2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
14 fevral 2020-ci il tarixli 183 saylı müraciətə
baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar №
25/275
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 125 saylı Zəngilan-Qubadlı
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Əsədli Anar Əsəd oğlu 2020-ci il
fevralın 14-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) yazılı müraciət edərək həmin
dairə seçki komissiyasının hərəkətsizliyini
mübahisələndirərək pozulmuş
hüquqlarının bərpa olunmasını xahiş
etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən
araşdırılaraq rəy verilmiş və komissiyanın
iclasında baxılmışdır.
Araşdırma ilə əlaqədar
qeydə alınmış namizədlə əlaqə
saxlanılmış, onun həm araşdırmada, həm də
Mərkəzi Seçki Komissiyasının iclasında
iştirak etmək və digər hüquqları izah
edilmişdir.
Qeydə alınmış namizəd A.Ə.Əsədli müraciətində bildirmişdir ki, səsvermə günü 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntuları barədə 2020-ci il fevralın 10-da dairə seçki komissiyasına rəsmi ərizə ilə müraciət etmiş, dairə seçki komissiyası müraciətə baxılmasının nəticəsi barədə ona məlumat verməmişdir. Elə bu səbəbdən də o, komissiyanın hərəkətsizliyindən Mərkəzi Seçki Komissiyasına şikayət etmişdir.
Dairə seçki komissiyası sədrinin izahatından və dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli arayışından məlum olur ki, qeydə alınmış namizəd A.Ə.Əsədlinin müraciətinə 2020-ci il fevralın 10-da dərhal baxılmış, qərarın surəti onun səlahiyyətli nümayəndəsi Saleh Həsənov 2020-ci il fevralın 15-də götürmüşdür.
Beləliklə, qeydə alınmış namizəd A.Ə.Əsədlinin müraciəti əsassız olduğundan onun təmin olunması üçün hüquqi əsaslar yaranmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Əsədli Anar Əsəd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 fevral 2020-ci il tarixli 183 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2020
Azərbaycan.-
2020.- 18 fevral.- S.9.