2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdəMərkəzi Seçki
Komissiyasına daxil olmuş
18 fevral 2020-ci il tarixli 280 saylı müraciətə
baxılmasına dair Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR ¹ 29/338
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 95 saylı Tərtər seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Vüqar Sabir oğlu 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 12/62 saylı qərarını mübahisələndirmiş, dairə seçki komissiyasının adı çəkilən qərarının ləğvini, seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
V.S.Əliyev müraciətində iddia etmişdir ki, dairə seçki komissiyası araşdırma apararkən onun təqdim etdiyi şikayət üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.
Ərizəçi ilə əlaqə saxlanılmış, ona araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
V.S.Əliyevin müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər materialları əhatə etmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd V.S.Əliyev 95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya nəticələrin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd V.S.Əliyevin müraciəti əsassız hesab olunaraq təmin edilməmişdir.
Araşdırma
zamanı müəyyən edilmişdir ki, səsvermə
günü seçki dairəsinin mübahisələndirilən
seçki məntəqələrində baş verməsi
iddia edilən qanun pozuntuları təsdiqini tapmamış,
seçicilər sərbəst şəkildə səs verərək
öz iradələrini ifadə etmiş, məntəqə
seçki komissiyalarının səsvermənin nəticələrinə
dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə
seçki komissiyası düzgün nəticəyə gəlmişdir.
Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlarlardan müəyyən edilmişdir ki, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.
Göstərilənlərə əsasən müraciət təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 95 saylı Tərtər seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Vüqar Sabir oğlunun müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 12/62 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21.02.2020-ci il
Azərbaycan.-2020.- 22 fevral.- S.10.