2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə 17 fevral 2020-ci il tarixli 247 saylı
müraciətə baxılması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 28/319
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsi
üzrə qeydə alınmış namizəd Qəribov Rəşad
Fərhad oğlu 2020-ci il fevralın 17-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
həmin seçki dairəsi dairə seçki
komissiyasının 16 fevral 2020-ci il tarixli 23/75 saylı qərarını
mübahisələndirərək, seçki dairəsinin əhatə
etdiyi bəzi seçki məntəqələri üzrə səsvermənin
nəticələrinin etibarsız hesab olunmasını və
seçki dairəsi üzrə seçkilərin nəticələrinin
ləğvi barədə qərar verilməsini xahiş
etmişdir.
Şikayət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına və dairə seçki
komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında
Təlimat”a uyğun olaraq Mərkəzi Seçki
Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən
icraata qəbul edilmiş, araşdırılaraq bu barədə
rəy verilmiş və Komissiyanın iclasında
baxılmışdır.
Ərizəçi
müraciətində səsvermə günü 57 saylı
Kürdəmir seçki dairəsinin seçki məntəqələrində
səsvermənin nəticələri haqqında
protokolların tərtib edilməsi zamanı qanun
pozuntularına yol verilməsini bildirmiş, adı seçici
siyahısında olmayan şəxslərin səs verməsi,
eyni şəxsin bir neçə dəfə səs verməsinə
şərait yaradılması, səsvermənin nəticələri
haqqında protokolların verilməməsi, bir şəxsin
bir neçə seçki məntəqəsində səs
verdiyini iddia edərək həmin seçki məntəqələri
üzrə səsvermənin nəticələrinin ləğvini
tələb etmişdir. Müraciətə 18 protokol nüsxəsi,
fotoşəkillər və videogörüntülər əlavə
olunmuşdur.
Namizədin
araşdırmada və Mərkəzi Seçki
Komissiyasının iclasında iştirakı təmin
edilmişdir.
Araşdırma
ilə əlaqədar sosial şəbəkələrdə
yayılan görüntülər, təqdim edilən fotoşəkillər
və video materiallar nəzərdən keçirilərkən
səsvermə prosesində, səslərin hesablanmasında və
səsvermənin nəticələrinə dair protokolların
tərtib edilməsində bu və ya digər şəkildə
seçkilərin nəticəsinə təsir edə biləcək
hallar yalnız 7, 18 və 20 saylı seçki mənqələrində
müşahidə edilmişdir ki, bu da seçicilərin iradəsini
müəyyən etməyə imkan verməyən pozuntu kimi
qiymətləndirilməlidir.
Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş protokol nüsxələrinin müqaisəli araşdırılması nəticəsində 27 və 33 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkarlanmışdır.
Aşkar
edilən pozuntular seçki qanunvericiliyinin tələblərinə
görə məntəqə seçki komissiyalarında səsvermənin
nəticələrinin etibarsız hesab edilməsi
üçün əsas yaratdığından 7, 18, 20, 27 və
33 saylı seçki məntəqələri üzrə səsvermənin
nəticələrinin etibarsız hesab edilməsi
üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri
etibarsız hesab ediləməli olan seçki məntəqələrinin
sayı seçki dairəsində olan seçki məntəqələrinin
ümumi sayının 2/5 hissəsindən
azını təşkil edir.
Belə
ki, səsvermənin nəticələri etibarsız hesab edilməli
olan seçki məntəqələrinin sayı 5, seçki
dairəsində olan seçki məntəqələrinin
ümumi sayı 42-dir.
Seçki
Məcəlləsinin 170.2-ci maddəsində göstərilir
ki, dairə seçki komissiyası və ya Mərkəzi
Seçki Komissiyası birmandatlı seçki dairəsi
üzrə aşağıdakı hallarda seçkiləri
etibarsız sayır:
-
170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin
nəticələrinin müəyyənləşdirilməsi
zamanı seçki dairəsi üzrə yol verilən qanun
pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədikdə;
-
170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə
zamanı səsvermənin nəticələri etibarsız
sayılmış seçki məntəqələrinin
sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin
ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil
etdikdə və ya ləğv edildikdə, o şərtlə
ki, həmin seçki məntəqələrində qeydə
alınmış seçicilərin sayı seçki dairəsi
üzrə qeydə alınmış seçicilərin
ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
Beləliklə,
Qəribov Rəşad Fərhad oğlunun müraciəti qismən
təmin edilməli, 7, 18, 20, 27 və 33 saylı seçki məntəqələri
üzrə səsvermənin nəticələri etibarsız
hesab olunmalı, dairə seçki komissiyasının 16 fevral
2020-ci il tarixli 23/75 saylı qərarı 7, 18, 20, 27 və 33
saylı seçki məntəqələri üzrə hissədə
ləğv edilməli, qalan hissədə isə dəyişdirilmədən
saxlanılmalıdır.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsi
üzrə qeydə alınmış namizəd Qəribov Rəşad
Fərhad oğlunun 17 fevral 2020-ci il tarixli 247 saylı
müraciəti qismən təmin edilsin, 7, 18, 20, 27 və 33
saylı seçki məntəqələri üzrə səsvermənin
nəticələri etibarsız hesab edilsin.
2.
Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli
23/75 saylı qərarı 7, 18, 20, 27 və 33 saylı
seçki məntəqələri üzrə hissədə ləğv
edilsin, digər hissələrdə isə dəyişdirilmədən
saxlanılsın.
3. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.9.