İtaliya
Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
Romada Azərbaycan Prezidentinin şərəfinə
dövlət ziyafəti verilib
Fevralın 20-də Romadakı Kuirinale
Sarayında İtaliya Respublikasının Prezidenti Sercio
Mattarellanın adından Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin şərəfinə dövlət
ziyafəti verilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər
verir ki, ziyafətdə Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva da iştirak ediblər.
Ziyafətdən əvvəl
qarşılıqlı hədiyyələr təqdim olundu.
Azərbaycan və İtaliya rəsmi
nümayəndə heyətlərinin üzvləri dövlət
başçıları İlham Əliyevə və Sercio
Mattarellaya, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevaya və İtaliya Prezidentinin qızı Laura
Mattarellaya təqdim olundular.
Dövlət başçıları
ziyafətdə çıxış etdilər.
Prezident Sercio
Mattarellanın
çıxışı
-Cənab Prezident.
Xanım Birinci vitse-prezident.
Hökumət nümayəndələri.
Xanımlar və cənablar.
Dərin hörmət hissi ilə Sizə
və xanımınıza İtaliyaya "Xoş gəlmisiniz!”
demək istərdim. Azərbaycan
Prezidentinin İtaliyaya ilk dövlət səfəri münasibətilə
Sizi müşayiət edən nümayəndə heyəti ilə
birlikdə qəbul etməkdən çox məmnunam. Xüsusilə də mənə Azərbaycanda
göstərdiyiniz səmimi qonaqpərvərliyə görə
minnətdaram. Parlaq xatırladığım Azərbaycan
səfərimdən iki il sonra Sizin burada
Prezident Sarayında olmağınız ölkələrimizi
birləşdirən yüksək səviyyəli əlaqələrin
əhəmiyyətli göstəricisidir. Sürətlə
möhkəmlənən və şaxələnən bu
münasibətlər mütəmadi və məhsuldar əlaqələrə
təkan verərək yalnız qurumlar, hökumətlər və
müəssisələr arasında deyil, həmçinin mədəni
və akademik reallıqlar arasında da inkişafa səbəb
olmuşdur.
Sizin səfəriniz Sovet İttifaqından
tam ayrılma prosesinin başlanğıcını qoyan və
yaddaşlardan heç zaman silinməyən, tarixin acı səhifəsi
olan Qara Yanvar faciəvi hadisələrinin baş verdiyi tarixdən
30 il sonraya təsadüf edir. Müstəqilliyini bərpa etdikdən sonra
üçüncü onillik ərəfəsində Azərbaycan
regionun ən inkişaf edən ölkələrindən biri və
mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin
birgəyaşayış modeli kimi özünü təsdiq
etmişdir. Burada kökləri keçən
əsrin əvvəlində dünyada qadınlara seçki
hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan
Xalq Cümhuriyyətinin qısa, lakin çox əhəmiyyətli
tarixi təcrübəsinə dayanan tolerantlıq nümunəsi
və fərqlilik içində sülh şəraitində
birgəyaşayışdan söhbət gedir.
Cənab Prezident, 25 ildən çoxdur ki,
mövcud olan diplomatik əlaqələr çərçivəsində
İtaliya və Azərbaycan arasındakı münasibətlər
müstəsna inkişafa nail olmuşdur. Bu, həmçinin
öz baxışlarını Avro-Aralıq dənizi məkanına
yönəldən və balanslaşdırılmış
geosiyasi mövqeyinə görə güclü olan
Bakının seçimi sayəsində mümkün
olmuşdur.
Azərbaycanın Xəzər dənizi
və Aralıq dənizi arasında körpü rolu
oynaması digər tərəfdən də bu gün Cənub
Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə
Azərbaycan qazı İtaliyaya nəql ediləcək. Bu da Avropa İttifaqının enerji siyasətinin əsası
olan marşrutların və mənbələrin şaxələndirilməsi
üçün önəmli bir göstəricidir. Bu siyasəti xarakterizə edən seçimləri hər
zaman dəstəkləyən İtaliya Brüssel ilə yeni tərəfdaşlıq
sazişinin imzalanması vasitəsilə Azərbaycan və
Avropa İttifaqı arasında əlaqələrin daha da
möhkəmlənməsinə müsbət baxır. Eyni istiqamətdə Bakı və Atlantik Tərəfdaşlıq
Şurası arasındakı Aralıq dənizi sahəsində
bütün maraqlı ölkələr üçün həyati
əhəmiyyətə malik olan və sabitləşməyə
töhfə verən sərfəli əməkdaşlıq
davam edir. Azərbaycan və Avropa
arasında əlaqələrin möhkəmlənməsi fərqli
mədəniyyətlər və dinlərin daha ahəngdar birgəyaşayışı
üçün əlverişli şəraitin yaranmasına
imkan verə bilər.
Cənab Prezident, Azərbaycan öz enerji
ehtiyatları ilə keçən əsrdə dünyada gedən
əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı
oldu. Bu gün İtaliya Respublikası Sizin rəhbərliyinizlə
Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf
yolunda addımlamasına dərin hörmət hissi ilə
baxır. Qlobal səviyyədə birinci ticari tərəfdaş
kimi Roma Sizin idarəetməniz sayəsində başladılan
iqtisadiyyatın şaxələndirilməsi prosesində Azərbaycan
Respublikasının yanında olmaq niyyətindədir və ətraf
mühitin qorunmasına yönəldilmiş texnoloji
innovasiyalara açıq elmi və sənaye yenilikləri ilə
töhfə verməyə hazırdır.
Bundan əlavə, illərdir ki,
ölkələrimiz çoxtərəfli sahələrdə,
xüsusən də ikitərəfli əməkdaşlığımızda
əhəmiyyətli şəkildə seçilən
energetika və sənaye sektorlarında, həmçinin mədəni
və sosial əhəmiyyətli təşəbbüslər
daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara
imza atmışdır.
Xüsusi məmnunluq hissi ilə qeyd
etmək istərdim ki, italyan dili və mədəniyyəti
artan marağa səbəb olur. Mən
inanıram ki, elm, texnologiya və təhsil sahələrində
bağlanmış sazişlər bizim xalqlarımız
arasında mövcud olan qarşılıqlı anlaşmanı
və dostluğu daha da gücləndirəcək.
Bu axşamkı konsert yalnız Azərbaycan
yaradıcılığının qeyri-adiliyini deyil, həmçinin
Azərbaycan və İtaliya arasında mövcud dərin mədəni
oxşarlıqları bir daha sübut edir. Təsadüfi deyil ki, proqram İslam
dünyasında ilk opera olan, keçən əsrin əvvəllərində
Bakıda səhnələşdirilən və elə o
dövrdən etibarən bizim mədəniyyətlərin
yüksək sintezini ifadə edən, görkəmli bəstəkar
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” əsərinin
məşhur bir parçası ilə başlayacaq.
Cənab Prezident, ölkələrimiz
arasında əlaqələrin inkişaf perspektivləri
geniş və dərin panoramaya malikdir. Sizin
tarixi əhəmiyyətli dövlət səfəriniz də əminəm
ki, bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı
inkişaf etdirərək Bakı və Roma arasında
dostluğun təşviqinə töhfə verəcək.
Sizə, xanımınıza və
Sizi müşayiət edən nümayəndə heyətinə
bir daha "Xoş gəlmisiniz!” deyirəm.
Prezident İlham
Əliyevin
çıxışı
-Hörmətli cənab Prezident.
Hörmətli xanım Laura Mattarella.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, məni
İtaliyaya dövlət səfərinə dəvət
etdiyinizə, eləcə də mənə və nümayəndə
heyətinə göstərdiyiniz qonaqpərvərliyə
görə, cənab Prezident, Sizə minnətdarlığımı
bildirirəm.
Azərbaycan və İtaliya
arasında əlaqələrin zəngin tarixi vardır. Ən azı 30 min ildən artıq yaşı olan
petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya
İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət
Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma
İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə
aid latınca yazıları vardır. Bu
yazılar Roma İmperiyası legionlarının Azərbaycan ərazisində
olduğunu sübut edir. İtalyan səyyahı
Marko Polo öz əsərlərində Azərbaycandan bəhs
etmişdir. XV əsrdə Azərbaycan
Ağqoyunlu dövləti ilə Venesiya Respublikası
arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur.
1469-1478-ci illərdə Venesiya
Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət
göstərmişdir. Həmin dövrdə
Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar
mövcud olmuşdur. Müsəlman aləmində
ilk parlament respublikası olan, 1918-1920-ci illərdə
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti
dövründə də Azərbaycan və İtaliya
arasında diplomatik münasibətlər
yaradılmışdır. İtaliyanın
Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir.
1972-ci ildə Azərbaycanın paytaxtı
Bakı və İtaliyanın Neapol şəhərləri
qardaşlaşmış elan edilmişlər. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq
bütün sahələrdə uğurla inkişaf edir.
Cənab Prezident Sercio Mattarellanın
2018-ci ildə Azərbaycana rəsmi səfəri əlaqələrimizin
inkişafına mühüm töhfə vermişdir. Səfər zamanı Mehriban Əliyevanı və məni
İtaliyanın yüksək dövlət ordenləri ilə
təltif etməyinizi Azərbaycan və İtaliya arasında
dostluğun inkişafına verdiyimiz töhfənin təzahürü
kimi qiymətləndiririk.
Cənab Prezident, bu gün biz Sizinlə
olduqca səmərəli görüş keçirdik. Bu görüşümüz zamanı müzakirə
olunan məsələlər iki ölkə arasındakı
münasibətlərin strateji mahiyyətini təsdiqləyir.
Dövlət səfəri çərçivəsində
20-dən çox sənədin imzalanması nəzərdə
tutulur. Onların sırasında Azərbaycan və
İtaliya arasında "Çoxölçülü
Strateji Tərəfdaşlığın gücləndirilməsinə
dair Birgə Bəyannamə"ni
xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd
münasibətlərimizi daha yüksək səviyyəyə
qaldıracaqdır. "Çoxölçülü
Strateji Tərəfdaşlığın gücləndirilməsinə
dair Birgə Bəyannamə"də Azərbaycan və
İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinə dəstəyi bir
daha təsdiqləyirlər. Sənəddə,
həmçinin Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin bu prinsiplər əsasında
həlli ilə əlaqədar birmənalı mövqe əks
olunub. Bu prinsiplər BMT Təhlükəsizlik
Şurasının Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı qəbul
etdiyi və təcavüzkar Ermənistanın
qoşunlarının Azərbaycanın işğal olunmuş
bütün torpaqlarından çıxarılmasını tələb
edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycanın ərazilərini
işğal etmiş, etnik təmizləmə aparmış,
bir milyondan artıq soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. Münaqişə beynəlxalq
hüququn norma və prinsiplərinə
uyğun olaraq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunmalıdır.
İqtisadi sahədə
qarşılıqlı faydalı əməkdaşlığımız
davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz
yüksək səviyyədədir, İtaliya Azərbaycanın
birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə İtaliya ilə ümumi ticarət
dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə
ticarətinin 92 faizi Azərbaycanın payına
düşür. Uzun illərdir ki, Azərbaycan
İtaliya istehlakçılarını xam neftlə təchiz
edir. İtaliyada istehlak olunan neftin 17 faizi
ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən
böyük xam neft təchizatçısı olub. Azərbaycanın təşəbbüsü ilə
reallaşan və Avropanın ən böyük infrastruktur
layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata
keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq
edir. Cənub Qaz Dəhlizinin son seqmenti olan
TAP yekunlaşmaq üzrədir.
Mədəniyyət sahəsində
münasibətlərimiz uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli Villa Borgeze
parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin
açılışı olmuşdur. Hazırda
Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi
ixtisası və italyan dili mərkəzi fəaliyyət
göstərir. İtaliya Avropada azərbaycanlı tələbələrin
ali təhsil aldığı əsas
ölkələrdən biridir.
İtaliya qədim sivilizasiyanın
beşiyidir. İtalyan mədəniyyəti,
incəsənəti, kino sənəti Azərbaycanda çox
sevilir. Çoxlu sayda Azərbaycan vətəndaşı
hər il İtaliyaya turistik səfərlər
edir. Son üç il ərzində
İtaliyadan ölkəmizə gələn qonaqların səfər
dinamikasında 40 faizdən çox artım qeydə
alınmışdır.
Hörmətli cənab Prezident və
hörmətli xanım Laura Mattarella, ölkənizə və
dost İtaliya xalqına əmin-amanlıq, inkişaf və tərəqqi
arzulayıram.
Azərbaycan.-2020.- 22 fevral.- S.3.