“Qış Məktəbi”nin
iştirakçıları Şəkinin tarixi
məkanlarında
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Şəki şəhərində könüllülər üçün təşkil edilən “Qış Məktəbi”nin iştirakçıları proqrama uyğun olaraq, layihənin ikinci günü bu qədim diyarın tarixi məkanları ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə iştirakçılarının qədim Şəki ilə ilk tanışlığı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksindən başlanıb. Gənclərin diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300 yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda karvansaray mehmanxana kimi fəaliyyət göstərir.
“Qış Məktəbi”nin iştirakçıları Qoruğun ərazisində yerləşən və XVIII əsrə aid tarixi abidə - “Şəki xanlarının evi” ilə də tanış olub, şəhərin tarixi hissəsindəki sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Sonra layihə iştirakçıları Kiş kəndinə gələrək, burada yerləşən qədim alban məbədini ziyarət ediblər.
Diqqətə çatdırılıb ki, Kiş məbədi ilin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin rəsmi qonaqların, beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biridir. Eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü də qoyulub.
“Qış Məktəbi”nin
iştirakçıları abidənin önündə xatirə
şəkilləri çəkdiriblər.
Azərbaycan.-
2020.- 20 fevral.- S.9.