2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
14 fevral 2020-ci il tarixli 196 saylı müraciətlərə
baxılması barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
26/293
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 29 saylı Səbail
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Haciyev Bəxtiyar İlyas oğlu 2020-ci il
fevralın 15-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) müraciət etmiş, fevralın 16-da isə həmin
şikayətə əlavə olaraq 29 saylı Səbail
seçki dairəsi dairə seçki komissiyasının
(dairə seçki komissiyası) 15 fevral 2020-ci il tarixli 14/52
saylı qərarını mübahisələndirmiş və
seçki dairəsi üzrə seçkilərin nəticələrinin
ləğv olunması barədə qərar qəbul edilməsini
xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
B.İ.Hacıyev müraciətində göstərmişdir ki, araşdırmada iştirak etmək istədiyini bildirsə də dairə seçki komissiyası tərəfindən onun araşdırma və iclasda iştirakı təmin edilməmişdir. Müraciətində səsvermə günü 29 saylı Səbail seçki dairəsinin 1, 2, 4, 5, 7, 9, 11, 13, 15, 17, 18, 22, 23, 25, 28 və 29 saylı seçki məntəqələrindən əldə etdiyi səsvermənin nəticələri haqqında protokolların surətləri ilə Mərkəzi Seçki Komissiyasına təqdim edilən protokollar arasında uyğunsuzluq olduğunu, həmin seçki məntəqələrinin bəzilərində pozuntuları təsdiq edən videogörüntülərin olduğunu iddia edərək seçki dairəsinin 22 seçki məntəqəsi üzrə yol verilmiş pozuntuları nəzərə alaraq seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.
Araşdırma ilə əlaqədar şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
B.İ.Hacıyev şikayətində dairə seçki komissiyasına 11 fevral 2020-ci il tarixdə edilmiş müraciətinə dairə seçki komissiyası tərəfindən Seçki Məcəlləsinin 112-ci maddəsinin tələbinə zidd olaraq 3 gün müddətində deyil, 4 gün müddətində baxılmasını mübahisələndirmişdir. Bununla əlaqədar aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyasının namizəd tərəfindən mübahisələndirilən 15 fevral 2020-ci il tarixli 14/52 saylı qərarı namizədin dairə seçki komissiyasına 13 fevral 2020-ci ildə daxil olmuş şikayəti üzrə çıxarılmışdır.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
Eyni zamanda namizəd B.İ.Hacıyevə müraciətində göstərdiyi, araşdırma prosesində əsllərini təqdim etmək istədiyi aktların və digər əlavə materialların təqdim edilməsi təklif edilmiş, ancaq onun tərəfindən həmin aktların və digər sənədlərin təqdim edilməsindən imtina edilmişdir. Qeydə alınmış namizəd imtinasını onunla əsaslandırmışdır ki, əlavə olaraq həmin sənədlərin təqdim olunması araşdırma müddətinin uzanmasına səbəb ola bilər.
B.İ.Hacıyevin müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələrindən sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, seçki məntəqələrinin səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim edilmiş rəsmi protokolları, namizəd tərəfindən təqdim olunmuş digər seçki materialları və 25 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolların surətini əhatə etmişdir.
Namizəd tərəfindən təqdim edilmiş seçki məntəqələrinin səsvermənin nəticələri haqqında doqquz protokolun surətinin möhürlü və imzalı olmaqla məntəqə seçki komissiyalarının tərtib edərək təqdim etdiyi rəsmi protokollarla eynilik təşkil etməsi müəyyən olunmuşdur.
Araşdırma zamanı namizədin şikayətinə əlavə etdiyi və məntəqə seçki komissiyalarından əldə edilməsi iddia olunan səsvermənin nəticələrinə dair protokolların surətlərinin rəsmi təqdim edilmiş protokollarla eyni olub-olmamasını müəyyən etmək üçün onlara müqayisəli baxış keçirilmiş və müəyyən edilmişdir ki, seçki dairəsinin 1, 5, 9, 11, 17 və 25 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarının surətində və həmin seçki məntəqələri üzrə tərtib edilərək rəsmi təqdim edilmiş protokollarda komissiya üzvləri tərəfindən icra edilmiş imzalar eynilik təşkil etsə də, həmin protokolların surətlərində olan məlumatlarla Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş səsvermənin nəticələrinə dair rəsmi protokollarda olan məlumatlar fərqlidir və seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan vermir. Aşkar edilmiş qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaranmışdır.
Müraciətə əlavə edilmiş 2, 13, 28 və 29 saylı seçki məntəqələrindən alınması iddia olunan möhürsüz və təsdiq olunmamış səsvermənin nəticələrinə dair protokolların surətlərinin rəsmi protokollarla müqayisəli araşdırılması ilə surətlərdəki imzalarla rəsmi protokollarda komissiya üzvlərinin imzalarının tam fərqli olması müəyyən edilmişdir. Qeyd edilən protokolların surətlərinin qanunauyğun olaraq təsdiqlənməməsi və möhürsüz olması onların araşdırma predmeti olmasını mümkünsüz edir.
Araşdırmaya təqdim edilmiş 15, 18 və 22 saylı seçki məntəqələrindən əldə edilməsi iddia olunan səsvermənin nəticələrinə dair möhürlü və imzalı protokolların surətlərindəki imzalarla rəsmi protokollarda komissiya üzvlərinin imzalarının fərqli olduğu müəyyən edildiyindən xüsusi biliyə malik xətşünas ekspertlər dəvət edilərək həmin imzalar araşdırılmışdır. Ekspertlər tərəfindən verilmiş rəyə əsasən protokolların surətlərindəki imzalar rəsmi protokollardakı imzaları icra etmiş şəxslər tərəfindən deyil, müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Müəyyən olunmuş bu halla bağlı 15, 18 və 22 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyalarının sədr və üzvlərinin izahatları alınmışdır. Həmin izahatlarda göstərilir ki, səsvermənin nəticələrinə dair fərqli məlumatlar olan protokol surətlərindəki imzalar onlar tərəfindən icra edilməmiş və həmin protokolların surətlərinə möhürlərin hansı şəraitdə və kim tərəfindən vurulması onlara məlum deyildir. Belə olan halda həmin protokolların surətləri hüquqi nəticə doğuran sübut kimi qiymətləndirilə bilməz.
29 saylı Səbail seçki dairəsinin seçki məntəqələrindən sosial şəbəkələrdə yayımlanmış və namizəd tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan görüntülərin araşdırılması ilə 1 saylı seçki məntəqəsində bir seçicinin iki dəfə səs verməsi, daşınan seçki qutusunun qanunvericiliyin tələblərinə zidd olaraq kənarda olması müəyyən edilmişdir. Qeyd edilən hallar seçki məntəqəsi üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.
Həmin dairənin 5 saylı seçki məntəqəsində qeydə alınmış videogörüntüdə bir seçicinin iki dəfə səs verməsi iddia edilsə də, həmin seçicinin birinci halda seçki komissiyasının üzvünə yaxınlaşdığı, lakin heç bir seçki hərəkəti edilmədən oradan uzaqlaşması müşahidə olunur. İkinci halda isə onun seçki komissiyasının üzvünə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməsi, komissiya üzvü isə şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra seçiciyə qaytarması və seçicinin səsvermə bülleteni almadan seçki məntəqəsindən getməsi müşahidə olunur. Bu görüntüdə hər hansı bir pozuntu müəyyən edilmir.
Araşdırmanın nəticəsi olaraq digər məntəqələr üzrə sosial şəbəkələrdə paylaşılmış və namizəd tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan görüntülərin araşdırılması ilə seçkilərin nəticəsinə və seçicilərin iradəsini ifadə etməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.
Seçki dairəsinin 1, 5, 9, 11, 17 və 25 saylı seçki məntəqələrində yol verilmiş yuxarıda qeyd edilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaratmışdır.
Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı ləğv edilməli və seçki dairəsinin 1, 5, 9, 11, 17 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacıyev Bəxtiyar İlyas oğlunun 14 fevral 2020-ci il tarixli 196 saylı müraciəti qismən təmin edilsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 14/52 saylı qərarı ləğv edilsin.
2. 29 saylı Səbail seçki dairəsinin 1, 5, 9, 11, 17 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin, müraciət qalan hissələrdə təmin edilməsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
18.02.2020
Azərbaycan.-
2020.- 19 fevral.- S.6.