2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
18 fevral 2020-ci il tarixli 262 saylı müraciətə
baxılmasına dair Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR ¹ 29/337
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Vüqar Qurban oğlu 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 09/35 saylı qərarını mübahisələndirmiş, dairə seçki komissiyasının adıçəkilən qərarının ləğvini, seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
V.Q.Məmmədov müraciətində iddia etmişdir ki, dairə seçki komissiyası araşdırma apararkən onun təqdim etdiyi şikayət üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.
Ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
V.Q.Məmmədovun müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər seçki materiallarını əhatə etmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd V.Q.Məmmədov 22 saylı Nəsimi ikinci seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
22 saylı Nəsimi ikinci seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd V.Q.Məmmədovun müraciəti əsassız hesab olunaraq təmin edilməmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü dörd seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.
Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, dörd seçki məntəqəsi istisna olmaqla, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.
Sosial şəbəkələrdə paylaşılan video görüntülərin araşdırılması ilə 1, 20 və 24 saylı seçki məntəqələrində səsvermə və seçki bülletenlərinin sayılması zamanı seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilmişdir. Bu hal həmin seçki məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.
Müvafiq məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları üzrə araşdırmaya zərurət yarandığından, səsvermə günü seçki qanunvericiliyinin tələbinə uyğun olaraq məntəqə seçki komissiyaları tərəfindən tərtib edilmiş və müşahidəçilərə verilmiş 8 ədəd səsvermənin nəticəsinə dair yekun protokolların nüsxələri ilə məntəqə seçki komissiyaları tərəfindən dairə seçki komissiyasına təhvil verilmiş protokolların müqayisəli araşdırılması aparılarkən 11 saylı seçki məntəqəsinin məlumatlarında uyğunsuzluq müəyyən edilmişdir.
Qeyd olunanlara əsasən həmin seçki məntəqəsi üzrə də səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, 1, 11, 20 və 24 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi
üzrə qeydə alınmış namizəd Məmmədov
Vüqar Qurban oğlunun müraciəti qismən təmin
olunsun, həmin seçki dairəsinin 1, 11, 20 və 24
saylı seçki məntəqələri üzrə səsvermənin
nəticələri etibarsız hesab edilsin.
2. Dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 09/35 saylı qərarı 1, 11, 20 və 24 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21.02.2020-ci il
Azərbaycan.-2020.- 22 fevral.- S.10.