Şərəfli missiya

 

Müstəqilliyimizin və dövlətçiliyimizin daha da qüdrətlənməsi üçün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyimüasir dövrdə Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi siyasi xəttin tam düzgünlüyü bütün sahələrdə real təsdiqini tapıb.

Ona görə belə bir fakt hamı tərəfindən qəbul olunur ki, bu siyasi xəttin davam etdirilməsi Azərbaycanın bugünkü və gələcək inkişafının yeganə etibarlı təminatıdır.

Bu gün qarşımızda duran əsas vəzifə vətəndaşlıq mövqeyindən çıxış etmək, respublikamızın daha da qüdrətlənməsi üçün çalışmaq və bu istiqamətdə uğurla reallaşan siyasi kursa dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq, əlindən gələni etmək hər bir azərbaycanlının borcudur. Bu baxımdan öz əməlləri ilə nümunəyə çevrilən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi çoxşaxəli fəaliyyəti bütün vətəndaşlar tərəfindən təqdir olunur.

Mehriban Əliyevanın ictimai-siyasi xadim kimi fəaliyyəti həmişə çoxşaxəli olub. Bu fəaliyyət Ulu Öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş idealların reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edib.

Mehriban Əliyevanın siyasi-ictimai və sosial-mədəni fəaliyyət dairəsi o qədər genişdir ki, bu barədə nə qədər danışsaq da bitməz. Hər şeydən öncə Azərbaycan və eləcə də dünya ictimaiyyəti Mehriban Əliyevanı böyük xeyriyyəçi, qayğıkeş vətəndaş, yüksək mədəniyyətə malik dövlət xadimi kimi tanıyır. Hələ 2004-cü ildə Heydər Əliyev Fondu yaranarkən insanlara qayğı və təmənnasız xidmət amalını prioritet elan edən Mehriban Əliyeva öz səylərini əhalinin aztəminatlı təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara, qocalara kömək göstərilməsinə yönəldir. Son 16 ildə geniş vüsət alan məktəb və xəstəxana tikintisində, uşaq evlərinin və bağçalarının, internat məktəblərinin yenidən qurulmasında, tarixidini abidələrin bərpasında Mehriban Əliyevanın əzmkarlığını, təhsilimizin inkişafına, milli genefondumuzun qorunmasına, bütövlükdə, İlham Əliyevin sosial siyasətinin daha böyük uğur qazanmasına xidmət edən əsl vətəndaşlıq missiyasını görürük.

Heydər Əliyev ideyaları ilə silahlanmış, hər zaman peşəkarlığı, işgüzarlığı və prinsipiallığı ilə seçilən Mehriban Əliyevanı xarakterizə edən digər mühüm göstəricilərdən biri milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verməsidir. İstər Heydər Əliyev Fondunun prezidenti, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, milli mədəniyyətimizin qorunması və dünyada təbliği Mehriban Əliyevanın xalqa xidmət missiyasının əsas istiqamətlərindəndir. Hansı ki, bunlar son nəticədə nəcib məqsədə - Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Ötən illər ərzində neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulması, muğam musiqi müsabiqələrinin və dünyaşöhrətli musiqiçilərin yubileylərinə həsr edilmiş beynəlxalq festivalların keçirilməsi, xarici ölkələrdə müxtəlif sərgilərin təşkili bu ali məramın intişarına yönəlib.

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyəti isə parlament tariximizin şərəfli səhifələrindən biridir. Onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həllinə yönəlmişdi. Seçicilərə diqqət və qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban xanım Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə milli qanunvericiliyimizin təkmilləşməsinə böyük töhfələr verib. Eyni zamanda Mehriban Əliyevanın parlamentdə dostluq qrupunun sədri kimi fəaliyyəti nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artdı. Cəmiyyət üçün ciddi təhlükə törətməyən minlərlə insanın onun təşəbbüskarı olduğu amnistiya aktı layihələri əsasında məhbəsdən azadlığa çıxması Mehriban xanımın deputatlıq fəaliyyətinin xoş bir məqamı kimi hər zaman böyük rəğbətlə xatırlanacaq.

Mehriban Əliyevanın Milli Olimpiya Komitəsninin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də səmərəli fəaliyyəti diqqəti cəlb edir. Olimpiya oyunlarında medal qazanmış idmançılara Heydər Əliyev Fondunun fərdi təqaüdçüsü adının verilməsi də idmanın inkişafına diqqət və qayğısının, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə verilən töhfənin bariz nümunəsidir.

Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyeva dövlət başçısının ona həvalə etdiyi vəzifələri də uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. "Avrovizion” mahnı müsabiqəsində olduğu kimi I Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat komitəsi yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu. Bu yarışlar bütün məziyyətləri ilə Azərbaycanı dünyaya tanıtdı, ölkəmizin təbliğində olduqca müstəsna rol oynadı.

Təlqin etdiyi xeyirxahlıq, mərhəmət, maarifçilik kimi ali dəyərlər, yer üzündə sülhə, mədəni dəyərlərin qorunmasına, sivilizasiyalararası dialoqa verdiyi töhfələr beynəlxalq aləmdə Mehriban xanım Əliyevaya böyük nüfuz qazandırıb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi o, bütün dünyada Qərb və Şərq dünyasının bu iki yüksək statusunu eyni vaxtda daşıyan ilk və yeganə şəxsiyyətdir.

Mehriban Əliyevanın həyatda mükafatları çoxdur. Ən ali mükafatı isə respublikamızda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə verilən "Heydər Əliyev” ordenidir. Bu, Azərbaycan dövlətinin Mehriban xanım Əliyevanın fəaliyyətinə və xalqımız qarşısındakı xidmətlərinə verdiyi yüksək qiymətin göstəricisidir.

Vətənə məhz bu cür layiqli xidmət missiyasının nəticəsində üç il əvvəl Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olundu. Ölkə vətəndaşlarının böyük sevinc və rəğbətlə qarşıladıqları bu təyinat respublikamızda aparılan islahatların məntiqi davamı olmaqla ölkədə yeni bir tarixi reallığın başlanğıcını qoydu. Bu reallığın xarakterini və Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri isə təbii ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş şəxsiyyətin mənəvi keyfiyyətləri, Azərbaycan xalqına və dövlətinə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə cəmiyyətimizə və ümumən bəşəriyyətə qazandırdığı nailiyyətlər təyin edir. Bu, təsadüfi bir təyinat olmayıb, uzun illərdən bəri ölkəmizin, eləcə də dünyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan Mehriban Əliyevaya ümumxalq rəğbətindən, cəmiyyətin sosial sifarişindən, eyni zamanda belə həlledici mərhələdə islahatlar prosesinə böyük dəstək ola biləcək bacarıqlı təşkilatçı, yüksək səriştəli rəhbər kimi Mehriban Əliyevanın peşəkar imkanlarından dövlət idarəçiliyində də istifadə zərurətindən irəli gələn bir qərar idi.

Qeyd etdiyim kimi, Mehriban Əliyevanın fəaliyyətində sosial məsələlər, həssas vətəndaş qruplarına, sosial qayğıya daha çox ehtiyacı olanlara, uşaqlara kömək göstərilməsi prioritet təşkil edib. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunduğu ilk günlərdən məlum oldu ki, xeyirxahlıq və daha çox sosial qayğıya ehtiyacı olan vətəndaşlara yüksək diqqət onun fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edəcək. Bu mənada Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi öz vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından başlaması onun əsl vətəndaşlıq missiyasından, xüsusən sosial məsələlərə olan həssas münasibətindən xəbər verdi.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı müşavirənin keçirilməsi və qarşıya qoyulan vəzifələr onu göstərdi ki, əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının, o cümlədən məcburi köçkünlərin sosial məsələlərinin yoluna qoyulması Birinci vitse-prezidentin xüsusi diqqətində olacaq. Artıq bu 3 il ərzində minlərlə məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşü isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin əyani göstəricisidir.

Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra Milli Məclisdəki çıxışı xatirimizdədir. O deyirdi: "Mən əminəm ki, vəzifədən asılı olmayaraq insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır. ...Əminəm ki, hər bir qələbənin, hər bir böyük nailiyyətin arxasında eyni fikirli, eyni niyyətli, etibarlı, güclü, layiq komanda durur. Mən yeni vəzifəyə təyin olunduqdan sonra öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm və əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım, məni dəstəkləyən soydaşlarımız var və ölkəmizin İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda ən yüksək insani keyfiyyətlərə malik olan Prezidenti var. Biz birgə əyilməz bir gücük. Əminəm ki, Azərbaycanın gələcək inkişafı üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik”.

Ötən üç ilin reallıqları göstərir ki, Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də çox böyük ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirir. Onun fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır. Azərbaycanın birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə ümumxalq sevgisinə layiq olduğunu sübut edir. Bu şərəfli və məsuliyyətli işində Mehriban Əliyevaya uğurlar arzu edirik.

 

ELDAR QULİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2020.-21 fevral.- S.1; 5.