2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 257 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Qərar ¹ 28/313

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 12 saylı Qaradağ - Binəqədi - Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizəd Cəfərov Natiq Mehman oğlu 2020-ci il fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 19/63 saylı qərarını mübahisələndirərək seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv olunmasını xahiş etmişdir.

Müraciətin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmişdir. Müraciətlə bağlı əlavə araşdırmanın zəruri olması ilə əlaqədar ekspert qrupunun üzvü tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırılmışdır. Vəsatət onunla əsaslandırılmışdır ki, 2020-ci il fevralın 20-də ərizəçi tərəfindən araşdırmaya bir neçə protokol təqdim edilmişdir. Bununla əlaqədar olaraq araşdırmanın hərtərəfli aparılması məqsədilə araşdırma müddətinin artırılması zəruridir.

Vəsatət əsaslı olduğundan təmin edilməli, əlavə araşdırılma aparılması üçün müddət 3 gün artırılmalıdır.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1.10-cu maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 9.6-cı bəndinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 12 saylı Qaradağ - Binəqədi - Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizəd Cəfərov Natiq Mehman oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 257 saylı müraciətinin araşdırılması müddəti 3 gün artırılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

20.02.2020

Azərbaycan.-2020.- 21 fevral.- S.8.