Prezident İlham Əliyev:
“Əminəm ki, ilin sonunda biz şəhər nəqliyyatını
daha da inkişaf etmiş halda görəcəyik”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.
AZƏRTAC xəbər verir ki, son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışan Prezident İlham Əliyev dedi:
- Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur.
Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar.
Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır.
Şəhər nəqliyyatı ilə bağlı digər tədbirlər də görülür və görüləcəkdir. Eşitmək istərdim ki, keçən il görülmüş əsas işlər nədən ibarət idi? Bu il neçə yeni avtobus gətiriləcək və şəhər nəqliyyatında hansı yeniliklər olacaq?
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dedi:
-Çox sağ
olun, cənab Prezident. Keçən il
Bakı şəhərində fəaliyyət göstərən
2200 avtobusla 801 milyon sərnişin daşınıb. Ümumi daşıyıcıların sayı 65-dən
37-yə endirilib. Yəni, iki avtobusu olan
şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək
istəyirdilər. Aydın məsələdir
ki, onlar insanların rahatlığı üçün deyil,
öz maraqları naminə fəaliyyət göstərirdilər.
Biz onların sayını müəyyən tələblər
əsasında 65-dən 37-yə endirdik. Ümumilikdə,
beş il ərzində 855 avtobus yenilənib.
Bunlardan 600-ü Sizin
tapşırığınızla xarici ölkələrdən
gətirilib. Daşıyıcılar tərəfindən
də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında
295 müasir avtobus gətirilib. Ümumilikdə
bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib.
Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın
üç ildə parkın yenilənməsini 100 faizə
çatdırmağı planlaşdırırıq.
Eyni zamanda, məlumat
üçün bildirim ki, bizim gətirdiyimiz yeni avtobuslar ətraf
mühitə daha az zərər verən
sıxılmış təbii qazla (STQ) işləyir.
Dünyanın bir sıra böyük şəhərlərində
STQ ilə az sayda avtobus işləyir. Məsələn, Vyanada STQ ilə işləyən
avtobuslar, ümumiyyətlə, yoxdur. Berlində bu istiqamətdə
pilot layihənin tətbiqinə başlanılıb. Moskvada 6475 avtobusdan 319-u, İstanbulda isə 3070
avtobusdan 239-u STQ ilə işləyir. Amma
bizdə 2200 avtobusdan 600-ü artıq STQ ilə fəaliyyət
göstərir. Daşıyıcılara
da göstəriş verilib ki, STQ ilə işləyən
avtobuslar gətirsinlər. Çünki
benzinlə və dizel yanacağı ilə işləyən
avtobuslar şəhərdə orta sürətlə hərəkət
etdiyi üçün ətraf mühitə daha çox ziyan
vurur.
Bu il
üçün daha bir yenilik müxtəlif yerlərdə
avtobuslar üçün habların yaradılması olacaq. Siz keçən ilin sentyabr ayında "Koroğlu”
habının açılışında bu barədə
tapşırıq vermisiniz.
Avtobus sürücüləri ilə
bağlı əsas problemlərdən biri onların peşə
hazırlığına və iş rejiminə
daşıyıcılar tərəfindən ciddi nəzarət
olunmamasıdır. Biz bu problemin üzərində
işləyirik. Bu məqsədlə
Sürücü Təlim Mərkəzi yaradılıb və
Siz onun açılışında iştirak etmisiniz. İndiyədək 2800-dən çox avtobus
sürücüsü Mərkəzdə təlim keçib.
Yol infrastrukturu üzrə də
bir sıra işlər görülüb. Avtobusların,
təcili tibbi yardım və yanğınsöndürən
maşınların tıxaclarda qalmaması, eyni zamanda, fasiləsiz
hərəkətini təmin etmək üçün yollarda
xüsusi zolaqlar ayrılıb. Bundan əlavə,
2018-ci ildə taksi xidmətinə dair yeni tələblər
müəyyənləşdirilib. Bu tələblərdə
şəhərdə və hava limanında hansı növ
taksilərin fəaliyyət göstərməsi, tariflər əksini
tapıb. Cənab Prezident, biz bu ilin birinci
yarısında bütün marşrut xətlərində
işləyən avtobuslarda ödənişin kart sistemi ilə
aparılmasını təmin edəcəyik. Bu isə Sizin
tapşırdığınız kimi, kölgə
iqtisadiyyatının, eyni zamanda, qeyri-formal iş rejiminin aradan
qaldırılmasına, sürücülərin 8 saatdan
artıq işləməsinin qarşısının
alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin
şəffaflaşmasına imkan yaradacaqdır.
Ümumilikdə bizim əsas məqsədimiz
sərnişinlərin daha az vaxt sərf edərək
mənzilbaşına rahat, təhlükəsiz
çatmasıdır. Bunun üçün nəinki
Bakı Nəqliyyat Agentliyi, eyni zamanda, ictimaiyyət də fəal
olmalıdır. Çünki şəxsi
nəqliyyat vasitəsilə bir nəfər gedir, avtobusda isə
70-80 nəfərə qədər sərnişin olur. O
bir nəfər avtomobilini yolda qeyri-qanuni park etdiyinə görə,
avtobusun hərəkəti üçün çətinliklər
yaradır. Son zamanlar parkinqlə bağlı cərimələrə
görə insanların müəyyən
narazılıqları olur. Amma Bakı
paytaxt şəhərimizdir, bütün ölkələrin
paytaxt şəhərlərində olduğu kimi, bizdə də
insanlar avtomobillərini istədikləri yerlərdə park edə
bilməzlər. Çünki əsas
ictimai nəqliyyatdır, biz gün ərzində 2 milyon 200 sərnişin
daşıyırıq. Sakinlər, əsasən,
ictimai nəqliyyatdan istifadə edirlər. Ona
görə, Sizin tapşırığınıza əsasən,
biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin
rahatlığını təmin etməyə
çalışırıq.
Prezident İlham
Əliyev:
Əlbəttə, şəhər nəqliyyatının təkmilləşdirilməsi
hər bir böyük şəhər üçün önəmli
məsələdir. Şadam ki, son illər ərzində
Bakı şəhərində görülmüş işlər
kompleks xarakterlidir və bu işlər nəqliyyatla
bağlı bütün sahələri əhatə edir.
Çox yaxşı haldır ki, hazırda
bütün nəqliyyat növləri arasında koordinasiya
işləri də aparılır. Hesab
edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti
mərhələdə bir-biri ilə daha da sıx əlaqədə
olmalıdır. Əsas məsələ
tıxacların azaldılmasıdır. Əlbəttə
ki, bunun üçün təkcə yeni yolların çəkilişi,
yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra
bilmərik. Amma o da həqiqətdir ki, əgər son
10-12 il ərzində Bakıda böyük
yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün
şəhər nəqliyyatı tıxacdan tərpənə
bilməzdi. Bu, həqiqətdir. Sadəcə,
10 il bundan əvvəl mövcud olan mənzərəyə
qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və
bilsin. Bizim əsas nəqliyyat damarlarımız
demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən
əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində,
ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə
mövcud idi. Ancaq bu gün bir dənə
də dairə yoxdur, yəni hava limanından şəhərə
çox rahat gəlmək üçün bütün
imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil
yolunun çəkilişi də böyük əhəmiyyət
daşıyır. Zığ istiqamətindən hava
limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs
göstərərək onu icra etdik və bu, bir çox məsələləri
həll etdi. Eyni zamanda, deyə bilərəm ki,
son illərdə Bakı şəhərində
görülmüş işlərin, tikilmiş körpülərin,
yol qovşaqlarının bəlkə də misli-bərabəri
yoxdur.
Ancaq bununla yanaşı, nəqliyyat
vasitələrinin sayı artır. Bu da əhalinin
yaşayış səviyyəsinin
yaxşılaşdırılmasından xəbər verir.
Statistika var, hər il ölkəmizə gətirilən
və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat
vasitələrinin sayı artmaqdadır. Əhalimiz
artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız
bu artıma uyğun şəkildə inkişaf etməlidir və
bu artımla uzlaşmalıdır. Odur ki,
bundan sonra metro tikintisi, yeni qovşaqların inşası,
Bakı dairəvi dəmir yolunun çəkilişinin
başa çatdırılması, avtobus nəqliyyatının
səmərəli fəaliyyəti - bütün bu nəqliyyat
seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi
vaxtın azaldılmasıdır.
Bununla bərabər, bəlkə də
bundan daha vacib məsələ təhlükəsizlikdir,
sürücülərin hazırlanmasıdır, onların
tibbi müayinəsi və iş qrafikidir. Mən bu
yaxınlarda bildirdim ki, heç kim gündə
8 saatdan artıq işləməməlidir. Əgər
kimsə işçiləri qanunsuz işlədirsə,
istismar edirsə, cəzasını alacaq. Əlbəttə,
əminəm ki, Bakı Nəqliyyat Agentliyində
çalışan sürücülər bu meyarlara riayət
edirlər. İnsanların
rahatlığı da vacib məsələdir.
İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss
edirlər. Prinsip etibarilə elə bir avtobus
xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat
vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə
hərəkət etməyə üstünlük versinlər.
Hesab edirəm ki, biz bu hədəfə
yaxınlaşırıq. Əlbəttə,
növbəti illərdə avtobus parkının təzələnməsi
istiqamətində əlavə tədbirlər görüləcək
və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən
yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir.
Çünki sirr deyil ki, havanı ən
çox çirkləndirən nəqliyyat vasitələridir.
Sənaye müəssisələri, ticarət
obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir.
Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal
olunacaq "Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə
çox böyük irəliləyişə səbəb
olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik
enerjisi ilə işləyən avtobusların ölkəmizə
gətirilməsi, bunun üçün müvafiq infrastrukturun
yaradılması zəruridir. Ona görə bu
istiqamətdə əlavə addımlar atılmalıdır.
Bir də maraqlanmaq istəyirəm,
- indi şəhərin mərkəzi hissələrində
avtobus xidməti kifayət qədər səmərəlidir, -
qəsəbələrdə vəziyyət necədir? Qəsəbələrdə
avtobus nəqliyyatı ilə bağlı hər hansı bir
problem varmı? Varsa, onların həlli
üçün nə etmək lazımdır?
Vüsal Kərimli:
Cənab
Prezident, son zamanlar qəsəbələrdə bəzi evlərin
yollara yaxın tikilməsi yol infrastrukturunda bir az
çətinliklər yaradıb. Biz bu ilin
doqquzuncu ayından sonra qəsəbələri onların yol
ölçülərinə, dönmə dərəcələrinə
görə mərhələli şəkildə avtobuslarla təmin
edəcəyik. Çünki 12 metrlik
avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət
edə bilmir. Sizin tapşırığınıza əsasən
bu il alınacaq 415 avtobusdan 115-i artıq
sifariş edilib, 300-ü isə tenderə
çıxarılacaq. Orada biz 8 və 9 metrlik
avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı
və qəsəbələrdaxili hərəkət
üçün daha təhlükəsiz, onların yoluna
uyğun olsun. Eyni zamanda, mart ayında
daşıyıcılar tərəfindən də 50-yə
yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində
xətlərə buraxılması nəzərdə tutulur.
Qəsəbələrin yol infrastrukturuna dair
layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə
birgə hazırlayırıq. Bu istiqamətdə
də işlər yekunlaşacaq.
Biz qəsəbələrdə
əsasən kiçik hablar yaratmaq istəyirik. Bu kiçik
habları Siz qeyd etdiyiniz kimi, dairəvi dəmir yolunun ətrafında
yaratmaq istəyirik ki, bir-biri ilə əlaqəli olsun. Vətəndaş haba gələndən sonra şəhərə
istəsə dəmir yolu ilə, istəsə də avtobusla
gedə biləcək.
Prezident İlham Əliyev: Elədir. Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız. Ona görə, parkinqlə bağlı soruşmaq istəyirəm. Vəziyyət necədir və bu il hansı addımlar gözlənilir?
Vüsal Kərimli: Bu il biz parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun. Çünki şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə Molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. "B” zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb Sizə təqdim edəcəyik.
Prezident İlham Əliyev: Yaxşı,
bu il görüləsi işlər çoxdur. Əminəm
ki, ilin sonunda biz şəhər nəqliyyatını daha da
inkişaf etmiş halda görəcəyik. Çünki bir
daha demək istəyirəm, bu, insanların
sağlamlığı, təhlükəsizliyi,
rahatlığı üçündür. Onu da bildirməliyəm
ki, dövlət xətti ilə böyük məbləğə
alınan avtobuslar, əlbəttə, kommersiya baxımından
bəlkə də 10 il, 20 ildən sonra özünü
doğruldacaq. Biz bunu ona görə edirik ki, insanlar şəhər
nəqliyyatından, avtobuslardan təhlükəsizlik şəraitində
və rahat şəkildə istifadə etsinlər.
Azərbaycan.-
2020.- 19 fevral.- S.1-2.