2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
14 fevral 2020-ci il tarixli 181 saylı müraciətə
baxılması barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
25/253
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 110 saylı Zaqatala seçki dairəsi üzrə qeydə alınmış namizəd Həsənli Fariz Ramazan oğlu 2020-ci il fevralın 14-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia etmiş və araşdırma aparılaraq müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş şikayətvermə müddətinin ötürülməsi ilə daxil olmuş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə və müvafiq Təlimatın 7.10.2-ci yarımbəndinə əsasən şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4.1.2-ci və 7.10.2-ci yarımbəndlərinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 110 saylı Zaqatala seçki dairəsi üzrə qeydə alınmış namizəd Həsənli Fariz Ramazan oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 fevral 2020-ci il tarixli 181 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə daxil olduğundan müraciət etmiş şəxsə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2020
Azərbaycan.-
2020.- 18 fevral.- S.7.