2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
14 fevral 2020-ci il tarixli 188 saylı müraciətə
baxılması barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
25/268
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə)
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Yusifova Sevil Şərif qızı 2020-ci il
fevralın 14-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) yazılı müraciət etmiş, dairə
seçki komissiyasının hərəkətsizliyini
mübahisələndirərək pozulmuş
hüquqlarının bərpa olunmasını xahiş
etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən
araşdırılaraq rəy verilmiş və komissiyanın
iclasında baxılmışdır.
Araşdırma ilə əlaqədar
qeydə alınmış namizədlə əlaqə
saxlanılmış, onun həm araşdırmada, həm də
Mərkəzi Seçki Komissiyasının iclasında
iştirak etmək və digər hüquqları izah
edilmişdir.
Qeydə alınmış namizəd
şikayətini onunla əsaslandırır ki, səsvermə
günü baş verən qanun pozuntuları ilə əlaqədar
10 fevral 2020-ci il tarixdə 38 saylı Nizami ikinci (Gəncə)
seçki dairəsi dairə seçki komissiyasına (dairə
seçki komissiyası) rəsmi ərizə ilə müraciət
etsə də, hələ də ərizəsinə cavab verilməyib.
Dairə seçki komissiyası sədrinin izahatından və dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 53/143-1 saylı qərarından məlum olur ki, qeydə alınmış namizəd S.Ş.Yusifovanın müraciətinə 2020-ci il fevralın 13-də baxılmış, araşdırmaya və iclasa dəvət edilsə də nə özü, nə də nümayəndəsi gəlmədiyindən şikayət üzrə qəbul olunmuş qərar elə həmin gün poçt vasitəsilə şikayətçinin ünvanına göndərilmişdir. Bu hal araşdırmaya təqdim olunmuş müvafiq poçt qəbzi ilə də təsdiq olunur.
Beləliklə, aparılmış araşdırma ilə qeydə alınmış namizəd S.Ş.Yusifovanın müraciəti əsassız olduğundan onun təmin olunması üçün hüquqi əsaslar yaranmadığından təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci,112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə qeydə alınmış namizəd Yusifova Sevil Şərif qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 fevral 2020-ci il tarixli 188 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2020
Azərbaycan.-
2020.- 18 fevral.- S.9.