“Prezident
və Mehriban xanım bizi
yenidən həyata qaytardılar”
Zəlzələdən
sonra Şamaxıda Heydər Əliyev Fondunun xətti ilə
inşası və bərpası nəzərdə tutulan
bütün evlərdə işlər başa
çatdırılıb
Baş
vermiş təbii fəlakətdən sonra Şamaxının
Muğanlı kəndində yaşayan Maarif Səfərova məxsus
fərdi yaşayış evi də qəzalı vəziyyətə
düşüb.
Ailənin
köməyinə isə tezliklə Heydər Əliyev Fondu
yetişib. Cəmi iki ay müddətinə Mehriban
Əliyevanın göstərişi ilə evin
yerində 3 otaqlı yenisi inşa
olunub. 6 nəfərlik ailə indi həmin mənzildə yaşayır.
Cəmi iki aya yeni ev tikdilər
Günəşin
boylanmasına baxmayaraq, dağların qoynunda yerləşən
Muğanlıda hava şaxtalı idi. Rayon
mərkəzindən fərqli olaraq hələ
bir neçə gün
əvvəldən yağan qar əriməmişdi. Amma
bu sazaqlı hava Maarif kişinin ailəsini
qorxutmurdu. Çünki
keçən il Heydər Əliyev Fondunun onlar üçün tikdiyi evin istisini heç
nə soyuda bilməzdi.
Həmin
günləri xatırlayan Maarif Səfərov deyir: "Zəlzələdən
sonra ailəmiz tamamilə ümidsiz idi. İllərboyu min əziyyətlə ərsəyə gətirdiyimiz
ev bir anın
içində qəzalı vəziyyətə düşmüşdü. Evə girmək belə
olduqca təhlükəli idi.
Tavan, divarlar hər an uça bilərdi. Ona görə ailə üzvlərimizin hərəsi
bir qohum evinə yerləşdi.
Amma qohum-qardaş
evində nə qədər yaşamaq olar? Gözləmədiyimiz halda
Heydər Əliyev Fondundan gəldilər,
evə baxdılar və dedilər ki, Mehriban xanımın
tapşırığı ilə bizim üçün yeni ev tikəcəklər. Necə demişdilərsə
elə də oldu. Cəmi iki
aya evi söküb
yerində təzə 3 otaqlı ev bina etdilər. Sanitar qovşaq da evin içindədir. Üstəlik mebel də verdilər. Bu ev Mehriban xanımın bizə
hədiyyəsidir”.
Keçən
ilin sentyabr ayında Şamaxıya səfər edən Birinci
vitse-prezident Mehriban Əliyevanın baş çəkdiyi
ünvanlardan biri də bu ev idi. Ev sahibinin sözlərinə görə, Mehriban xanımın və qızı
Leylanın gəlişi ailə üçün
əsl bayram olub. Mehriban Əliyeva yeni evlə
tanış olaraq ailəyə
xeyir-dualarını verib. Səfərovlar
ailəsi ən çətin anlarda
onların yanında olmalarına və zəlzələnin
törətdiyi fəsadların aradan
qaldırılması üçün
göstərdikləri köməyə görə Prezident İlham Əliyevə
və Birinci vitse-prezident
Mehriban Əliyevaya dərin təşəkkürünü
bildiriblər.
Şamaxının
rayon mərkəzində Şirvanşah İbrahim
küçəsində yaşayan Ağayusif Məmmədovun
evi də Heydər Əliyev Fondu tərəfindən yenidən
tikilib. "Zəlzələdən sonra
evim böyük zərər
çəkdi. Uçub, dağılmaq
üzrəydi. Bərpası mümkün
deyildi. Heydər Əliyev Fondunun
nümayəndələri evə baxandan sonra qərara alındı ki,
sökülsün. Qısa vaxtda yeni, kürsülü
ev tikdilər. Sağ olsun Mehriban xanım, bizi çətin vəziyyətdən xilas etdi, necə deyərlər,
isti ocağımızı
özümüzə qaytardı. Allah
hörmətli prezidentimizdən və Mehriban
xanımdan razı olsun. Çünki
onlar dar günlərdə
şamaxılılara həyan oldular”.
Üç rayonda 541 ev
Qeyd
edək ki, baş vermiş dağıdıcı zəlzələdən
sonra Şamaxı, Ağsu və İsmayıllı
rayonlarının sakinləri tərəfindən Fövqəladə
Hallar Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına
ümumilikdə 10650 müraciət daxil olub. Bu barədə danışan FHN-in
zəlzələ bölgəsi üzrə qərargahının
rəisi Həsən Qasımzadə bildirdi
ki, müraciətlərlə əlaqədar
müvafiq komissiya tərəfindən
10609 evə baxış keçirilib və
akt tərtib olunub.
Keçən
il dekabrın 5-dək üç rayon üzrə 580 qəzalı
evin yenidən tikintisinə dair qərar qəbul edilib. Artıq
bunlardan 541-nin tikintisi
başa çatdırılıb və
sakinlərin istifadəsinə verilib. 39
evdə isə son tamamlama
işləri aparılır və yaxın günlərdə tam başa
çatdırılacaq.
Şamaxıda
yeni evlə təmin olunanlardan biri də Saray nənədir. Məlum
olduğu kimi, Prezident İlham Əliyev
zəlzələnin səhərisi günü
Şamaxıya səfəri zamanı yaşı 100-ə
yaxınlaşan Saray nənə ilə görüşüb söhbətləşmişdi.
Martın 7-də isə İlham Əliyev
və Mehriban Əliyeva birlikdə Saray nənəyə baş
çəkmişdilər. Şamaxıya səfərimiz
çərçivəsində Saray nənə
ilə söhbətləşib hal-əhval tutduq,
yeni evindəki şəraiti ilə
tanış olduq. Hərəkətində
çətinlik çəksə də, yaddaşı iti olan Saray
nənənin sözündən, söhbətindən sanki gənclik enerjisi hiss edilirdi: "Allah heç kimi evsiz-eşiksiz
qoymasın. Ömrüm boyu
işləmişəm, öz zəhmətimizlə
dolanmışıq. Amma hardan
biləydik ki, bir gün soyuqda evsiz qalacağıq. Allah Prezidentimizə
ömür versin, İlham da, Mehriban da mənim
balalarım kimidi. Zəlzələnin səhərisi bir də gördüm ki, İlham o qapıdan gəlir, elə bil mənə
dünyanı verdilər.
İstədim ayağa qalxım,
əlini çiynimə
qoydu ki, durma. Bir xeyli söhbət
etdik, sonra evə baxdı. Ay bala, gör indi nə qəşəng
ev tikdirib
İlham oğlum. Allah onun ailəsini,
balalarını xoşbəxt
etsin”.
Prezidentin baş verənlərə
operativ reaksiyası nəticəsində Saray nənə Novruz bayramını yeni evində qeyd edir. Evdə olan bütün
əşyaları da dövlət başçısı
hədiyyə edib.
Şamaxıda evi yenidən tikilən sakinlərdən
biri də şəhər sakini Vahid Şıxıyevdir. "Qəzalı vəziyyətə
düşən evim 3
otaqlı idi. Amma Prezidentin sayəsində yerində dördotaqlı
ev tikildi”, - deyə o bildirdi.
Hazırda Şamaxıda yenidən tikilməkdə olan evlərin sayı 16-dır. Onlardan şəhərin A.M.Şərifzadə, 28 May və M.F.Axundov küçələrində tikilməkdə olan evlərlə maraqlandıq. Demək olar ki, bütün evlər əvvəlkilərdən daha geniş olmaqla inşa olunur. Evləri yenidən inşa olunan sakinlərdən Fəxrəddin Əhmədov, Paşa Əhmədov, Gülpəri Hüseynova, Məlahət Həmidova onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. "Zəlzələ nəticəsində evimiz tamamilə qəzalı vəziyyətə düşdü. Sağ olsun Prezidentimiz və Mehriban xanım. Onların qayğısı ilə evimizin yerində yeniləri inşa olunur. Özü də əvvəlkindən geniş və yaraşıqlı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına da minnətdarıq, çünki xüsusi fədakarlıqla çalışırlar. Tezliklə yeni evimizə köçəcəyik”.
Yeni
tikilən evlərlə yanaşı, ötən müddət
ərzində Şamaxıda bərpasına ehtiyac olan 2063 evin
1798-də bərpa işlərinə başlanılıb. Bunlardan 1727-də
işlər tam başa
çatdırılıb və sakinlərinə təhvil verilib. 71 evdə isə son
tamamlama işləri gedir.
Şamaxıda bir daha
əmin olduq ki, Prezident İlham
Əliyevin tapşırıqlarına əsasən, zəlzələnin
nəticələri sürətlə aradan
qaldırılır. Bütün bunlar isə rayon ictimaiyyəti
tərəfindən böyük
razılıqla qarşılanır.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.-21 fevral.- S.1;7.