SƏBRİN
HÜDUDU VARMI, ALLAHIM?!
Allah birdir - hərə öz dilində ona dua edir,
ondan imdad diləyir!
Allah birdir - dinlər müxtəlif olsalar da!
Biz də Allahın birliyinə, böyüklüyünə
inanmışıq, onu
qəbul etmişik!
Heç zaman Allahı bütlərdə, Yer üzündə axtarmırıq.
Oda sitayiş etməyi də əsrlərdir ki, tərgitmişik!
Bütün dinlərə hörmətlə
yanaşırıq - bir
olan Allahın xatirinə!
Bütün dini məbədləri
müqəddəs tuturuq
- hamısını Allahın
evi saydığımıza
görə!
Tanrının qoyduğu yoldan
çıxmamağa çalışırıq
(söhbət bütövlükdə
millət haqqında gedir) - yolun müqəddəsliyini dərk
etdiyimizə və Allahımızın qəzəbindən
qorxduğumuza görə!
Həmişə səni hörmət
və məhəbbətlə
anırıq, böyük
Yaradanımız!
Ucalığına, həm də ədalətinə görə!
Həm də inanırıq ki, ən qudurğan
ədalətsizi də
cilovlamaq və cəzalandırmaq qüdrətindəsən!
İstər tiran olsun, istər dövlət, istərsə
də yolunu azmış millət!
Bəs nəyi
gözləyirsən, uca
Tanrım?!
Səbrin hüdudu olurmu, Allahım?!
Səbir nə zaman tükənmiş
sayılır, İlahi?!
Səbrin tükənməsi üçün
daha nələr baş verməlidir, ay bizi Yaradan?!
Biz bəndəyik, kiçiyik,
yəqin ki, səbrimiz də kiçik olmalıdır!
Amma düşmənimiz hiyləgər,
arxası möhkəm
və güclü olduğundan ona hələlik gücümüz
çatmır!
Səbirli olduğumuza görə
dözürük!
Gücümüz çatmadığı üçün səbir edirik!
Həm də səbir etməyə məcburuq!
Sənsə hamıdan güclüsən!
Sən niyə
bu qədər səbir eləyirsən?!
Səbrin
özün boydadırsa,
onda vay bizim halımıza!
Demirik gəl bizim yerimizə müharibə et!
Əstəğfürullah!
Axı hər şeyin əvvəli olduğu kimi, sonu da
olmalıdır!
Səbir
də əbədi ola bilməz!
Meşəlidə, Cəmillidə, Qaradağlıda,
Bağanis-Ayrımda dolmayan
səbir kasası niyə Xocalıda daşmadı!
20 min şəhid azdımı?
32 ildir qurban verə-verə gedirik, kifayət deyilmi?!
7 rayon qurban getdi...
Hələ də səbir edirsən...
Biz də sənin kimi...
Milyondan
çox qoca, qadın, uşaq evsiz-eşiksiz qalaraq düzlərə töküldü,
çadır şəhərciklərində
məskunlaşdı...
Normal insanların yaşaya bilməyəcəyi şəraitdə
yaşamalı oldu...
Nə yeməyə çörək
tapdı, nə işləməyə iş...
Qışda soyuqdan, yayda istidən əziyyət çəkdi...
Dözdü... çünki başqa
çarəsi yox idi!
Nəydi
onların günahı,
ALLAHIM!
Axı içlərində minlərlə
uşaq, dil açmamış körpə,
sənin varlığını
dərk edəcək yaşa çatmayanları
da vardı!
Onlar hansı günaha bata bilərdilər, necə günah iş tutardılar ki, belə zillətə
düşdülər?!
Erməninin xoşu gələn torpaqda, göz dikdiyi ərazidə yaşamaq günah sayılırmı?!
Axı o torpağı,
o vətəni onlara sən qismət etmişdin?!**
Biz sənin ətəyini
necə buraxa bilərik?
Yapışmağa başqa ətək
yoxdur!
Biz səndən necə
ümidimizi üzə
bilərik?
Ümidsiz yaşamaq çətindir,
bəlkə də mümkün deyil!
Sənə necə güvənməyə
bilərik?
Sovet hökuməti yetmiş il ərzində
səni danmağa çağırdı, amma
faydası olmadı!
Ürəyimizin dərinliyində qoruyub
saxladıq səni!
Niyə bizi yiyəsiz qoymusan?
Niyə zalımın zülmünün
əvəzini vermirsən?
Niyə bu qədər səbirli və dözümlüsən?
Axı yaratdıqlarının ömrü
onlara sənin qədər səbirli olmaq imkanı vermir!
Axı vətənə qayıtmaq
həsrətilə yaşayanların
sayı ilbəil yox, günbəgün azalır!
Axı əmanət qəbirlərin
sayı aybaay artır, çoxalır!
Daha səbir etməyə əcəl də macal vermir!
Bəlkə səbrini rəhmlə əvəz edəsən?
Bəlkə düşmənin burnunu ovasan?
Bəlkə düşmənin arxasında
duranları yerlə-yeksan
edəsən?
Axı qaçqın da insandır!
Axı onu da sən
yaratmısan!
Lap adını "məcburi
köçkün” qoysaq
da!
Lap adını "miqrant”
qoysaq da!
Axı yaratdıqlarının hamısının
insan kimi yaşamağa haqqı var!
Hamının müqəddəs bildiyi
Kəbə evi bizim payımıza düşüb!
Dünyanın sonuncu, tarixi şəxsiyyət kimi seçdiyin peyğəmbəri
bizə sən qismət etmisən!
Dinlərin cavanı, inkişafda
olanı islam
sayılır!
Di gəl ki, ona "terror dini” damğası vururlar,
"terrorçu” deyiləndə
barmaqla saqqallı müsəlmanı göstərirlər!
Göydə sənin etmədiyin
ayrı-seçkiliyi yerdəkilər
artıq ənənəyə
çeviriblər!
"Ərəb baharı”,
"demokratiya” arzusu ölkələri viranə
qoydu!
Qeyri-islamçıların maliyyəsi və silahı ilə islam
bayrağı altında
müsəlman qırğınları
törədənlərin vəhşiliyi
və qəddarlığı
heç bir əndazəyə sığmır!
Çörək dalınca düşmən
qapısına gedənləri
dənizlərdə boğur,
tikanlı məftillərlə
yollarını kəsir,
itlərlə qarşılayır,
sığınacaqlarına od vururlar!
Hamının sığınacaq axtardığı
"Allah evləri” vaxtaşırı
partladılır, ibadətə
gələnlərin qanına
bulaşır!
Bu evləri kim
qorumalıdır?!
Allahın adı ilə Allahsızlıq edənləri
kim cəzalandırmalıdır?!
Dinlərarası ayrı-seçkiliyə kim son qoymalıdır!
Bu sualların cavabını
kimdən öyrənək,
Allahım?!
Ay sənə qurban olum!
BƏNDƏN
KİMİ DAİM İTAƏTİNDƏYİK:
* yoluna həmişə
sadiqik;
* məscidlərin qapıları hamının
üzünə açıqdır;
* bütün dindarların öz məbədləri, ibadətgahları
var;
* hər il
minlərlə adam Həcc ziyarətinə gedir;
* fəaliyyətdə olan məscidlərin sayı 2 mini keçib;
* qoşa minarəli
yeni, möhtəşəm
Bibiheybət məscidi
tikildi;
* dörd minarəli,
əzəmətli Heydər
məscidi inşa edildi;
* XV əsrdən qalan Şamaxı məscidi təmir olunaraq yenidən fəaliyyətə
başladı;
* hər il
dövlət başçısının
rəhbərliyi, bütün
dinlərin nümayəndələrinin
iştirakı ilə
Ramazan süfrəsi verilir;
* dövlətimiz xəstələrə, yetim-yesirə,
imkansıza daim arxa durur!
Daha nə edək ki, sənə
xoş gəlsin, bizə rəhm edəsən, torpaqlarımızı
qaytarmağa kömək
göstərəsən, ALLAHIM?!
Bu minnət deyil, ALLAHIM, bu yalvarışdır!
Bu, etiraz deyil, səbri
tükənməkdə olan
bəndənin fəryadıdır,
Allahım!
Bu, ədalətsizlikdən
cana doyan insanların ədalət hayqırtısıdır,
Allahım!
Bu,
torpağı əsir alınaraq ölümə məhkum edilən
xalqın sənə xitabı, səndən kömək
ummasıdır!
Həm
də sənin böyüklüyünə və ədalətinə
bir daha sığınmasıdır...
Bəxtiyar SADIQOV
Azərbaycan.-2020.- 22 fevral.- S.1;6.