2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
17 fevral 2020-ci il tarixli 255 saylı və 18 fevral
2020-ci il tarixli 271
saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 28/316
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 125 saylı Zəngilan - Qubadlı
seçki dairəsi üzrə qeydə alınmış
namizədlər Azadoğlu Nazim Azad oğlu fevralın 17-də
və Kərimov Faiq Alməmməd oğlu fevralın 18-də
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi Seçki Komissiyası)
yazılı müraciətlə həmin seçki dairəsinin
bir sıra seçki məntəqələrində səsvermə
günü baş vermiş qanun pozuntularının
araşdırılmasına dair dairə seçki
komissiyasının 16 fevral 2020-ci il tarixli 31/161 saylı və
17 fevral 2020-ci il tarixli 32/164 saylı qərarlarını
mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi
yolu ilə pozulmuş hüquqlarının bərpa
olunmasını xahiş etmişlər.
Müraciətlər
eyni məzmunlu olduğundan və 125 saylı Zəngilan -
Qubadlı seçki dairəsinin eyni məntəqələrini
əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”a
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvləri tərəfindən
araşdırılaraq rəy verilmiş və Komissiyanın
iclasında baxılmışdır.
Namizədlər
N.A.Azadoğlu və F.A.Kərimov müraciətlərində
bildirmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş
Milli Məclisə seçkilərdə dairə üzrə əksər
seçki məntəqələrində səsvermədə
iştirak edən seçicilərin sayının az
olmasına baxmayaraq, məntəqə seçki
komissiyaları tərəfindən lider namizədin xeyrinə
səslər süni şəkildə
artırılmış, onlara verilən səslər
azaldılmış, müşahidəçilərə səsvermənin
yekununa dair protokolun surəti verilməmiş və digər
qanun pozuntularına yol verilmişdir.
Yuxarıda
qeyd olunanlarla əlaqədar namizədlər N.A.Azadoğlu və
F.A.Kərimov 125 saylı Zəngilan - Qubadlı seçki dairəsi
dairə seçki komissiyasına müraciət etmiş,
komissiya tərəfindən şikayətlər
araşdırılmış, həmin dairə seçki
komissiyasının yuxarıda gostərilən müvafiq qərarları
ilə müraciətlər əsassız hesab edilərək
təmin olunmamışdır.
Araşdırma
prosesində ərizəçilərlə əlaqə
saxlanılmış, araşdırma və iclasda iştirak
etmək, həmçinin digər hüquqlarının
olması izah edilmiş, F.A.Kərimovun Komissiyanın
iclasında iştirakı təmin edilmiş, N.A.Azadoğlu isə
dəvət olunmasına baxmayaraq Komissiyanın iclasında
iştirak etməmişdir.
Dairə
seçki komissiyasının mübahisələndirilən qərarları
və digər sənədlər araşdırma
materiallarına əlavə edilmişdir.
125 saylı
Zəngilan - Qubadlı seçki dairəsinin dairə
seçki komissiyası qeyd edilən qərarlarını
onunla əsaslandırmışdır ki, araşdırma ilə
seçki məntəqələrində baş verməsi
ehtimal olunan qanun pozuntuları təsdiqini
tapmadığından və səsvermənin keçirilməsi
və ya səsvermənin nəticələrinin hesablanması
zamanı həmin seçki məntəqələri üzrə
seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan verməyən qanun pozuntuları
aşkarlanmadığından qeydə alınmış namizədlər
N.A.Azadoğlu və F.A.Kərimovun müraciətləri əsassız
olduğu üçün təmin edilməməlidir.
Araşdırma
zamanı müəyyən edilmişdir ki, səsvermə
günü seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40,
55 və 59 saylı seçki məntəqələrindən
başqa digər məntəqələrdə baş verməsi
iddia edilən qanun pozuntuları təsdiqini tapmamış,
seçicilər sərbəst şəkildə səs verərək
öz iradələrini ifadə etmiş, məntəqə
seçki komissiyasının səsvermənin nəticələrinə
dair protokolu Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə
seçki komissiyası düzgün nəticəyə gəlmişdir.
Sosial
şəbəkələr vasitəsilə paylaşılan və
şikayətçilərin araşdırmaya təqdim etdikləri
videogörüntülər araşdırılarkən müəyyən
edilmişdir ki, 10, 32, 37, 38, 39, 40 və 55 saylı seçki məntəqələri
üzrə seçki qanunvericiliyinin tələblərinin
pozulması halı təsdiqini tapmışdır.
Hazırkı
araşdırma ilə əlaqədar dairə seçki
komissiyasından mübahisələndirilən məntəqə
seçki komissiyalarının səsvermənin nəticələrinə
dair protokolları alınaraq onlara baxış
keçirilmişdir. Baxış zamanı
1, 10, 13, 36 və 59 saylı seçki məntəqələrinin
səsvermənin nəticələrinə dair
protokollarındakı məlumatların şikayətçinin
təqdim etdiyi protokol
nüsxələri ilə müqayisədə fərqli olduğu aşkarlanmışdır.
Müqayisəli araşdırma zamanı bu
və ya digər formada
seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan verməyən pozuntular
müəyyən edilmişdir.
Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab ediləməli olan seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir.
Belə
ki, səsvermənin nəticələri etibarsız hesab edilməli
olan seçki məntəqələrinin sayı 11, seçki
dairəsində olan seçki məntəqələrinin
ümumi sayı 59-dur.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində
göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi
Seçki Komissiyası birmandatlı seçki dairəsi
üzrə aşağıdakı hallarda seçkiləri
etibarsız sayır:
-
170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin
nəticələrinin müəyyənləşdirilməsi
zamanı seçki dairəsi üzrə yol verilən qanun
pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədikdə;
-
170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə
zamanı səsvermənin nəticələri etibarsız
sayılmış seçki məntəqələrinin
sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin
ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil
etdikdə və ya ləğv edildikdə, o şərtlə
ki, həmin seçki məntəqələrində qeydə
alınmış seçicilərin sayı seçki dairəsi
üzrə qeydə alınmış seçicilərin
ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamışdır.
Beləliklə,
125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin həmin
məntəqələri üzrə göstərilən hallar
öz təsdiqini tapdığından şikayətlərin
qismən təmin olunması üçün hüquqi əsaslar
yaranmışdır.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə
seçkilərdə 125 saylı Zəngilan - Qubadlı
seçki dairəsi üzrə qeydə alınmış
namizədlər Azadoğlu Nazim Azad oğlu və Kərimov
Faiq Alməmməd oğlunun müraciətləri qismən təmin
olunsun, həmin seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39,
40, 55 və 59 saylı seçki məntəqələri
üzrə səsvermənin nəticələri etibarsız
sayılsın.
2.
Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli
31/161 və 17 fevral 2020-ci il tarixli 32/164 saylı qərarları
1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri
üzrə hissədə ləğv edilsin, digər hissələrdə
dəyişdirilmədən saxlanılsın.
3. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2020.- 21 fevral.- S.8.