Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi
gün uzaqda deyil
Bu gün Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 32 il ötür. 1988-ci il fevralın 22-dən - Əli Hacıyevin və Bəxtiyar Quliyevin Əsgəranda şəhid olduqları gündən bütün dünyanın gözü qarşısında cəlb edildiyimiz və hələ də bitməyən ədalətsiz savaş başladı. Bu məkrli ssenarini düşmən çoxdan həyata keçirməyə çalışırdı...
Ötən əsrin 40-cı illərində A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli "Qarabağ komitəsi” yaradılmışdı. SSRİ rəhbərliyinə hər vasitə ilə təsir etməyə çalışan ermənilər 1945-ci ilin payızında növbəti dəfə Dağlıq Qarabağı onlara vermək məsələsini sovet hökuməti qarşısında qaldırmış və həmin il noyabrın 28-də Moskvadan Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova göndərilən məktubda bu məsələyə onun rəyi istənilmişdi. Bu iddiaların heç bir elmi və tarixi əsasının olmadığını bildirən M.C.Bağırov əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə o şərtlə razılığını vermişdi ki, müxtəlif dövrlərdə Ermənistana və digər qonşu respublikalara verilmiş tarixi torpaqlar Azərbaycana qaytarılsın. Şübhəsiz ki, nə sovet rəhbərliyi, nə də ermənilər buna razı olmazdılar.
50-ci illərin ortalarında A.Mikoyanın və M.Suslovun təşəbbüsü ilə növbəti dəfə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırıldı, Ermənistanda antiazərbaycanlı təbliğatı yenidən qızışdırıldı. Lakin ölkədə 30-dan çox milli münaqişə ocağının olduğunu nəzərə alan sovet rəhbərliyi bu məsələnin arzuolunmaz nəticələr verəcəyini başa düşərək problemi Azərbaycanın xeyrinə həll etdi. 1958-ci ildə isə bütün ermənilərin katalikosu II Vazgen Bakıya səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, erməni kilsəsindən hər səhər zəng vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı. 60-cı illərin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycanlı hərəkat qızışdı. Qondarma "erməni soyqırımı”nın 50 illiyi, cəllad Andronikin 100 illiyi Ermənistanda geniş qeyd edildi və bu, öz doğma torpaqlarında yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni millətçiliyinin açıq surətdə dərin kök salmasına yeni təkan verdi.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçiləndən sonra ilk gündən Dağlıq Qarabağla bağlı xüsusi siyasət yürütdü. 1967-ci ildə DQMV ərazisində üç azərbaycanlının avtomobilinin içində yandırılması nəticəsində başlayan milli qarşıdurma elementlərini büruzə verən separatizm qığılcımlarının nəticəsini əvvəlcədən görən ölkə rəhbəri qətiyyətli addımlar atdı. Vilayət rəhbəri, şovinist V.Şahnazaryan başqası ilə əvəzləndi, hüquq mühafizə orqanlarında ciddi təmizləmə aparıldı. 1973-cü ilin avqustunda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi "erməni millətçiləri” adlı əməliyyat keçirərək Daşnaksütyun təşkilatı ilə bağlı olan bir qrup şəxsi həbs etdi.
Ermənilər 1977-ci ildə SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı iddialar qaldıraraq Moskvaya, SSRİ mərkəzi orqanlarına kütləvi ərizələrlə müraciət etməyə başladılar. O zaman Sovet İttifaqı KP MK-nın baş katibi L.Brejnevlə görüşən Heydər Əliyev erməni şovinistlərinin Dağlıq Qarabağla bağlı əsassız iddialarını puça çıxardı.
Heydər Əliyev ermənilərin bütün məkrli planlarının qarşısını almışdı. Bu isə 1985-ci ildən SSRİ-yə rəhbərlik edən M.Qorbaçova qətiyyən sərf etmirdi. Onun sovet hakimiyyətinə rəhbərliyindən sonra azərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başladı. 1987-ci ilin sonlarından İrəvanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyaların keçirilməsinə başlandı. 1987-ci ilin noyabr ayında Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, erməni akademik A.Aqanbekyan Fransanın "Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi baxımdan düzgünlüyünü sübut etməyə çalışmışdı. Bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynadı.
Həmin ərəfədə artıq DQMV ərazisində separatçı "Krunk” təşkilatı yaradılmışdı və onun üzvləri 1988-ci il yanvar ayının əvvəllərində yardım almaq üçün Moskvaya getmişdilər. Artıq separatçılıq dalğasının başlaması üçün ideoloji-təbliğat işi böyük vüsət alırdı. 1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirmişdi.
Fevral ayından Xankəndidə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. İlk dəfə olaraq bu mitinqlərdə "saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də göründü. Rəsmi Bakının isə tərəddüd göstərməsi vəziyyətin daha da gərginləşməsinə şərait yaradırdı. Elə bu ərəfədə İrəvandan "miatsum” - birləşmək iddiasını hüquqiləşdirmək barədə təlimat gəldi və təşəbbüs artıq vilayətin qanunverici orqanının əlinə keçdi. Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələnin - DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklifin müzakirəsi çıxarıldı. Kvorum olmadan keçirilən iclasda Ermənistan SSR Ali Sovetinin deputatları, əsasən isə vilayət yazıçılar ittifaqının sədri V.Akopyanın təzyiqi ilə DQMV-nin Azərbaycan SSR-in tabeliyindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edildi. Bu, Azərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ Konstitusiyasına zidd olmaqla, həm də ittifaq miqyasında separatizm meyillərinin aydın təcəssümü idi.
1988-ci ildə erməni separatçılarının qısa müddət ərzində qazandığı uğurların əsas səbəbi Moskvadan aldıqları genişyönümlü dəstək olsa da, rəsmi Bakının nümayiş etdirdiyi susqunluq və laqeyd münasibət də məlum proseslərin nəzarətdən çıxmasını şərtləndirdi. Prosesin baş verdiyi ilk günlərdə vilayətin erməni əhalisində böyük qorxu hissi var idi. Onlar hələ də Azərbaycana qarşı birbaşa çıxış etməkdən qorxurdular. Hətta Ermənistandan gəlmiş saqqallılar onları zorla, döyə-döyə mitinqə gətirəndə də oranı yarımçıq tərk edirdilər. Əgər Azərbaycan rəhbərliyi vəziyyətə müdaxilə etmək istəsəydi və vilayət ərazisində əsrlər boyu yaşayan yerli azərbaycanlı əhalinin düşmənin müqavimətinə qarşı səfərbər olmasını təmin edə bilsəydi, separatçılığın qarşısını elə fevralın birinci həftəsində almaq olardı.
Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olundu. Hadisələrin ən qızğın vaxtında - fevral ayının 22-də Ağdamın minlərlə sakini Əsgəran üzərinə yürüşə çıxdı. Ancaq bu yürüşün qarşısı Bakıdan göndərilmiş emissarlar vasitəsilə alındı, hətta yürüş iştirakçıları təqib də edildi. İndiyədək 5 mindən artıq övladını vətən yolunda şəhid vermiş Ağdam məhz həmin gün Qarabağ münaqişəsinin ilk şəhidlərini - Əli ilə Bəxtiyarı torpaq və millət uğrunda fəda etdi.
Fevralın 22-də qadağalara baxmayaraq Bakıda da ilk ümumxalq mitinqi keçirildi. Xalq Moskvadan ədalətli olmasını, problemə son qoyulmasını istəyirdi. Ölkə rəhbərliyindən tələb olunurdu ki, Qarabağda baş verən hadisələr xalqdan gizlədilməsin, hakimiyyət problemin ciddiliyini qəbul edib tədbir görsün, Qarabağda insanları silah-sursatla təmin etsin. Əli ilə Bəxtiyarın dəfn günü bütün Azərbaycanın ürəyi Ağdamda döyünürdü. Ətraf və uzaq rayonlardan Ağdamın dərdinə şərik olmağa gələnlərin sayı minlərlə idi.
Bütün bunlardan sonra DQMV ətrafında siyasi vəziyyət olduqca gərginləşdi. 1988-ci ilin may ayında eyni gündə Azərbaycan və Ermənistan kommunist partiyalarının qurultayları keçirildi. Bakıdakı və Yerevandakı qurultaylarda müvafiq olaraq Siyasi Büronun üzvləri və Mərkəzi Komitənin katibləri olan Yeqor Liqaçovla Aleksandr Yakovlev iştirak etdilər. Y.Liqaçov Bakıda bəyan etdi ki, Moskva Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığından Qarabağın müstəqilliyinə heç vaxt razılaşmaz. A.Yakovlev isə Yerevanda bildirdi ki, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşan rəsmi Moskva Qarabağı Ermənistanın tərkibində görür. Eyni gündə qarşı duran tərəflərə belə "tərəfkeşlik” etməklə M.Qorbaçov və erməni lobbisinin digər qulları nəticədə münaqişəni hərbi müstəviyə keçirdilər. 1988-ci ilin sonlarından isə Ermənistandakı azərbaycanlıların kütləvi deportasiyası başladı.
1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman verdi. Fərmana əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusu saxlanılmaqla, Moskvaya tabe olan xüsusi idarə forması yaradıldı. A.Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi vilayətin Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi. Bu şəxs DQMV-nin tam iqtisadi müstəqilliyini reallaşdırmaq üçün vilayət ərazisindəki bütün müəssisələrin artıq Azərbaycanda deyil, Ermənistanda yerləşən müəssisələrlə iqtisadi əlaqələr qurmasını təmin edən sərəncamlar verdi və bunu qısa müddət ərzində həyata keçirdi. Bu antiazərbaycançı fəaliyyətin reallaşmasında onun fəal "köməkçisi” isə Azərbaycanın rəhbəri Ə.Vəzirov idi. Bu "missiyanı” A.Mütəllibov da davam etdirərək Qarabağın Azərbaycandan təcridinə şərait yaratdı.
1991-ci ilə qədər Dağlıq Qarabağda və eləcə də Ermənistanla həmsərhəd rayonlarda azərbaycanlılar yaşayan kəndləri işğal edən, qırğınlar, soyqırımlar törədən ermənilər SSRİ-nin dağılmasından sonra işğal planını yeni fazaya keçirdilər. Güclü himayəçilərinə arxalanan ermənilər, həm də müstəqilliyimizin ilk illərində Azərbaycanda hakimiyyəti ələ keçirən iqtidarların səbatsızlığından və yaratdıqları şəraitdən istifadə edərək Dağlıq Qarabağı və ona bitişik rayonları işğal etdilər. Bu gün Dağlıq Qarabağ bütün dünyada rəsmən Azərbaycan ərazisi kimi tanınır. Lakin erməni təəssübkeşliyinin və bundan irəli gələn ikili standartların nəticəsi olaraq beynəlxalq ictimaiyyət, xüsusən Qərb dünyası ermənilərin işğalçılıq siyasətinə, Azərbaycan ərazilərinin hələ də işğal altında qalmasına göz yumur. Azərbaycanın isə səbri tükənməz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində sürətlə inkişaf edən respublikamız hərbi qüdrətini sürətlə artırır və hər addımda, - istər siyasi, istər hərbi baxımdan, - Ermənistanı dalana dirəyib. Bütün bunlar isə bizi inamla son nəticəyə - işğal edilmiş Dağlıq Qarabağın və ətraf rayonların azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinə aparır.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 22 fevral.- S.6.