Mehriban Əliyevanın sabahımıza ərməğanı

 

Gün çıxdı güldü göylər,

Nur yayıldı aləmə.

Çünki biz şənlənirdik,

Dilimizdə bu nəğmə;

Deyirdik hamımız: Anacan!

Sevimli mahnımız: Anacan...

 

İkimərtəbəli çəhrayı binanın iri şüşəli qapılarından içəri daxil olanda eşitdiyimiz bu nəğmə bizi uzun illər öncəyə, həyatımızın qayğısız dövrlərinə apardı bir anlıq... İndi uzaq keçmişdə qalan uşaqlığımızda bizə də bağçada bu mahnını öyrədir, sonra da sevinərək evdə anamıza oxuyardıq... Və o vaxtdan mahnı beynimizə, ürəyimizə, ruhumuza elə hopub ki, onu ötən yaşlar, illər belə, qopara bilmir...

Keçmiş xəyallar dünyasından ayrılıb, bu şirin ifanın "izinə” - səsinə düşürük. Pianonun dillərindən qopan şən nəğmənin sədaları altında musiqi zalına doğru addımlayırıq. Qapını aralayanda adamın üzünə təbəssüm qonduran gözəl bir mənzərə ilə qarşılaşırıq - balacalar piano arxasında əyləşən musiqi müəlliminin ətrafında dövrə qurub həvəslə, sevinclə, şirin tələffüzləri, eyni zamanda düzgün ritm ilə "Anacan” mahnısını oxuyurlar...

Bakının Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasındayıq. Demə, bu hazırlıq 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilədir. Bayrama hazırlaşırlar körpə fidanlar. İndidən məşqlərə başlayıblar. Mahnılar öyrənirlər, şeirlər əzbərləyirlər, hazırladıqları səhnəcikləri, müxtəlif rəqsləri məşq edirlər... Üstəlik, bapbalaca boylarına biçilmiş milli geyimləri də var...

 

"Günəş”, "Mələklər”, "Ulduz”, "Təbəssüm”

 

Musiqi zalından çıxıb bir-bir qrupları gəzirik. Bağçada Azərbaycan və rus olmaqla 8 qrup fəaliyyət göstərir. Onlardan ikisi körpə, ikisi orta, ikisi böyük, ikisi də məktəbə hazırlıq qrupudur. Hər qrupda yemək, oyun, yataq və mətbəx otağı ayrıdır. Qapıların üzərinə vurulmuş adlar və ona uyğun şəkillər diqqətimizi çəkir. Demə, hər qrupun öz adı var. Məsələn, "Günəş”, "Mələklər”, "Ulduz”, "Təbəssüm”... Otaqlardakı şkafların üstünə qrupun adına uyğun dekor vurulub, onun da üzərinə uşaqların fotoları yapışdırılıb. Beləcə, azyaşlılar öz otaqlarını və şkaflarını dəyişik salmırlar...

Otaqları gəzdikcə gülərüzlü, bal kimi şirin balalarla söhbətləşirik, onları izləyirik. Uşaqların saf dünyasını böyüklərin gözü ilə seyr edirik. Bu dünyada nələr yoxdu ki?! Hərəsi bir nağıl dünyası qurub öz aləmində. Və o nağıl dünyasının qəhrəmanını bacardığı kimi, istədiyi rəngdə və formada kağıza köçürür...

Ağzı əmzikli körpələr "Cücələrim”in sədaları altında rəqs edirlər...

Böyük qrupda uşaqlar rəqəmlərlə tanış olurlar...

Məktəbə hazırlıq qrupunda isə məşğələ vaxtıdır. Uşaqların hamısı öyrənməyə həvəslidir. Artıq bilirlər ki, bir neçə aydan sonra elə özləri boyda olan çantalarını çiyinlərinə asıb, məktəbə gedəcəklər. Əksəriyyəti indidən gələcək peşəsini seçib. Kimisi həkim, kimisi polis, kimisi müəllim, kimisi isə pilot... olmaq arzusundadır.

Hava yaxşı olduğu üçün azyaşlılar həyətə də çıxırlar. Oyun meydançasında oynayır, sürüşür, qaçır, əylənir, təmiz hava qəbul edirlər. Ardınca isə nahar edirlər. Bu körpə fidanları öz təmiz nağıl dünyaları ilə baş-başa buraxıb müəllimləri ilə söhbətləşirik.

"Uşaqları texnikanın zərərlərindən qorumaq borcumuzdur”

 

Bağçanın metodisti Mətanət Səfiyeva 14 ildir bu sahədə fəaliyyət göstərir. Keçən ilin iyulun 3-dən isə 11 saylı körpələr evi-uşaq bağçasında çalışır. Deyir ki, bağçada bütün məşğələlər vaxtında keçirilir. Uşaqlar ətraf aləm haqqında ümumi anlayışları bilirlər. Hərfləri, rəqəmləri çap şəklində öyrənirlər. Stolüstü, didaktik oyunlar oynayırlar. Bağçada tədbirlər, bayram şənlikləri təşkil olunur. Musiqi müəlliminin rəhbərliyi altında müxtəlif musiqilər, rəqs nümunələri, səhnəciklər hazırlanır.

Metodist on il əvvəlki uşaqlarla indikilər arasında çox böyük fərq olduğuna da diqqət çəkir: "Bu fərq ildən-ilə artır. Bilmirəm valideynlər uşaqları ərköyün edir, zəmanədəndirmi, yoxsa səbəb internet əsridirmi?! İndiki uşaqların diqqətləri yayınıqdır, yaddaşları zəifdir. Uşaq uşaqla oynamaq istəmir sanki. Oynayanda da aqressiv davranırlar. Fikirləri başqa oyunlardadır. Daha çox televizora, telefona, internetə bağlıdırlar. Texnikadan başları yaxşı çıxır. Biz uşaqlarla psixoloji iş də aparırıq. Valideynlərə isə məsləhət görürük ki, uşaqları zərərli vərdişlərdən uzaq tutsunlar. Amma yenə də ana işini yüngülləşdirmək üçün uşağın əlinə telefonu verir, o da saatlarla tərpənmədən gözünü eyni yerə dikir. Bəli, bu gün texnika əsridir, uşaqlar müasir yenilikləri bilməlidir. Amma onları texnikanın zərərlərindən qorumaq biz müəllimlərin və valideynlərin borcudur”.

 

"Onların sayəsində belə gözəl, rahat şəraitdə işləyirik”

 

11 saylı körpələr evi-uşaq bağçasının direktoru Azadə Əhmədova məlumat verdi ki, bağçanın iki korpuslu binası 1965-ci ildə inşa olunmuşdur. Lakin binalar özülsüz olduğu üçün qəzalı vəziyyətdə idi və əsaslı təmirə ehtiyac vardı. Odur ki, Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində bina sökülərək, yerində ikimərtəbəli müasir bina tikildi. Körpələr evi-uşaq bağçasının inşasına 2018-ci ilin mayında başlanıldı. 2019-cu il iyunun 13-də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da iştirakı ilə bu təhsil müəssisəsinin açılış mərasimi oldu: "Mən dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya uşaqlara göstərdiyi qayğıya, diqqətə görə minnətdaram. Onların sayəsində belə gözəl, rahat şəraitdə işləyirik. Mehriban xanım özü də bağça ilə tanış olanda binanı çox bəyəndi. Çünki bina bağçadan çox məktəb binasına oxşayır. Mən 25 ildir bu bağçaya rəhbərlik edirəm. Burda pedaqoji iş yüksək olsa da, şərait yox idi. Bu da valideynləri narahat edirdi. Ancaq indi hər şey yüksək səviyyədədir. Valideynlər də çox razıdırlar. Artıq bağçaya gələn uşaqların da sayı artıb”.

Direktorun sözlərinə görə, uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb, bütün işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib. Binanın giriş hissəsi, foye, qrup otaqları və zallar burada tərbiyə alan azyaşlılara uyğun xüsusi dizaynla işlənib. İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib. Yeni binada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları, həmçinin digər otaqlar var.

 

İkinci həyatını yaşayan bağça

 

Bağçanın yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı da var.

A.Əhmədova deyir ki, ümumi sahəsi təxminən 2 min kvadratmetrə yaxın olan körpələr evi-uşaq bağçasında bir yaşdan 6 yaşadək 150 uşağın təlim-tərbiyəsi ilə 30 nəfərdən ibarət peşəkar heyət məşğul olur. Burada fəaliyyət göstərən qrupların hər biri üçün oyun və yataq otaqları, musiqi və əyləncə zalları, tibb kabineti, müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkxana tikilib. Binada müşahidə kameraları, yanğından mühafizə sistemi quraşdırılıb. Bir sözlə, bağçada yaradılan yüksək şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayır: "Əlbəttə, tərbiyə ilə bərabər təlim də çox əhəmiyyətlidir. Çalışdığımız qədər uşaqları məktəbə yaxşı hazırlayırıq. Uşaqların musiqi zövqünün formalaşdırılmasına önəm veririk. Onu da qeyd edim ki, 2006-cı ildən bağçada inklüziv təlim gedir. Problemli, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da bağçaya qəbul olunur. Hazırda 9 belə uşağımız var”.

Uşaqların qidalanmasına xüsusi önəm verildiyinə diqqət çəkən direktor söyləyir ki, kənardan bağçaya hansısa qidanın gətirilməsi qəti qadağandır. Qida təzə-təzə hazırlanıb, qruplara paylanılır. Meyvə-tərəvəz, ət və süd məhsullarına və qızartma deyil, sobada bişirilmiş yeməklərə üstünlük verilir.

Bağçanın tibb bacısı hər gün səhər uşaqları müayinə edir. Xəstə uşaqların sağlam uşaqları da yoluxdurmaması üçün onlar elə qapıdaca evə geri qaytarılır.

Bir sözlə, müəssisədə balacaların həm sağlamlığı əmin əllərdədir, həm də vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.

11 saylı körpələr evi-uşaq bağçasının 54 illik tarixi var. Yarım əsrdən çox yaşı olan bu müəssisə artıq bir ilə yaxındır ki, ikinci həyatını, müasir dövrünü yaşayır. Bu bağça indiyədək yüzlərlə, minlərlə vətən övladını həyata, cəmiyyətə hazırlayıb. Bundan sonra da hələ uzun illər öz missiyasını yerinə yetirəcək. Saysız-hesabsız uşaqlar bu bağçada yetişəcək, yeni müəllimlər gəlib-gedəcək... Bircə dəyişilməyən bu bina olacaq və bu, Mehriban Əliyevadan övladlarımıza - gələcəyimizə, sabahımıza ərməğan kimi tarixə yazılacaq.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 20 fevral.- S. 2.