2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 fevral 2020-ci il tarixli 283 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR ¹ 29/334

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 105 saylı Tovuz seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Raul Mirsalam oğlu 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 20/46 saylı qərarını mübahisələndirmiş, seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd müraciətində səsvermə günü 105 saylı Tovuz seçki dairəsinin 1, 2, 3, 4, 6, 12, 14, 15, 16, 24, 25, 28, 29, 34, 35, 38, 39 və 41 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verilməsini bildirmiş, adı seçici siyahısında olmayan şəxslərin səs verməsini, eyni şəxsin bir neçə dəfə səs verməsinə şəraitin yaradılmasını, səsvermənin nəticələri haqqında protokolların verilməməsini, bir şəxsin bir neçə seçki məntəqəsində səs verdiyini iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunmasını tələb etmişdir. Ərizəçi tərəfindən müraciətə aktlar, səs yazıları və videogörüntülər əlavə olunmuşdur.

Namizədin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində buya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında buya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Dairə seçki komissiyasına ünvanlanan müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyasının üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulmaması təsdiq edilmiş, müraciətdə göstərilən pozuntular öz təsdiqini tapmadığından, əsassız olması müəyyən edildiyindən müraciətin təmin olunmaması barədə qərar çıxarılmışdır.

R.M.Məmmədov müraciətinin təmin edilməməsinə dair 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 20/46 saylı qərarı qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, düzgün hüquqi nəticəyə gəlinmiş və müvafiq qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur.

Beləliklə, 105 saylı Tovuz seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları olmadığından qeydə alınmış namizəd R.M.Məmmədovun 17 fevral 2020-ci il tarixli 283 saylı müraciəti əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 20/46 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 105 saylı Tovuz seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Raul Mirsalam oğlunun 17 fevral 2020-ci il tarixli 283 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 20/46 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

21.02.2020-ci il

Azərbaycan.-2020.- 22 fevral.- S.9.