Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva Romada FAO-nun yeni baş
direktoru ilə görüşüb
Fevralın
21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva FAO-nun yeni baş direktoru Qu
Donqyu ilə görüşüb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, FAO-nun Romadakı
baş ofisində keçirilən görüşdə əvvəlcə
Leyla Əliyeva Qu Donqyunu yeni vəzifəyə təyin
olunması münasibətilə təbrik etdi və ona gələcək
fəaliyyətində uğurlar arzuladı.
Söhbət
əsnasında Azərbaycanda dayanıqlı kənd təsərrüfatının
inkişafı perspektivləri, FAO-nun bu istiqamətdə
göstərdiyi səylər, eləcə də ekoloji maarifləndirmə,
sağlam və məsuliyyətli ərzaq istehlakı və kənd
yerlərinin inkişafı üzrə ikitərəfli əməkdaşlıq
məsələləri müzakirə edildi.
Leyla Əliyeva FAO-nun Azərbaycanda kənd
təsərrüfatı, meşəçilik və
balıqçılıq üzrə həyata keçirilən
mühüm layihələrini yüksək
qiymətləndirdi və ölkəmizdə bu
sahələrin inkişafına verilən töhfəyə
görə minnətdarlığını bildirdi.
Qu
Donqyu, öz növbəsində, Azərbaycanın regionun
lider dövləti kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin
həyata keçirilməsində əhəmiyyətli rola
malik olduğunu qeyd etdi.
Həmçinin
görüşdə "Sıfır aclıq” qlobal məqsədinin
icra vəziyyəti, içməli suyun keyfiyyəti və
çatışmazlığı məsələləri
müzakirə edildi, dünyada aclığın aradan
qaldırılması və qida təhlükəsizliyinin təmin
edilməsi üzrə mümkün tərəfdaşlığa
dair fikir mübadiləsi aparıldı.
Görüşün
sonunda Leyla Əliyeva FAO-nun baş direktoru Qu Donqyunu Azərbaycana
səfərə dəvət etdi.
Azərbaycan.-2020.- 22 fevral.- S.5.