2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasını Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
18 fevral 2020-ci il tarixli 284 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
QƏRAR ¹ 29/326
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 91 saylı Ucar seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Əbil Abbas oğlu 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətilə həmin seçki dairəsi dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 13/41 saylı qərarını mübahisələndirərək, seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Ərizəçi müraciətində səsvermə günü 91 saylı Ucar seçki dairəsinin seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini, həmin pozuntularla bağlı dairə seçki komissiyasına təqdim edilmiş müraciətin və digər sənədlərin düzgün araşdırılmadığını iddia edərək, həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğvini tələb etmişdir.
Namizədin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
91 saylı Ucar seçki dairəsinin dairə seçki komissiyası mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, namizəd Ə.A.Məmmədovun müraciətində səsvermə günü seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı iddiaları hərtərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq təmin edilməməlidir.
Araşdırma ilə əlaqədar sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən, səsvermə prosesində, səslərin hesablanmasında və nəticələrə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar yalnız 18 və 38 saylı seçki məntəqələrində müşahidə edilmişdir ki, bu da seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntu kimi qiymətləndirilməlidir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamışdır. Araşdırma zamanı bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü iki seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.
Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlarlardan müəyyən edilmişdir ki, iki seçki məntəqəsi istisna olmaqla, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.
Beləliklə, Ə.A.Məmmədovun müraciəti qismən təmin edilməli, 18 və 38 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 13/41 saylı qərarı 18 və 38 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 91 saylı Ucar seçki dairəsi
üzrə qeydə alınmış namizəd Məmmədov
Əbil Abbas oğlunun 18 fevral 2020-ci il tarixli 284 saylı
müraciəti qismən təmin edilsin, 18 və 38 saylı
seçki məntəqələri üzrə səsvermənin
nəticələri etibarsız hesab edilsin.
2.
Dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli
13/41 saylı qərarı 18 və 38 saylı seçki məntəqələri
üzrə hissədə ləğv edilsin, digər hissədə
isə dəyişdirilmədən saxlanılsın.
3. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21.02.2020-ci il
Azərbaycan.-2020.- 22 fevral.- S.8.