2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
17 fevral 2020-ci il tarixli 242 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 28/317
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 107 saylı Qazax seçki dairəsi
üzrə qeydə alınmış namizəd
Göyüşov Ramil Vahid oğlu 2020-ci il fevralın 17-də
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına
(Mərkəzi Seçki Komissiyası) yazılı müraciət
edərək həmin seçki dairəsi dairə seçki
komissiyasının 13 fevral 2020-ci il tarixli 18/50 saylı qərarını
mübahisələndirmiş, həmin qərarın ləğvini
və seçki dairəsi üzrə səsvermənin nəticələrinin
etibarsız hesab olunması barədə qərar verilməsini
xahiş etmişdir.
Şikayət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”a
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
yaradılmış ekspert qrupunun üzvü tərəfindən
icraata qəbul edilmiş, araşdırılaraq bu barədə
rəy verilmiş və Komissiyanın iclasında
baxılmışdır.
Qeydə
alınmış namizəd R.V.Göyüşov qanunla nəzərdə
tutulmuş müddətdə 1, 3, 5, 6, 7, 8, 9, 13, 16, 17, 18, 25,
30, 33, 35 saylı məntəqələrdə baş
vermiş qanun pozuntuları ilə bağlı 107 saylı
Qazax seçki dairəsinin dairə seçki komissiyasına
müraciət etmiş, dairə seçki komissiyasının
18/50 saylı qərarı ilə onun müraciəti əsassız
hesab edilərək təmin olunmamışdır.
Dairə
seçki komissiyasının mübahisələndirilən qərarı
və digər sənədlər araşdırma
materiallarına əlavə edilmişdir.
107
saylı Qazax seçki dairəsinin dairə seçki
komissiyası qərarını onunla əsaslandırmışdır
ki, yuxarıda qeyd edilən seçki məntəqələrində
baş verməsi ehtimal olunan qanun pozuntuları ilə
bağlı iddialar öz təsdiqini tapmadığından
qeydə alınmış namizəd R.V.Göyüşovun
müraciəti əsassız hesab olunaraq təmin edilməmişdir.
Mərkəzi
Seçki Komissiyasına müraciətində o, səsvermə
günü 107 saylı Qazax seçki dairəsinin 1, 2, 4, 6, 8,
9, 12, 13, 17, 18, 25, 26, 29 və 33 saylı seçki məntəqələrində
məntəqə seçki komissiyalarının üzvləri
tərəfindən müşahidənin aparılması
üçün normal şəraitin yaradılmaması, məntəqə
seçki komissiyalarının üzvləri tərəfindən
müşahidə prosesinə maneçilik törədilməsi,
səsvermə başlamazdan əvvəl seçki bülletenlərinin
masanın üzərinə qoyulmaması, iki nəfərin bir
kabinada səs verməsi, bir nəfərə iki bülleten
verilməsi, seçki hüququ olmayan şəxslərin
seçki məntəqəsinə daxil olması, seçki məntəqələri
üzrə adları seçici siyahılarında olmayan şəxslərin
səsvermədə iştirak etməsi və digər qanun
pozuntularına yol verildiyini göstərərək bu
pozuntuların araşdırılmasını, adları qeyd
edilən məntəqələr üzrə səsvermənin
nəticələrinin ləğvini və seçki dairəsi
üzrə səsvermənin nəticələrinin
etibarsız hesab olunmasını xahiş etmişdir. Müraciətə səsvermə günü
müxtəlif seçki məntəqələrində
baş verməsi iddia
edilən video görüntülərin
toplandığı 1 ədəd elektron məlumat
daşıyıcısı və həmin seçki
dairəsinə daxil olan
seçki məntəqələrində
tərtib olunması iddia edilən
aktların və digər məlumat xarakterli
materialların kserosurətləri əlavə edilmişdir.
Qeydə
alınmış namizəd R.V.Göyüşova
araşdırmada və Mərkəzi Seçki
Komissiyasının iclasında iştirak etmək və digər
hüquqları izah edilmişdir.
Araşdırmanın
tamlığı, hərtərəfliliyi və obyektivliyi
prinsipi əsas götürülərək səsvermə günü
həmin seçki dairəsi ilə bağlı sosial şəbəkələrdə
olan məlumatlar, seçki komissiyalarının seçkilərin
yekununa dair protokol məlumatları və şikayətçilər
tərəfindən araşdırmaya təqdim olunmuş sənədlər
və videomateriallar, həmçinin dairə seçki
komissiyasının mübahisələndirilən qərarı
və digər sənədlər tədqiq edilmişdir. Təqdim olunmuş bir ədəd elektron məlumat
daşıyıcısına baxış keçirilərkən
müəyyən edilmişdir ki, bu
daşıyıçıda 107 saylı Qazax
seçki dairəsinin 1, 2, 3, 4. 9, 12, 13,
17, 18, 22, 25 , 29 və 34 saylı seçki
məntəqələrindən görüntülər
vardır.
Araşdırma
zamanı 107 saylı Qazax seçki dairəsi üzrə səsvermə
günü ilə əlaqədar yayımlanan və şikayətçi
tərəfindən təqdim olunmuş videomateriallara
baxış nəticəsində aydın olur ki, bu
görüntülərdə həmin məntəqələrdə
baş verməsi ehtimal olunan ayrı-ayrı prosedur
pozuntuları əks olunmuşdur. Həmin videomateriallara keçirilmiş
baxışdan və dairə seçki
komissiyasından müxtəlif siyasi
partiyaları təmsil edən müşahidəçilərdən,
səlahiyyətli nümayəndə, vəkil edilmiş
şəxs və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən
alınmış izahatlardan müəyyən
edilmişdir ki, səsvermə günü 2 saylı seçki
məntəqəsi istisna olmaqla,
mübahisələndirilən digər seçki
məntəqələrində baş verməsi
iddia edilən qanun
pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst
şəkildə səs verərək öz
iradələrini ifadə etmiş, səslər qanunvericiliyin tələbinə
uyğun olaraq
hesablanmış, məntəqə seçki
komissiyasının səsvermənin nəticələrinə
dair yekun protokolu Seçki Məcəlləsinin
tələblərinə uyğun tərtib
olunaraq maraqlı seçki
subyektlərinə verilmişdir və beləliklə
dairə seçki komissiyası 2 saylı
seçki məntəqəsi istasna olmaqla, düzgün nəticəyə gəlmişdir.
Araşdırma nəticəsində 2 saylı seçki məntəqəsində seçicilərin iradələrini sərbəst ifadə etmələrinə maneə yaradan qanun pozuntuları müəyyənləşdirilmişdir. Həmin qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə 2 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaradır. Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqəsinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir. Həmin seçki məntəqələrində seçici siyahılarında olan seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən azını təşkil edir.
Belə
ki, səsvermənin nəticələri etibarsız hesab edilməli
olan seçki məntəqələrinin sayı 1, seçki
dairəsində olan seçki məntəqələrinin
ümumi sayı 37-dir.
Seçki
Məcəlləsinin 170.2-ci maddəsində göstərilir
ki, dairə seçki komissiyası və ya Mərkəzi
Seçki Komissiyası birmandatlı seçki dairəsi
üzrə aşağıdakı hallarda seçkiləri
etibarsız sayır:
-
170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin
nəticələrinin müəyyənləşdirilməsi
zamanı seçki dairəsi üzrə yol verilən qanun
pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədikdə;
-
170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə
zamanı səsvermənin nəticələri etibarsız
sayılmış seçki məntəqələrinin
sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin
ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil
etdikdə və ya ləğv edildikdə, o şərtlə
ki, həmin seçki məntəqələrində qeydə
alınmış seçicilərin sayı seçki dairəsi
üzrə qeydə alınmış seçicilərin
ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
Göstərilənlərə
əsasən müraciətin qismən təmin edilməsi,
seçki dairəsinin 2 saylı seçki məntəqəsi
üzrə səsvermənin nəticələrinin
etibarsız hesab edilməsi və dairə seçki
komissiyasının qərarının həmin seçki məntəqəsinə
aid hissədə ləğv edilməsi, üçün
hüquqi əsaslar yaranmışdır.
Yuxarıda
göstərilənləri əsas götürərək, Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisinə
seçkilərdə 107 saylı Qazax seçki dairəsi
üzrə qeydə alınmış namizəd
Göyüşov Ramil Vahid oğlunun 17 fevral 2020-ci il tarixli
242 saylı müraciəti qismən təmin edilsin, 2 saylı
seçki məntəqəsi üzrə səsvermənin nəticələri
etibarsız hesab edilsin.
2.
Dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli
18/50 saylı qərarı 2 saylı seçki məntəqəsinə
aid hissədə ləğv edilsin, qərar digər hissədə
dəyişdirilmədən saxlanılsın.
3. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.9.