2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
17 fevral 2020-ci il tarixli 261 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
QƏRAR № 29/327
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Süleymanlı Aygün Yunis qızı 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 17 fevral 2020-ci il tarixli 13/87 saylı qərarını mübahisələndirmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
A.Y.Süleymanlı müraciətində səsvermə günü 28 saylı Sabunçu üçüncü seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, həmin seçki məntəqələrinin bəzilərində pozuntuları təsdiq edən video görüntülərin olduğunu iddia edərək seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
A.Y.Süleymanlının müraciətinin araşdırılması zamanı səsvermə günü seçki dairəsinin seçki məntəqələrində baş vermiş qanun pozuntuları ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş görüntülər və namizəd tərəfindən təqdim olunmuş digər seçki materialları əhatə edilmişdir.
İddia edilən pozuntularla əlaqədar olaraq namizəd A.Y.Süleymanlı dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən onun şikayəti araşdırılmış, dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 13/87 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma zamanı namizədin mübahisələndırdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
Sosial şəbəkələrdə paylaşılan video görüntülərin araşdırılması zamanı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir.
Göstərilənlərə əsasən müraciət təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda
göstərilənləri əsas götürərək Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 28 saylı Sabunçu
üçüncü seçki dairəsi üzrə qeydə
alınmış namizəd Süleymanlı Aygün Yunis
qızının müraciəti təmin edilməsin, dairə
seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 13/87
saylı qərarı dəyişdirilmədən
saxlanılslın.
2. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21.02.2020-ci il
Azərbaycan.-2020.- 22 fevral.- S.8.