Dəhşətli qətliam - Katın
qırğını
Günahsızlar
1943-cü ilin aprelində Almaniya Katın meşəsində kütləvi məzarlar aşkarladığı barədə məlumat yaydı. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsindən tədqiqat aparılmasını istədi. Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) isə bu faciəyə görə nasistlərin məsuliyyət daşıdığını bəyan etdi. Həqiqət isə başqa idi...
1939-cu il sentyabrın 1-də Almaniya Polşaya hücum etdi. Böyük Britaniya və Fransa Polşa ilə bağlanmış Anqlo-Polyak və Franko-Polyak hərbi müttəfiqlik müqavilələrinin tələbini yerinə yetirib Almaniyaya müharibə elan etdilər.
Sentyabrın 17-də isə SSRİ Polşanın işğalına başladı. Sovetlər tərəfindən əsir götürülən Polşa əsgər və polisinin sayı bəzi mənbələrdə 250000, bəzisində isə 454700 olaraq qeyd edilib. Çox keçmədən onlardan azad edilənlər də, qaçanlar da oldu. 125000 polyak əsgəri isə SSRİ Xalq Daxili İşlər Komissarlığının nəzarətindəki əsir düşərgələrinə aparıldı. Onlardan Polşa ərazisində yaşayan belarus və ukraynalılardan ibarət 42400 əsgər oktyabrda azad edildi. Həmçinin SSRİ əsir götürdüyü əsgərlərin nasist Almaniyasının işğalında olan qərbi Polşa ərazisində anadan olmuş 43000 nəfərini almanlara təhvil verdi. Əvəzində Almaniya əsirliyində olan polyak əsgərlər arasından şərqi Polşa ərazisində dünyaya gələn 13575 əsgəri sovetlərə yolladı. Polşa vətəndaşları həmin dövrdə sovet repressiyasına məruz qaldılar.
SSRİ Xalq Daxili İşlər Komissarlığı ehtiyatda zabit sayıldıqları üçün ali təhsilli polyak gənclərinin çoxunu əsir götürdü. Polşa Milli Yaddaş İnstitutunun məlumatına əsasən, təxminən 320000 polyak vətəndaşı Sovet İttifaqının müxtəlif yerlərinə deportasiya olundu. Tarixçilər bu sayın 700 min ilə 1 milyon arasında olduğu qənaətindədirlər. Milli Yaddaş İnstitutunun araşdırmasına görə, İkinci Dünya müharibəsi illərində SSRİ tərəfindən 150 min Polşa vətəndaşı müxtəlif vasitələrlə öldürüldü. Dalstroy düşərgəsinə göndərilən 12 min nəfər polyak əsirdən 583 nəfər qurtuldu. Sağ qalanlar 1942-ci ildə şərqi Polşa Silahlı Qüvvələrinə qoşulmaları üçün azad edildi...
SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriya 1939-cu il sentyabrın 19-da Müharibə Əsirlərinin İdarəedilməsi üzrə Baş İdarənin yaradılması ilə bağlı göstəriş verdi. SSRİ Xalq Daxili İşlər Komissarlığı Qızıl Ordudan əsirləri təhvil aldı. Onların saxlanmaları üçün qəbul mərkəzləri, dəmir yolu ilə əsir mübadiləsinin aparılması mümkün olan düşərgələr yaradıldı. Ən böyük düşərgələr Kozelsk, Ostaşkov və Starobelskdə idi. Eyni zamanda Juknovo, Yuze, Tyotkino dəmir yolu stansiyası, Kozelşina, Oranki, Voloq və Qryazovetsdə düşərgələr salındı.
Kozelsk və Starobelsk düşərgələrində polyak zabitləri, digərlərində jandarm, polis zabitləri, həbsxana məmurları vardı. Məlumata görə, Kozelskdə 5000, Ostaşkovda 6570, Starobelskdə 4000 əsir saxlanılırdı.
SSRİ rəhbərliyinin, xüsusilə Stalinin nəzərində əsirlikdəki polyaklar sovet hakimiyyətinə qarşı mübarizə aparacaq güc idilər. Kozelsk düşərgəsindəki məhkumlar Katın meşəsinə aparılaraq güllələndi. Starobelsk düşərgəsindəki məhkumlar Xarkovdakı SSRİ Xalq Daxili İşlər Komissarlığının həbsxanasında öldürüldü, cəsədləri kütləvi Piatixatki kəndi yaxınlığında basdırıldı. Ostaşkov düşərgəsindəki polis zabitləri də Kalinindəki SSRİ Xalq Daxili İşlər Komissarlığı həbsxanasında güllələndi və Mednoye yaxınlığında kütləvi basdırıldı.
1940-cı ilin aprel-may aylarında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr 22000 polyak zabit və ziyalısını məhv etdi. Qırğınların Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq, aşkara çıxarılan ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün bu dəhşətli qətliam tarixə Katın qırğını adı ilə yazıldı.
Qırğınlara Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edamı təklifini Sov.İKP MK Siyasi Bürosu təsdiqlədikdən sonra başlandı. Qətlə yetirilənlərin 8000-i Polşanın 1939-cu ildə işğalı zamanı əsir götürülən zabitlər, 6000-i polis zabiti, 8000-i SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabitləri və ziyalılar çoxmillətli idi. Öldürülənlərin arasında polyaklar, ukraynalılar, belaruslar, Polşa yəhudi icmasının baş ravvini Baruç Steynberqin də olmaqla yəhudilər vardı.
SSRİ hökuməti Katın qırğınının faşistlər tərəfindən törədilməsinə beynəlxalq ictimaiyyəti inandırmaq, bununla alman hökumətinə nifrət yaramaq niyyətindəydi. Sovetlərin bu cəhdlərini nasist Almaniyası etirazla qarşıladı.
1943-cü ilin 29 sentyabrında Nasist Partiyasının lideri, Üçüncü Reyxin əsas təbliğatçısı, Hitlerin yaxın dostu və silahdaşı Paul Yozef Gebbels gündəliyində qeyd edirdi: "Təəssüf ki, Katından geri çəkilməyə məcbur olduq. Bolşeviklər şübhəsiz ki, 12 min polyak zabitini bizim vurduğumuzu "kəşf edəcəklər”. Bu hissə gələcəkdə bizim üçün problem yaradacaq. Sovetlər şübhəsiz ki, çoxlu sayda kütləvi məzarlar kəşf edəcək və bundan bizi məsul tutacaqlar”.
Sovetlər 1943-cü ilin sentyabr-oktyabr aylarında Katın bölgəsini yenidən işğal etdi. SSRİ Xalq Daxili İşlər Komissarlığı soyqırımın izlərini itirmək üçün hərəkətə keçdi. Şahidlər "dindirildi”, SSRİ-nin mövqeyinə zidd yanaşanlar almanlara işləməkdə günahlandırılmaqla təhdid edildilər.
Bir həqiqət
də bu idi ki, qətlə yetirilənlərin üzərlərindən
çıxan sənədlər 1940-cı ildən sonraya aid deyildi.
Sovet gizli polisi 1941-ci ilin ortalarına aid saxta dəlillər yerləşdirdi. SSRİ Xalq
Daxili İşlər
Komissarlığının əməkdaşları - Vsevolod
Merkulov və Sergey Kruqlov 1944-cü il
10-11 yanvar tarixlərində
qırğını almanların
törədiklərinə dair
hesabat təqdim etdilər.
1944-cü ilin
yanvarında sovetlər
ərazini araşdırmaq
üçün başqa
komissiya təşkil etdi. SSRİ Tibb Elmləri Akademiyasının
rəhbəri Nikolay Buderenkonun başçılığı
ilə Fövqəladə
Dövlət Komissiyası
cəsədləri çıxartdı,
almanların 1943-cü ildə
apardıqları tədqiqatın
nəticələrini inkar
etdi, qətliamın
1941-ci ildə almanlar tərəfindən törədildiyini
bildirdi. Komissiyanın "nəticələri” 1990-cı il
aprelin 13-də cinayətin
işlənməsi rəsmən
qəbul olunanadək əsas fakt kimi irəli sürüldü. 1990-cı
ilədək SSRİ Xalq
Daxili İşlər
Komissarlığı qırğınların
törədildiyini inkar
etdi və rəsmi şəkildə
üzr istəmədi.
1990-1991-ci illərdə
SSRİ Baş Prokurorluğu
və 1991-2004-cü illərdə
Rusiya Federasiyası tərəfindən aparılan
təhqiqatlar qırğınlara
görə SSRİ-nin
məsuliyyət daşıdığını
təsdiqləsə də,
hadisələr kütləvi
qətl olaraq qəbul edilmədi. Rusiya tərəfi
qırğının qurbanları
öldükləri üçün
mühakiməni bağladı.
Hadisənin sovet hökumətinin
təmizləmə siyasəti
nəticəsində törədildiyi
qəbul edilmədiyindən
qətlə yetirilənlərə
bəraət verilmədi.
2010-cu ilin
noyabrında Rusiya Federasiyası Dövlət
Duması qırğın
əmri üçün
Stalinin və digər sovet dövlət rəhbərlərinin
günahkar olduqlarını
əks etdirən bəyannaməni təsdiqlədi. Əsl günahkarlar
illər boyu məsuliyyətdən və
mühakimədən qaçsalar
da, sonunda həqiqət üzə çıxdı. Katın qırğını
isə bəşər
tarixində ən böyük ağrılardan
biri kimi qaldı.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2020.-19 fevral.- S.7.