Böyük himayədar, səmimi dost
Məcburi köçkünlərin sosial
problemlərinin həlli Birinci vitse-prezidentin xüsusi
diqqət mərkəzindədir
Ölkəmizdə
əhalinin həssas təbəqəsi kimi qaçqın və
məcburi köçkünlərə göstərilən
qayğı daim yüksələn xətt üzrə
inkişaf etməkdə, bu kateqoriyadan olan insanların mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılması
istiqamətində yeni mühüm tədbirlər həyata
keçirilməkdədir.
Sözügedən
proses Mehriban xanım Əliyevanın 3 il öncə Birinci
vitse-prezident təyin olunmasından sonra daha geniş vüsət
almağa başladı.
Ümumiyyətlə,
Mehriban xanım Əliyevanın fəaliyyətində
qaçqın və məcburi köçkünlərin
problemlərinin effektiv həlli hər zaman əsas istiqamətlərdən
birini təşkil edib.
Bunun
real təsdiqi Mehriban xanım Əliyevanın Birinci
vitse-prezident kimi fəaliyyətə başlamasından sonra əsas
diqqəti məhz qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həllinə
yönəltməsidir.
Uğurlu nümunə
Birinci
vitse-prezident kimi Mehriban xanım Əliyevanın 2017-ci il
martın 9-da ilk müşavirəsini Bakı və
Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti
məskunlaşmış qaçqın və məcburi
köçkün ailələrinin qəzalı binalardan
köçürülməsinə həsr etməsi deyilənlərin
bariz nümunəsidir. Mehriban
xanım Əliyevanın 2019-cu ilin avqustun 26-da, məhz doğum
günündə bir qrup
məcburi köçkünlə görüşməsi də
onun bu insanlara
diqqət və qayğısını təsdiqləyən
növbəti reallıqdır.
Günün
gerçəkliyi budur ki, Azərbaycanda xeyirxahlıq fəaliyyətinin
inkişafı məhz Mehriban xanımın rəhbəri
olduğu Heydər Əliyev Fondunun adı ilə
bağlıdır. Belə ki, Heydər
Əliyev Fondu fəaliyyətində
qaçqın və məcburi köçkünlərin
problemlərinin həllinə xüsusi
diqqət yetirir. Məcburi
köçkünlərin müvəqqəti
yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində
inşa edilən qəsəbələrə
köçürülməsi dövlətin bu
insanlara göstərdiyi
qayğının təzahürüdür. Ölkənin
müxtəlif yerlərində qaçqın və məcburi
köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması üçün
106 qəsəbə və şəhərcik salınıb.
106-cı "Qobu Park-2” yaşayış
kompleksidir. Bu kompleksin inşası Birinci
vitse-prezident Mehriban
Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Yəni bu
istiqamətdə atılan mühüm
addımlardan danışarkən ilk
növbədə Birinci vitse-prezident
Mehriban Əliyevanın rəhbərliyi ilə
həyata keçirilən tədbirləri vurğulamaq
lazımdır.
Artıq
Bakının Qaradağ rayonunda 1026 məcburi
köçkün ailəsi üçün
yaşayış kompleksi inşa edilib. Abşeron
rayonunun Masazır, Mehdiabad,
həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində
470 mənzil məcburi köçkünlərə təqdim edilib.
Qeyd
olunanlar bir daha bu reallığı ortaya qoyur ki, Azərbaycan
dövləti hər zaman vətəndaşlarının
qayğısına qalır, onların problemlərinin həlli
dövlət siyasətinin mühüm istiqamətini təşkil
edir. Bu məqama toxunan Mehriban
xanım Əliyeva qeyd edir:
"...İndiki mərhələdə
digər yerlərdə - yararsız binalarda,
yarımçıq tikilmiş binalarda, yataqxanalarda, pansionatlarda, uşaq
bağçalarında müvəqqəti məskunlaşmış
soydaşlarımızın vəziyyəti
yaxşılaşdırılmalıdır. İlk
mərhələdə ən ağır vəziyyətdə
yaşayan insanlar yeni mənzillərə
köçürülməlidir. Bundan sonra ardıcıl olaraq
digər qaçqın və köçkün
ailələrinin yaşayış vəziyyəti
yaxşılaşdırılmalıdır. Biz
bunun üçün
çalışırıq və
çalışacağıq. Mən əminəm ki, Azərbaycan dövləti bu
problemi öz gücü ilə həll edəcək. Bildiyiniz kimi, Azərbaycan bu gün güclü
və qüdrətli müstəqil dövlətdir... Azərbaycan
Prezidenti İlham
Əliyev üçün Azərbaycanın
və Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür
və biz bu yoldan dönməyəcəyik”.
Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binaları da istifadəyə verilib. Ötən il oktyabrın 8-də isə "Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.
Ağdama son 4 ildə
3 səfər
Ağdamdan
olan məcburi köçkünlər də həmişə
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və
qayığısını öz üzərlərində
hiss ediblər. Mehriban
Əliyevanın Ağdama, cəbhəyanı
ərazilərə səfərləri hər zaman
qaçqın və məcburi köçkünlərin böyük qayıdışa inamını daha da gücləndirib. Rayonun işğal altında olmayan
44 yaşayış məntəqəsində müxtəlif
dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və
abadlıq-quruculuq işləri aparılıb, Olimpiya
İdman Kompleksi, Ağdam Rayon Mərkəzi
Xəstəxanası və Uşaq Xəstəxanası,
Doğum Evi, Bayraq Meydanı və Bayraq
Muzeyi, Avtovağzal Kompleksi tikilib, Ağdam Dövlət
Dram Teatrının binası əsaslı
təmir olunub, xalçaçılıq
müəssisəsi yaradılıb, kəndlərarası avtomobil yolları yenidən qurulub,
39 ümumtəhsil məktəbi istifadəyə verilib. 6600-dən çox
məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə
18 ümumtəhsil və 3 musiqi məktəbi,
10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli
su xətləri çəkilib, digər mühüm infrastruktur
layihələri həyata keçirilib.
Qeyd
edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyeva son 4 ildə Ağdama 3 dəfə səfər
ediblər. Bu səfərlərdə
ağdamlılar dövlət başçısına möhtəşəm
dəstəyini, birmənalı
bağlılığını, Mehriban
xanım Əliyevaya isə güclü
etimadını yenə də nümayiş
etdiriblər. Hər bir səfər
ağdamlıların həyatında, xatirələrində
silinməz izlər qoyub.
Dörd
il öncə, 2016-cı ildə cəbhədə gərginliyin
yarandığı bir zamanda həyatlarına təhlükə
ola biləcəyini bilə-bilə Mehriban xanım Əliyeva
ilə birlikdə Ağdama səfər edən Prezident
İlham Əliyev ağır günlərdə əhalinin
yanında olub, onlara təsəlli verərək bir daha öz
dəstəklərini nümayiş etdirdilər. Bu səfər
insanlarda inam, dəyanət hissini, əsgərlərimizdə
isə döyüş əzmini qat-qat artırdı.
Xatırladaq ki, aprel döyüşləri zamanı Ermənistan silahlı birləşmələrinin atdığı mərmilər nəticəsində Ağdamda 743 ev dağıdılmışdı. Dövlət başçısı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayaraq Prezidentin Ehtiyat Fondundan vəsait ayırdı. Cəmi 6-7 ay ərzində dağıdılmış evlər yenidən quruldu və 2016-cı il dekabrın 3-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yenidən Ağdam rayonuna səfər edərək Mahrızlı kəndində tikilən həmin evlərdə yaradılan şəraitlə tanış oldular. Rayon ictimaiyyəti ilə görüşdə İlham Əliyev bunu aparılan siyasətin təzahürü adlandırdı və cəmi 6-7 ay ərzində görülən işləri dövlətin gücünün göstəricisi kimi qiymətləndirdi. Dövlət başçısı bəyan etdi ki, Ağdamın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yenidən qurulan bu evlərin timsalında güclənən Azərbaycan və onun mətin vətəndaşı görünür.
Məcburi
köçkünlərin dayağı
2018-ci il noyabr ayının 5-i isə Ağdamda yeni bir tarix yazıldı. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva cəbhə bölgəsinə səfər edərək növbəti dəfə ağdamlılara öz dəstəklərini nümayiş etdirdilər. Rayon əhalisi bir daha əmin oldu ki, İlham Əliyev və Mehriban Əliyeva onların birmənalı himayədarlarıdırlar.
Bu bir həqiqətdir ki, Ağdam hər zaman Qarabağ muğam mədəniyyətinin məkəzlərindən biri hesab olunub. Ərazisinin böyük hissəsi işğala məruz qalsa da, ötən illər ərzində muğam sənətini özünə və yaşamına dayanıqlı bir istinad nöqtəsi seçən Ağdamın görkəmli musiqiçiləri Qarabağ muğam məktəbi adlı tarixi ənənəni yaşatmaqda davam edirlər. Mehriban xanım Əliyevanın bu işdə əvəzsiz xidmətləri var. Fondun dəstəyi ilə Qarabağda üçüncü mərkəz 2018-ci ilin noyabrında Ağdamda açıldı. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak edərək bu işə öz dəyərli töhfələrini verdilər. Ağdam rayonunun ziyalılarının, incəsənət xadimlərinin iştirak etdiyi mərasimdə bildirildi ki, Muğam Mərkəzinin tikilməsi Mehriban xanım Əliyevanın bölgəyə olan böyük diqqət və qayğısının təzahürüdür. Muğam sənətimizi yaşadan, dünyaya tanıdan Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər əvəzsizdir.
Ağdama son səfərləri çərçivəsində dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Azərxalça”nın Ağdam filialınının və "Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Qarabağ Atçılıq Kompleksinin açılışında da iştirak ediblər.
Bütün bunlar məcburi köçkünlərə yüksək qayğının real təsdiqi olmaqla yanaşı, onların doğma torpaqlara qayıdacaqları günə olan əminliklərini də artırır. Ağdamdan olan məcburi köçkünlər onlara yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirir və onların ətrafında sıx birləşdiklərini bəyan edirlər.
Vasif HƏSƏNOV
YAP Ağdam Rayon Təşkilatının
Gənclər Birliyinin sədr müavini
Azərbaycan.-2020.-21 fevral.- S.1;7.