unikal multikultural və tolerant mühitində erməni xalqının bütün etnik identifikliyini qoruyacağını bəyan və isbat etdi!
Münxen debatının əsas nəticələri
Paşinyanın bəxti onda gətirdi ki, debata qısa vaxt ayrılmışdı. Uğradığı rəzalətin yaratdığı beynəlxalq rezonans isə olduqca böyükdür. Xarici dövlətlərlə yanaşı, öz ölkəsində üzləşdiyi məzəmmət, kəskin etirazlar, ermənilərin öz rəhbərlərinin Azərbaycan Prezidenti qarşısında gülünc və çıxılmaz duruma düşdüyünü açıq bəyan etmələri baş nazirin siyasi iflasıdır.
Amma Münxen debatının daha mühüm nəticələri var.
İlham Əliyev Paşinyana siyasət, tarix, hüquq, diplomatiya və ədalət dərsi keçdi, sonra isə imtahandan kəsdi...
İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi, onu çaşdırdı, çıxılmaz vəziyyətə və aciz duruma saldı...
İlham Əliyev Paşinyanın simasında bütün dünyaya sübut etdi ki, Ermənistan işğalçı dövlətdir, Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsdiq edən hər hansı bir fakt, sənəd yoxdur...
İlham Əliyev Paşinyanın timsalında nümayiş etdirdi ki, artıq dünya erməniliyinin mövqeyi çox zəifdir, erməni pafosu, yalanı, demaqogiyası daha hədəfə çatmır...
İlham Əliyev Paşinyanın kəkələməsi, acizliyi kontekstində göstərdi ki, Azərbaycanın 20 illik hücumçu diplomatiyası erməni lobbisinin 200 illik şər maşını üzərində tam qalibdir...
İlham Əliyev Paşinyanın üslubunu ifşa edərək göstərdi ki, dövlət başçılarının əsl lider, yaxud təsadüfi rəhbər olması onların öz xalqlarının sabahını, müqəddəratını necə müəyyənləşdirəcəyini təmin edən əsas amildir...
İlham Əliyev Münxen debatında yalnız dünya erməniliyinə növbəti sarsıdıcı zərbə vurmadı, həm də Paşinyanın siyasi maskasını cırıb atdı...
İlham Əliyevin Paşinyanı dəfələrlə məsxərəyə qoyması, gülüş obyektinə çevirməsi bu debatın ovqatını da, psixoloji üstünlüyün kimdə olmasını da aydın nümayiş etdirdi...
Və beləliklə, İlham Əliyevin növbəti "master-klası” - ustad dərsi diplomatiya salnaməsinə həkk olundu...
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2020.- 18 fevral.- S.1-2.