2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 223 saylı müraciətə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Qərar ¹ 25/250

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Mirişov Sakit Fərhad oğlu və digərləri 2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək adıçəkilən seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia etmiş və araşdırma aparılaraq müvafiq tədbir görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş şikayətvermə müddətinin ötürülməsi ilə daxil olmuş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə və müvafiq Təlimatın 7.10.2-ci yarımbəndinə əsasən şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4.1.2-ci və 7.10.2-ci yarımbəndlərinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Mirişov Sakit Fərhad oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 223 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə daxil olduğundan müraciət etmiş şəxslərə geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

17.02.2020

 

Azərbaycan.- 2020.- 18 fevral.- S.7.