Qaradağlı faciəsinin 28-ci ildönümü
qeyd edilib
Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 28 il keçir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər Qaradağlı faciəsinin ildönümü münasibətilə “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər, N saylı hərbi hissənin zabit və əsgərləri abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Burada keçirilən tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Qaradağlı kənd sakinləri çıxış edərək, 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, erməni hərbi birləşmələrinin 28 il əvvəl Qaradağlı kəndində törətdikləri vəhşiliklərdən, kənd özünümüdafiə dəstəsinin düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparmasından danışıblar.
Bildirilib ki, Qaradağlı sakinləri ermənilərə qarşı inadlı müqavimət göstərib, doğma torpağın hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilib. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib.
1992-ci il fevralın 14-də erməni quldurları Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə qədim Azərbaycan kəndi olan Qaradağlıya hücum ediblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə aparıb. Fevralın 17-də silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüb, kənd işğal edilib. Əsir götürülən kənd sakinlərinə işgəncələr verilib, onlardan 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Çıxışlarda
Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir
silahlarla təchiz edilmiş,
yüksək nizam-intizamlı, işğal
altında olan torpaqları azad
etməyə qadir ordunun
formalaşdığı bildirilib. İşğal altında olan
torpaqlarımızın Azərbaycan Ordusunun
qüdrəti, Prezident, Ali
Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində
azad olunacağına əminlik ifadə
edilib.
Azərbaycan.-
2020.- 18 fevral.- S.11.