2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 221 saylı müraciətə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Qərar ¹ 26/283

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Quliyev Telman Nüsrət oğlu 2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia etmiş, dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma prosesində namizəd Quliyev Telman Nüsrət oğlu 2020-ci il fevralın 18-də Mərkəzi Seçki Komissiyasına gəlmiş, ərizə ilə yazılı müraciət edərək müraciətindən imtina etdiyini bildirmişdir. Bu səbəbdən Quliyev Telman Nüsrət oğlunun 2020-ci il tarixli 221 saylı müraciətinə baxılmasına xitam verilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Quliyev Telman Nüsrət oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 221 saylı müraciətinin araşdırılmasına xitam verilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

18.02.2020

 

Azərbaycan.- 2020.- 19 fevral.- S.4.