1956 nömrəli məhbus
Repressiya
qurbanı olmuş ziyalıların həyatından məqamlar
Teymur Heydər oğlu Salahovun həyat və fəaliyyəti sosializm ideyalarına xidmət işində keçmişdi. Minlərlə Azərbaycan ziyalısı kimi, o da, bu yeni ictimai quruluşun xalqlara xoşbəxtlik gətirəcəyinə ürəkdən inanmışdı. Lakin minlərlə Azərbaycan ziyalısı kimi onun da bu inamının üstündən 30-cu illərin repressiya maşını qanlı bir xətt çəkmişdi. T.Salahov Azərbaycan K(b)P-nin Dəstəfur və Laçın rayon komitələrinin birinci katibi kimi məsul vəzifələrdə işləmişdi. 1936-cı ildən həbs edilənə kimi Azərbaycan Meyvə-Tərəvəz Ticarəti Birliyinin direktor müavini vəzifəsini daşımışdı.
T.Salahov barəsində müxtəlif orqanlara çoxlu təxribat xarakterli "donos”lar göndərilmişdi. Nəyin bahasına olursa-olsun onu günahlandırıb məsuliyyətə cəlb etməyə, sıradan çıxarmağa çalışırdılar. 1937-ci ilin iyulunda onu "əksinqilabi fəaliyyətinə görə” ittihamı ilə gecə öz mənzilində həbs edirlər.
Akademik Ziya Bünyadov "Qırmızı terror” kitabında yazır: "T.Salahov köhnə partiya işçisi idi. Buna görə də ölkədə və respublikada nə baş verdiyini çox gözəl dərk edirdi. "Xalq düşmənləri”nə qarşı mübarizə ilə əlaqədar ÜİK(b)P MK-nin direktivləri ilə yaxından tanış idi. Həbs olunan intellektualların necə "etiraf ifadələri” verdiklərini yaxşı təsəvvür edirdi. Buna görə də o, nə ifadə verməkdən boyun qaçırdı, nə də istintaqa müqavimət göstərdi. Çünki belə hərəkət heç kəsin davam gətirmədiyi istintaqın işgəncə metodlarının tətbiqinə gətirib çıxaracaqdı”.
1938-ci il iyun ayının 3-də qapalı məhkəmə iclası keçirilir. İclas 15 dəqiqədən sonra başa çatdırılır. Teymur Salahov həmin gün ən ağır cəzaya - güllələnməyə məhkum edilir. Qurbanların məhkəmələri edam yerindən on addım aralıda aparılırdı. Növbə böyük, vaxt isə az idi. 15 dəqiqəlik məhkəmə hökmünün icrası isə heç 15 dəqiqə də çəkmirdi.
Məhkumun qızı Zərifə
Salahova yazır: "Bizə demişdilər
ki, atama
görüşmək hüququ verilmədən
10 il azadlıqdan məhrumetmə cəzası
kəsilib. Biz də buna
inanmışdıq və onun güllələnməsindən
xəbər tutmamışdıq. 1947-ci ildə atamın nə
vaxt azad
olunacağını dəqiqləşdirməyə cəhd etdik. Həmin ilin avqust ayının 18-də bizi
XDİK-in Oktyabr rayon şöbəsinə
çağırdılar. Məndən soruşdular
ki, atanı nə vaxt
həbs ediblər. Cavab verdim
ki, 1937-ci ildə. Dedilər ki, artıq onun vaxtı
bitmək üzrədir və bu
yaxınlarda gələcək, darıxmayın”. Bu da Stalin
rejiminin daha bir simasızlığı idi.
Teymur Salahov artıq
10 il idi ki, güllələnmişdi, amma
ailə üzvləri hələ də onun
taleyi barədə dürüst
məlumata malik deyildilər.
Azərbaycan.-
2020.-19 fevral.- S.7.