Milli
varlığımızın ifadəsi
21 fevral Beynəlxalq ana dilıi
günüdür
Dil insanın mənəvi
aləminin əks-sədasıdır. Ulu
Tanrının insana bəxş etdiyi ən ecazkar və
qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir.
Dünyada yüzlərlə dil mövcuddur. Bu dillərin sırasında ana
dilimiz olan Azərbaycan
dili bizim üçün çox doğma və möhtəşəmdir. Dilçi ekspertlərin fikrincə, qürurverici məqam ondadır ki, Azərbaycan dili zənginliyinə
görə digər dillərdən fərqlənir. Ümummilli Lider Heydər
Əliyev Azərbaycan dilini yüksək
qiymətləndirərək demişdir:
"Hər bir Azərbaycan vətəndaşı,
hər bir azərbaycanlı öz ana dilini,
Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir”. Bu o zaman
idi ki, əcnəbi
dillərə meyilli olan
insanlar ana dilində
danışmaq belə istəmirdilər. Hətta Azərbaycanın
rəsmi dairələrində, dövlət idarələrində
özgə dildə danışmağa üstünlük
verilirdi. Quruluşun ikili münasibətləri nəticəsində
bir sıra məmurlar arasında doğma dilimizə qarşı ögey münasibət yaranmışdı.
Zamanından asılı olmayaraq bütün ziddiyyətli dövrlərdə
Azərbaycan ziyalıları, ilk növbədə
Ümummilli Lider Heydər
Əliyev, eləcə də yazıçı və şairlərimiz
ana dilimizin keşikçisi olmaq
missiyasını ləyaqətlə yerinə yetirmişlər.
Ulu Öndərin
çıxışlarında, ictimaiyyət nümayəndələri
ilə görüşlərində ana dilimizin gözəlliyindən, zənginliyindən
məharətlə istifadə edərək səlis və rəvan
danışması hamıya yaxşı məlumdur. Tərifində də, tənqidində də elə
ifadələr, elə sözlər işlədərdi ki, bəzən ən təcrübəli dilşünas-alim də Heydər Əliyevin
yaddaşına, sözdən istifadə məharətinə,
Azərbaycan dilinə ədəbi yanaşma
qabiliyyətinə heyrətlənməyə bilmirdi.
Zaman-zaman
inkişaf edib zənginləşən Azərbaycan dilinin
statusunun özünə qaytarılması Azərbaycan
dilçiliyi tarixində birmənalı olaraq Ümummilli Lider
Heydər Əliyevə məxsusdur. Böyük dövlətçilik
təcrübəsinə malik Heydər
Əliyev hələ Sovet İttifaqı
dövründə, mərkəzin ciddi
müqavimətinə baxmayaraq,
respublikamızda Azərbaycan dilinin
dövlət dili statusunun
1978-ci il Konstitusiyasında əks
olunmasına nail ola bilmişdi. Azərbaycan dilinin
müstəqil Azərbaycan Respublikası
Konstitusiyasının 21-ci maddəsində təsbit edilmiş dövlət dili
statusu tam əməli
xarakter daşıyır və ana dilimizin ən yüksək
ictimai dəyərini təmin edir.
Konstitusiyanın
qəbulundan keçən illər ərzində dil siyasətinin
ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə
qayıdılması, ana dilimizin statusunun təminatı və
tətbiqinin təkmilləşdirilməsi, bu sahədə
müxtəlif qanunların qəbulu, fərman və sərəncamların
verilməsi dövlətimizin ana dilimizə nə qədər
ciddi yanaşdığını sübut edir. Belə hüquqi sənədlərdən biri də Ulu Öndərin
2001-ci il 9 avqust tarixli "Azərbaycan əlifbası və Azərbaycan
dili gününün
təsis edilməsi haqqında” fərmanıdır. Bu tarixi sənəd beynəlxalq
aləmdə Azərbaycan dilinin mövcudluğuna yeni nəfəs
və yüksəliş verdi. Bundan sonra nəinki respublikamızda, hətta xarici ölkələrdə yaşayan,
işləyən, habelə müxtəlif ali
məktəblərdə təhsil alan gənclər
tərəfindən hər il 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan
dili günü kimi böyük təntənə
ilə qeyd edilir.
Onu da vurğulamaq yerinə
düşər ki, Ümummilli
Liderin rəhbərliyi ilə
hazırlanmış və 2002-ci il
sentyabrın 30-da qüvvəyə minmiş
"Dövlət dili haqqında” qanun Azərbaycan dilinin düzgün şəkildə tətbiqi və
inkişafı istiqamətində tədbir görülməsində
ən əhəmiyyətli sənədlərdən biridir.
Ulu
Öndərə məxsus bir fikir bu gün də bizim hər
birimiz üçün istiqamətverici məna
daşıyır: "...Musiqi də, ədəbiyyat da,
ayrı-ayrı tarixi abidələr də millətin milliliyini
təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq
edən onun dilidir.
Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan
dilində mahnılar da olmaz,
musiqi də olmaz”.
Ölkəmiz öz tarixi müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyası həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan dilinin dövlət dili kimi əbədiliyinə hüquqi zəmin yaradılmış, dilimizin fəaliyyət coğrafiyası daha da genişlənmiş, onun müxtəlif üslubları elmi araşdırmalarla dünya ictimaiyyətinə çatdırılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.
Dilşünas
alimlərimiz bildirirlər ki, Ulu Öndər Heydər
Əliyev ömrü boyu Azərbaycan dilinə məhz millətin
taleyi kimi yanaşmış, onu sevməklə bərabər
keşiyində də mərdliklə dayanmış,
nüfuzunu qaldırmış, varlığı və tərəqqisi
üçün illərlə mübarizə aparmış və
haqqa söykənən istəyinə nail olmuşdur.
Əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan
Azərbaycan dilinin inkişafı missiyasını uğurla
davam etdirən Prezident İlham Əliyev müasir dövrdə
dilimizə və dilçiliyimizə böyük diqqətlə
yanaşır. 2012-ci il
23 may tarixli "Azərbaycan
dilinin qloballaşma
şəraitində zamanın tələbinə uyğun istifadəsi və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət
Proqramı haqqında” sərəncamı Azərbaycan dilinə
olan böyük diqqətin
bariz nümunəsidir. 2013-2020-ci illəri
əhatə edən bu proqram
çərçivəsində bir
sıra zəruri tədbirlər həyata keçirilmişdir.
Ölkə rəhbərinin 13 noyabr
2017-ci il tarixli sərəncamı
isə dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə
xidmət edir. Sənəddə deyilir: "Qədim tarixi keçmişin izlərini
özündə yaşadan və milyonlarla azərbaycanlının ünsiyyət
vasitəsi olan Azərbaycan dili xalqımızın misilsiz
mənəvi sərvəti, milli
varlığımızın və dövlət müstəqilliyimizin
başlıca rəmzlərindəndir. Ən dərin fikirləri
və ən incə çalarlarınadək ifadə qüdrətinə
malik dilimiz öz kamilliyi və zənginliyinə
görə dünya dilləri içərisində
layiqli yeri bu gün də qoruyub saxlayır”.
Dövlət
dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz
işləkliyinin genişləndirilməsini və
sağlığının qorunmasını nəzərdə
tutan bu sənədlər ölkəmizdə dövlət
dilinin tətbiqinin normativ-hüquqi əsaslarını və
icra mexanizmini tam müəyyən etmişdir. Bütün
bunlar Azərbaycan dilinə məhz dövlətçiliyin əsas
atributlarından biri kimi yanaşmanın bariz nümunəsi,
dövlətin yüksək diqqət və qayğısının
təzahürüdür.
Qloballaşma
proseslərinin geniş vüsət aldığı müasir
dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən
sürətlə mənimsənilməsi, habelə maneəsiz
informasiya mübadiləsi imkanlarının artması ana
dilimizin potensial imkanlarından lazımınca istifadəsində
müəyyən çətinliklər yaratmaqdadır.
Mövcud şərait milli ideya - azərbaycançılıq
məfkurəsi işığında milli
varlığımızın ifadəsi olan Azərbaycan dilinin
saflığının qorunması, istər
danışıq, istərsə də ədəbi-bədii
yazılarda dildən düzgün istifadə daim diqqət mərkəzində
saxlanılmalıdır.
Rəhman SALMANLI
Azərbaycan.-2020.-21 fevral.- S.10.