2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
14 fevral 2020-ci il tarixli 166, 167, 168 və 172 saylı müraciətlərə
baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 25/260
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Rəhimli Səməd Şahin oğlu, Qasımzadə Nicat Ərrəhman oğlu və Hacıyeva Vəsilə Cümşüd qızı 14 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 36/1 saylı qərarını mübahisələndirmiş, seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən birgə icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Müraciət etmiş deputatlığa qeydə alınmış namizədlər müraciətlərində səsvermə günü 34 saylı Xətai ikinci seçki dairəsinin 1, 2, 3, 4, 15, 18, 19, 20, 21, 22, 23, 24, 30, 34 və 35 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, adları seçici siyahılarında olmayan seçicilərin səs verməsini, bir şəxsin bir neçə dəfə səs verməsinə şəraitin yaradılmasını, seçki bülletenlərinin topa şəkildə seçki qutularına atıldığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişlər. Ərizəçilər müraciətə mübahisələndirilən seçki məntəqələri (1, 2, 3, 4, 18, 20, 30 və 35 saylı) üzrə səsvermənin nəticələrinə dair protokolların surətlərini, fotoşəkillər və elektron məlumat daşıyıcısılarını əlavə etmişlər.
Ərizəçilərin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə və seçicilərin iradəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış nəticəsində yalnız 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollardakı məlumatlarda fərqlər aşkarlanmışdır. Müqayisəli araşdırma zamanı bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilmişdir. Ərizəçilər tərəfindən təqdim edilən 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun surəti məntəqə seçki komissiyası tərəfindən müvafiq qaydada təsdiq edilmədiyindən araşdırma predmeti olmamışdır.
Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab ediləməli olan seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir.
Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 7, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 36-dır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:
- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;
- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, seçki dairəsinin 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1- ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Rəhimli Səməd Şahin oğlu, Qasımzadə Nicat Ərrəhman oğlu və Hacıyeva Vəsilə Cümşüd qızının 14 fevral 2020-ci il tarixli 166, 167, 168 və 172 saylı müraciətləri qismən təmin edilsin.
2. 34 saylı Xətai ikinci seçki dairəsinin 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2020
Azərbaycan.- 2020.- 18 fevral.-
S.8.