Azərbaycan-İtaliya biznes forumu : ikitərəfli
əlaqələrin tarixində yeni səhifə
Fevralın
21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev biznes forumda
iştirak edib.
Tədbirin aparıcısı:
Hamınızı salamlayıram. Bu gün burada bu qədər
çox olduğunuza görə sizə təşəkkür
edirəm. Bu gün biznes forumu açıq elan edirik. Mən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi
burada gördüyümə çox şadam və şərəf
hissi keçirirəm. İtaliyanın Xarici İşlər və
Beynəlxalq Əməkdaşlıq nazirini burada görməkdən
çox məmnunam. Vaxt itirmədən sözü Xarici
İşlər və Beynəlxalq Əməkdaşlıq
nazirinə verirəm.
İtaliyanın
Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq
naziri biznes forumda çıxış etdi.
Nazir Luici Di Mayonun çıxışı
- Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev.
Əziz həmkarım Xarici İşlər naziri, hörmətli iş adamları, xanımlar və cənablar.
Bu
gün sizi Xarici İşlər Nazirliyində görməkdən,
xüsusilə də hörmətli Prezident cənab Əliyevlə
birlikdə forumda iştirakdan çox böyük məmnunluq
hissi duyuram. Bu gün burada olan nazirləri, eləcə də
həm İtaliya, həm də Azərbaycan tərəfdən
forumda iştirak edən iş adamlarını, dövlət
qurumlarının nümayəndələrini salamlayıram.
Biz
qeyd etmək istəyirik ki, İtaliya Aralıq dənizi və
Avropa, Afrika və Asiya ilə bir yerdə böyük bir
körpü təşkil edir. Bu körpü Avropa ilə
Asiya arasında strateji tərəfdaşlığa malikdir. Azərbaycan
və İtaliya istər tarixi, istərsə də coğrafi
cəhətdən qədim ölkələrdir. Məşhur
italyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycan
haqqında, Yanardağ haqqında
danışmışdır. O, hələ XIII əsrdə
iş adamlarına, yəni, o vaxtın tacirlərinə Azərbaycan
haqqında məlumat vermişdir.
Azərbaycan ilə İtaliya arasında münasibətlər həm dostluq əlaqələrinə əsaslanır, həm də mədəni, etnik, dini və müxtəlif dilləri birləşdirən dialoq üzərində qurulmuşdur. Sizin bu gün İtaliyaya səfəriniz ilk dövlət səfərinizdir. Bu, bizim əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir.
Roma
ilə Bakı arasındakı dostluğu və
yaxınlığı Sizin İtaliyaya bu səfəriniz bir
daha təsdiqləyir. Son illərdə İtaliya ilə
Azərbaycan arasında ticari əlaqələr möhkəmlənib.
Bu, bizim əlaqələrimizin dinamik şəkildə
inkişafına böyük dəstək verib.
Dünən Çoxtərəfli Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizə növbəti dəstək verəcək. Biz bilirik ki, bu əlaqələr təkcə energetika sahəsində deyil, eləcə də Roma ilə Bakı arasında olan körpünü özündə birləşdirir və münasibətlərimizin daha geniş şəkildə inkişafına kömək edəcək.
İtaliya
Azərbaycanın birinci ticari tərəfdaşı hesab
olunur. On ildən az müddətdə bizim ticari əlaqələrimiz
70 faizə qədər artıb. Son on ildə İtaliyanın Azərbaycandan olan
idxalı 55,5 milyard avro təşkil edib. Bu gün burada iştirak edən italyan şirkətləri
müxtəlif sahələr - nəinki neft və qaz sahəsi,
eləcə də digər sahələr üzrə fəaliyyət
göstərirlər. Bu şirkətlərin
əlaqələrimizin inkişafına öz dəstəyini
verməsi gözlənilir. Son 15 ildə
İtaliya şirkətləri tərəfindən Azərbaycanda
qazanılmış tenderlərin dəyəri 7 milyard avro təşkil
edir.
Bizim münasibətlərimiz mühüm strateji əməkdaşlığımızı
bir daha təsdiq edir. Həqiqətən də Azərbaycan hökumətinin
iqtisadiyyat sahəsində, eləcə də iş adamları
ilə münasibətləri möhkəmlətmək istiqamətində
göstərdiyi səylərə görə çox
böyük minnətdarlığımızı bildiririk.
Hökumət biznes mühitinin, eləcə də KOB-ların
və digər iş adamlarının hüquqi sistem
baxımından qorunmasına böyük dəstək
göstərir. Biz buna görə də təşəkkürümüzü
bildiririk.
Bizim 100-dən çox şirkətimiz hazırda Azərbaycanda
fəaliyyət göstərir. İstər dizayndan
turizmə, istər aqrar sənayedən yaşıl
texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər
hər bir sahədə biz Azərbaycanda fəaliyyət
göstəririk. Təbii ki, bu, şirkətlərimizə
Azərbaycanda göstərilən böyük dəstəyin
nəticəsidir.
Cənab
Prezident, mən bilirəm ki, bizim sənaye sahəsində əməkdaşlığımızı
gücləndirmək üçün lazımi şərtlərimizin
hamısı var. Biz bu fürsətləri, eləcə də
imkanları bir yerdə dəyərləndirməliyik.
Mən bu gün biznes forumun əsas sektorlarını
düşünəndə demək istəyirəm ki,
İtaliya bütün bu sahələr üzrə dünya səviyyəsində
böyük təcrübəyə malikdir. Məsələn,
infrastruktur və nəqliyyat sahəsində İtaliya
dünya səviyyəsində özünün əvəzolunmaz
rolunu oynamışdır. Xüsusən də
bu, şirkətlərin beynəlmiləlləşdirilməsi
və KOB-lara dəstək verilməsində böyük rol
oynayır. Biz əminik ki, italyan şirkətlərinin
bacarıqları sizə kömək edəcək. Bu sahədə göstərdiyi dəstəklə,
yeni İpək Yolunun yaradılması ilə Azərbaycan əsas
nəqliyyat habına çevrilib. Məsələn,
yeni Ələt Limanında xüsusi iqtisadi zonanın
yaradılması buna misaldır.
Aqrar sənayedə bizim şirkətlərimiz texnologiya
və istehsal səviyyəsi baxımından dünyada
birincidir. İtaliya şirkətləri xüsusən də kənd
təsərrüfatı avadanlığının təkmilləşdirilməsi
üzrə ixtisaslaşmışdır. Həmin
avadanlıqlar əsasən ətraf mühitin qorunmasında
xüsusi rol oynayır. Bunun hesabına
bizim kənd təsərrüfatımız istixana
qazını 50 faiz azaldıb. Təbii ki,
bu, Avropa İttifaqındakı digər ölkələrə
nisbətən ən yaxşı göstəricidir.
Bərpaolunan energetika və ekodayanıqlı texnologiya
sahəsində İtaliyanın uzunmüddətli təcrübəsi
var. Günəş, külək və geotermik sahələrdə
bərpaolunan enerji mənbələrinin istifadəsində zəngin
təcrübəyə malikik. İtaliyanın 432 minə
yaxın şirkəti son 15 ildə biotexnologiyaların
inkişafına öz dəstəyini göstərmişdir.
Xüsusilə biotexnologiyalar sahəsində şirkətlərin
sayı 31,2 faiz təşkil edir, emal sahəsində
isə 35,8 faiz.
Mən əminəm ki, Abşeron ərazilərinin
münbitləşdirilməsində italyan şirkətləri
böyük rol oynaya biləcəklər. Eləcə də
demək istəyirəm ki, italyan şirkətləri
infrastruktur, maşınqayırma, aqrar sənaye, rəqəmsallaşdırma,
əczaçılıq və tekstil sahələrində fəaliyyət
göstərməkdə çox maraqlıdırlar. İtaliya hökuməti də buna böyük dəstək
göstərir. Çünki bildiyiniz kimi,
ticari siyasətin strategiyası və beynəlmiləlləşdirilməsinin
genişlənməsi ilə bağlı İtaliya hökuməti
şirkətlərə öz dəstəyini göstərir.
Burada əsas məqsəd şirkətləri
xarici bazarlarda təqdim etmək və bu şirkətlərin
sayını daha da artırmaqdır. Bu
şirkətlərin, assosiasiyaların, eləcə də digər
şirkətlərin bunu etməkdə əsas məqsədi
onların həqiqətən güclü "nou-hau”ya malik
olmasıdır. İtaliya hökumətinin məhz
iş adamlarına dəstək verməsi onların Azərbaycanda
fəaliyyət göstərməsinə kömək olacaq.
Cənab
Prezident, mən bir daha Sizə təşəkkürümü
bildirirəm. Çünki bu gün Sizin və eləcə də
iş adamlarının burada iştirakı ölkələrimiz
arasında qarşılıqlı əlaqələri daha da dərinləşdirəcək.
Əminəm ki, bu, bizim əlaqələrimizdə
yeni bir addım atmağa kömək edəcək. Hamınıza təşəkkür edirəm.
Sonra biznes forumda Azərbaycan Prezidenti
çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli
cənab nazir.
-Hörmətli
xanımlar və cənablar, əziz dostlar.
Mən çox şadam ki, İtaliyaya dövlət səfərim
çərçivəsində İtaliya-Azərbaycan biznes
forumu keçirilir. Əminəm ki, forum çox məhsuldar
olacaq və forumun işi nəticəsində iki ölkə
arasındakı iqtisadi və ticari əlaqələr yeni pilləyə
qalxacaqdır. Mən buna əminəm.
Bunu deməyə əsas verən bir çox
amillər var. Bildiyiniz kimi, bu gün mənim İtaliyaya
dövlət səfərimin sonuncu günüdür. Prezident Mattarellanın dəvəti ilə mən
gözəl ölkənizdə dövlət səfərindəyəm
və bu, münasibətlərimizin çox yüksək səviyyədə
olmasının təzahürüdür. 2018-ci
ildə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə
idi və deyə bilərəm ki, o səfərdən sonra iki
dövlət arasındakı əlaqələrə çox
güclü təkan verilmişdir. Dünən
və bu gün 25-dən çox sənədin imzalanması
bunun əyani sübutudur. Çünki
yalnız bir-birinə çox yaxın olan ölkələr
arasında bu qədər sənədlərin imzalanması
mümkündür. Bu sənədlər
bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, humanitar, təhsil,
energetika, kosmik sənaye, hərbi sənaye və digər sahələri
əhatə edən bu sənədlər gələcək əməkdaşlığımız
üçün gözəl baza yaradır. Bu sənədlərin arasında
çoxölçülü strateji tərəfdaşlığın
gücləndirilməsinə dair Birgə Bəyannaməni
xüsusilə qeyd etmək istərdim. Bu,
çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək
ikitərəfli əməkdaşlığımızın əsas
prioritetlərini müəyyən edən bir sənəddir.
Bu sənəddə çox önəmli
müddəalar var. Bu müddəalar onu göstərir ki,
bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə
yaxındır. Çünki oradakı
maddələrdən birində göstərilir ki, biz beynəlxalq
təşkilatlarda maraqlarımızı nəzərə
alaraq bir-birimizi dəstəkləyəcəyik.
O ki
qaldı, iqtisadi sahəyə, cənab nazirin dediyi kimi,
İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.
Ancaq biz onu bilməliyik ki, bu, ilk növbədə,
Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə
görə mümkün olmuşdur. Bizim əsas
vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir.
Neft-qaz sektorundan başqa layihələrin həyata
keçirilməsi, hesab edirəm ki, belə imkanlar
yaradacaqdır.
Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə
təchiz edir.
Azərbaycandan gələn xam neft
İtaliyanın istehlakının 18 faizini təşkil edir və
Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla
başa çatması nəticəsində Azərbaycan və
İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində
çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət
göstərəcəklər. TAP layihəsi başa
çatmaq üzrədir. Layihənin icrası
92 faiz təşkil edir və bildiyiniz kimi, TAP Cənub Qaz Dəhlizinin
4-cü seqmentidir. Bu günə qədər
digər 3 seqmentdə işlər tamamilə başa
çatıb. Əminəm ki, bu ilin
sonunda biz layihənin tam istismara verilməsini qeyd edəcəyik.
Dünən Nazirlər Şurasının Sədri
cənab Konte ilə görüş zamanı mən onu Azərbaycanda
keçiriləcək təntənəli rəsmi mərasimə
dəvət etdim. O da bu dəvəti qəbul etdi.
Azərbaycan və İtaliya Cənub Qaz Dəhlizinin iki
məntəqəsində yerləşir. Bizim
aramızda daha 5 ölkə var. Bu nadir infrastruktur layihəsinə
həm texniki, həm maliyyə, eyni zamanda, beynəlxalq əməkdaşlıq
baxımından doğrudan da analoq tapmaq çox çətindir.
Yeddi ölkəni birləşdirən,
aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən
maliyyələşdirilən və bir çox qabaqcıl
şirkətlərin iştirakı ilə reallaşan bu layihə
İtaliya-Azərbaycan dostluğunun təzahürüdür.
Biz bu layihəni yalnız dostluq şəraitində
icra edə bilmişik. Demək olar ki, biz
layihənin artıq son mərhələsindəyik.
Eyni zamanda, indi bizim əsas vəzifəmiz TAP-dan
sonrakı iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. Dünən mən
işçi nahar əsnasında İtaliyanın
aparıcı şirkətlərinin rəhbərləri ilə
görüşmüşəm. Onların
bir çoxu Azərbaycanda artıq uzun illərdir ki, fəaliyyət
göstərirlər, bir çoxları isə fəaliyyətə
başlamaq istəyirlər. Biz də bunu
istəyirik və imzalanmış kontraktlar cənab nazirin qeyd
etdiyi kimi, milyardlarla avro həcmindədir. Əminəm
ki, gələcək əməkdaşlıq daha da
genişmiqyaslı olacaq. Çünki
strateji tərəfdaşlar kimi biz ticarət və biznes sahələrində
də bir-birimizi dəstəkləməliyik.
Hesab edirəm ki, gələcək əməkdaşlıq
üçün bir çox sahələr seçilə bilər. Əslində,
bu sahələr dünən və bu gün imzalanmış və
imzalanacaq sazişlərdə öz əksini tapıb. Mən nəqliyyat sahəsini xüsusilə qeyd etmək
istərdim. Azərbaycan öz ərazisində
nəqliyyat infrastrukturunu tamamilə yeniləşdirib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında
nəqliyyat infrastrukturu baxımından Azərbaycan dünyada
34-cü yerdədir. Dəmir
yollarının səmərəliliyinə görə 12-ci,
hava yollarının səmərəliliyinə görə isə
11-ci yerdədir. Azərbaycan -
açıq dənizlərə çıxışı
olmayan ölkə artıq beynəlxalq nəqliyyat və
logistika mərkəzlərindən birinə çevrilib.
Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın
ərazisindən keçir. Bu, Azərbaycanın
təşəbbüsü ilə reallaşan
Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən
sonra mümkün olmuşdur. Eyni zamanda,
Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın
ərazisindən keçir. Azərbaycan
yeganə ölkədir ki, hər iki önəmli nəqliyyat
dəhlizinin iştirakçısıdır və bu dəhlizlər,
əslində, genişmiqyaslı beynəlxalq əməkdaşlığa
da yol açıb. Hazırda biz Şimal-Qərb
və Cənub-Qərb nəqliyyat dəhlizləri ilə
bağlı işlərlə məşğuluq. Yüklər artıq bu dəhlizlər üzərindən
dünya bazarlarına çıxarılır. Dünən imzalanmış memorandumun birində Azərbaycan
Dəmir Yolları ilə İtaliyanın müvafiq
qurumları arasında məsələ öz həllini
tapıbdır. Biz İtaliyadan dəmir
yolu texnikası alacağıq.
Kosmik sənaye də çox perspektivli sahədir. Azərbaycanın
artıq 3 peyki vardır. İtaliyanın
bu sahədə əldə etdiyi təcrübə bizim
üçün çox maraqlıdır. Bu günə qədər iki ölkə arasında
kosmik sənaye sahəsində əlaqələr olmayıb.
Ancaq dünən imzalanmış sənədə
görə biz artıq bu sahədə də əməkdaşlığı
davam etdirəcəyik.
Sənaye istehsalının artması və Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi işində
İtaliya şirkətləri bizə kömək göstərirlər. Cənab
Mattarellanın səfəri çərçivəsində
biz böyük neft-kimya müəssisəsinin
açılışında bərabər iştirak
etmişik. İtaliyanın aparıcı
şirkətlərindən biri Azərbaycanda təqribən 1
milyard dollara yaxın dəyəri olan iki böyük sənaye
müəssisəsi istifadəyə vermişdir. Yəni podratçı kimi işləmişdi.
Hazırda həmin şirkət Azərbaycanda
neftayırma zavodunun yenidən qurulmasında fəal iştirak
edir. İmzalanmış kontraktların məbləği
800 milyon avrodan çoxdur. Bu, hələ
başlanğıcdır və əminəm ki, Azərbaycanın
gələcək sənaye inkişafında İtaliya şirkətləri
öz rolunu oynayacaq.
Bildirməliyəm
ki, keçən il Azərbaycanın
qeyri-neft sənayesi 16 faiz, bu ilin yanvar ayında isə təqribən
14-15 faiz artmışdır. Bu, onu göstərir
ki, sənaye istehsalına çox böyük diqqət
göstərilir və özəl sektor bu sahəyə
böyük investisiyalar qoymaqdadır. Əminəm
ki, bundan sonra da bu istiqamətdə işlər aparılacaq.
Mən dünən imzalanmış sənədlər
arasında birini də xüsusi qeyd etmək istərdim. Bu, hərbi sənaye
kompleksinə aiddir. Bu da bir
başlanğıcdır. Bu günə qədər
İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində
əməkdaşlıq olmayıb. Ancaq imzalanmış
memorandum əsasında bu əməkdaşlığa start
verilir. Əminəm ki, bu ilin sonuna qədər
bütün lazımi texniki və kommersiya şərtləri
razılaşdırılacaq və beləliklə, biz hərbi
sənaye sahəsində uğurla əməkdaşlıq edəcəyik.
Cənab nazirin dediyi kimi, İtaliya şirkətlərinin
kənd təsərrüfatı sahəsində çox
böyük təcrübəsi var. Şirkətlərin bəziləri
Azərbaycanda fəaliyyət göstərir. Hətta bir
İtaliya şirkəti Azərbaycanda şərabçılığın
inkişafı ilə məşğul olur və çox
uğurla məşğul olur. O şirkətin istehsal
etdiyi məhsul xarici bazarlara da ixrac edilir. Biz bu
sahəyə də xüsusi əhəmiyyət veririk.
Keçən il Azərbaycanda rekord səviyyədə-təqribən
200 min ton üzüm tədarük edilmişdir. Həmin üzümün əsas hissəsi texniki
sortlardır. Ona görə hesab edirəm
ki, şərabçılığın inkişafı
çox perspektivli sahədir. İtaliyanın
bu sahədə zəngin təcrübəsi var. Azərbaycanın
da təcrübəsi var və müvafiq bazarlara
çıxış üçün bizim heç bir
problemimiz yoxdur.
Kənd təsərrüfatının digər sahələrini
də qeyd etmək istərdim. İtaliyanın
zeytunçuluq sahəsində böyük təcrübəsi
var. Azərbaycan artıq zeytun yağlarını ixrac etməyə
başlamışdır. Biz İtaliya
şirkətlərini bu sahəyə məsləhətçi
və podratçı kimi dəvət edirik. Fındıqçılıqda Azərbaycan və
İtaliya dünya miqyasında aparıcı
istehsalçılardır. Biz deyəsən,
üçüncü-dördüncü yerləri
bölüşürük və bu sahənin də çox
böyük perspektivi var. O cümlədən Azərbaycan
İtaliyaya fındığın ixracı ilə məşğuldur
və bilirəm ki, İtaliya şirkətlərinin bu sahəyə
böyük marağı var. Biz onları dəvət edirik
ki, Azərbaycanda bu və digər sahələri bizimlə bərabər
inkişaf etdirsinlər. Çünki indi Azərbaycanda
yeni texnologiyaların tətbiqi nəticəsində məhsuldarlıq
kəskin şəkildə artır. İtaliyanın
bu sahədə böyük təcrübəsinin olması, əlbəttə
ki, bu əməkdaşlığı şərtləndirir.
Hesab edirəm ki, İtaliyanın turizm sahəsində
nadir təcrübəsi var. İtaliya turistlərin sayına
görə zənnimcə, dünyada birinci, ya ikinci yerdədir. Azərbaycanda
da bu sahə inkişaf edir. Keçən il
turistlərin sayı təqribən 20 faizə yaxın
artıbdır. Şadam ki, son üç il
ərzində İtaliyadan Azərbaycana gələnlərin
sayı təxminən 40 faiz artmışdır. Bu, insanlar arasındakı əlaqələrə də
çox müsbət təsir göstərir.
Azərbaycan ilə İtaliya arasında mədəniyyət
sahəsindəki əməkdaşlığı xüsusilə
qeyd etmək istərdim. Artıq səkkiz ildir ki, Villa Borgeze
parkında dahi Azərbaycan şairi Nizaminin abidəsi
ucalıb. Azərbaycanın Romada Mədəniyyət
Mərkəzinin fəaliyyət göstərməsi ilə
bağlı müvafiq addımlar atılıbdır. Şəhərin mərkəzində gözəl
bina alınıbdır və əminəm ki, yaxın
zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzi Romada fəaliyyətə
başlayacaq.
Biz bütün başqa sahələrdə də əməkdaşlığa
açığıq. Azərbaycanın gələcək
planlarına gəldikdə, infrastruktur layihələri
prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini
dəvət edirik. Əminəm ki, biznes
forum çərçivəsində Azərbaycanda
görüləcək işlər haqqında təqdimat ediləcək
və İtaliya şirkətləri məlumatlandırılacaqlar.
Xüsusilə, içməli su layihələri,
meliorativ tədbirlərin görülməsi və Abşeron
yarımadasında ekoloji vəziyyətin
yaxşılaşdırılması bu gün gündəlikdə
duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi
Abşeron yarımadasının neft hasilatına görə
ekoloji vəziyyətinin
yaxşılaşdırılmasına böyük ehtiyac var.
Azərbaycan dövləti bu məqsədlərə
böyük vəsait ayırır. Bildiyimə
görə, İtaliya şirkətləri bu sahədə hələ
ki, fəal işləmirlər. Digər
Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə
edirlər. Ona görə mən İtaliya
şirkətlərini bu sahəyə dəvət edirəm.
Əminəm ki, Azərbaycan hökumətinin
üzvləri bu məsələ ilə bağlı lazımi
məlumatı təmin edəcəklər.
Əminəm ki, elektroenergetika sahəsində
imzalanmış memorandum icra ediləcək. Yenə də
qayıdıram Davos Ümumdünya İqtisadi Forumunun
hesabatına. Orada göstərilir ki,
elektrik enerjisinin əlçatanlıq əmsalına görə
Azərbaycan dünyada ikinci yerdədir. Bizim
bütün yaşayış məntəqələrimiz
elektrik enerjisi ilə təchiz edilib. Biz
elektrik enerjisini ixrac edirik. Bu ilin yanvar
ayında iki böyük şirkətlə 440 meqavat
gücündə külək və günəş elektrik
stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər
imzalanıb. İtaliya şirkətlərini
də bu sahəyə dəvət edirik. Bizim
bərpaolunan enerji ilə bağlı çox böyük
potensialımız var. Azərbaycanda İtaliyadakı kimi,
günəşli günlər kifayət qədər
çoxdur. Ancaq İtaliyadan fərqli
olaraq küləkli günlər də çoxdur. Bəzən bu, problem yaradır. Ancaq
bərpaolunan enerjinin istehsalı üçün, hesab edirəm
ki, bu, əlverişli amildir. Ona görə
bu sahəyə də İtaliya şirkətlərini dəvət
edirik.
O ki
qaldı, Azərbaycanın ümumi iqtisadi inkişafına,
ölkəmizin iqtisadi vəziyyəti çox sabitdir. Bizim çox aşağı səviyyəli xarici
dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17
faizini təşkil edir. Mənim tərəfimdən təsdiq
edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir.
Bizim valyuta ehtiyatlarımız xarici dövlət
borcumuzdan altı dəfə çoxdur. Ona
görə biz istənilən vaxtda xarici borcu sıfırlaya
bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə
bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq
Maliyyə Korporasiyası – IFC-nin hesabatında Azərbaycan
artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə
artacaqdır.
Onu da bildirməliyəm ki, Azərbaycan ölkədən
kənarda böyük investisiyalar qoyur, böyük layihələr
icra edir. Bu günə qədər ölkəmizin
hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində
sərmayə qoyulubdur. İtaliya şirkətləri
də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik.
Biz gələcəkdə Azərbaycanın
maliyyə təminatı ilə xarici ölkələrdə
reallaşan layihələrə İtaliya şirkətlərini
də dəvət edirik.
Bütövlükdə
son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu,
dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli
şəkildə bölünüb. Bunu deməyə əsas
verən mühüm amil odur ki, 16 il bundan əvvəl
Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində
yaşayıb. Bu gün isə yoxsulluq şəraitində
yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi
iqtisadi problemlər yoxdur. Əsas məsələ
biznes iqliminin yaxşılaşdırılmasıdır və
bu sahədə də islahatlar aparılıb və bu gün yəqin
ki, bu barədə danışılacaq. Bir
məsələni qeyd etmək istəyirəm ki, Dünya
Bankının "Doing Business” hesabatında Azərbaycan
biznes mühitinin sağlamlaşdırılması istiqamətində
atılmış addımlara görə 20 ən
islahatçı ölkə sırasındadır.
Mən vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, biznes
forumun çox böyük gündəliyi var və İtaliya
şirkətlərini maraqlandıran bütün suallara
cavablar veriləcək. Çıxışımın sonunda
bir məsələni qeyd etməliyəm. Artıq hökumət
üzvlərinə bu barədə mənim tərəfimdən
müvafiq göstəriş verilib ki, Azərbaycan və
İtaliya dünəndən strateji tərəfdaşlar kimi əlaqələrimizin
tarixində yeni səhifə açıblar. Avropa
məkanında İtaliya bizim üçün bir nömrəli
tərəfdaş ölkədir və tam əminəm ki, eyni
tərəfdaşlıq biznes sahəsində də olmalıdır.
İtaliya şirkətləri Azərbaycanda dövlət xətti
ilə həyata keçirilən və keçiriləcək
layihələrdə ön sıralarda
olmalıdırlar. Biz bunu arzulayırıq. Əminəm ki,
İtaliya şirkətlərinin də marağı bizim
marağımızla üst-üstə düşür.
İnanıram ki, biznes forum bu istiqamətdə önəmli
addım olacaqdır.
Göstərilən qonaqpərvərliyə görə bir daha həm Prezident Mattarellaya, həm Baş Nazir Konteyə, nazir Di Mayoya dərin təşəkkürümü bildirirəm. İtaliya xalqına daimi firavanlıq və xoşbəxtlik arzulayıram. Sağ olun.
Azərbaycan.-2020.- 22 fevral.- S.1-2.