2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan RespublikasınınMilli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
18 fevral 2020-ci il tarixli 277 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
QƏRAR ¹ 29/339
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Yaqublu Nəsiman Qara oğlu və Mirzəliyev İlham Nurəddin oğlu 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) adıçəkilən seçki dairəsi dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 62/251 saylı qərarını mübahisələndirərək həmin qərarla razılaşmadıqlarını və faktların yenidən araşdırılmasını xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
N.Yaqublu və İ.Mirzəliyev müraciətdə göstərmişlər ki, 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsinin seçki məntəqələrindəki pozuntularla əlaqədar namizəd olaraq yazdıqları şikayəti dairə seçki komissiyasına göndərmişlər. 2020-ci il fevralın 17-də dairə seçki komissiyasının rəsmi cavabı onlara çatdırılmışdır. Həmin cavabla razılaşmadıqlarını və faktların yenidən araşdırılmasını xahiş etmişlər.
Araşdırma ilə əlaqədar müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırılmış və müəyyən edilmişdir ki, namizədlər tərəfindən 2020-ci ilin fevralın 10-u və 11-də seçki günü seçki məntəqələrində baş verməsi iddia olunan pozuntularla bağlı eyni məzmunlu ərizə ilə dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına müraciət edilmişdir. Mərkəzi Seçki Komissiyası qeyd edilən müraciəti aidiyyəti üzrə dairə seçki komissiyasına göndərmişdir. Dairə seçki komissiyası daxil olmuş müraciət üzrə hazırda mübahisələndirilən qərarı qəbul etmişdir.
Namizədlər tərəfindən seçki günü tərtib edilməsi iddia olunan, müraciətə əlavə edilmiş aktların araşdırılması ilə əlaqədar seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərdən, komissiya üzvlərindən və digər seçki subyektlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, qeyd edilən pozuntu halları baş verməmişdir. Belə ki, 1 və 7 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların surətinin müşahidəçilərə verilməməsi ilə bağlı həmin seçki məntəqələrində müşahidə aparmış Tahir Qocayevin səsvermə bülletenlərinin sayılıb qurtarmasını gözləmədən məntəqəni tərk etməsi, Səidə Mirzəlinin isə səsvermə başa çatmamış saat 18:00-da səsvermənin nəticələrinə dair protokolun surətini tələb etməsi müəyyən edilmişdir. 7 saylı seçki məntəqəsində müşahidə aparan Yasəmən Qurbanovanın yaşlı bir seçiciyə kömək etmək adı ilə səsvermə kabinəsinə daxil olması və kimə səs verəcəyini ona deməsi, həmin gün qeyd edilən seçki məntəqəsində Yasəmən Qurbanova adlı müşahidəçinin qeydə alınmaması barədə tərtib edilmiş aktla təkzib olunmuşdur. Həmin məntəqədə müşahidə aparmış Mirzəli Səidə İlham qızının digər müşahidəçi İsmayılov Xanlar İldırım oğlu barədə şikayəti Səidə Mirzəlinin ayaq üstə gəzərək müşahidə aparılmasına maneçilik törətməsi ilə bağlı olmuşdur.
Dairə seçki komissiyasının araşdırması ilə müəyyən edilmişdir ki, müşahidəçi tərəfindən seçicinin şəxsiyyət vəsiqəsinin tələb edilməsi müşahidəçilərin deyil, seçicilərin etirazına səbəb olmuşdur. Həmçinin sözügedən seçki dairəsinin hüdudları daxilində yaşamayan seçicinin həmin dairə üzrə seçki məntəqələrində səs verməsi iddiası öz təsdiqini tapmamışdır. Belə ki, toplanılmış sənədlərə əsasən səsvermədə iştirak hüququ mübahisələndirilən seçicilərin seçki məntəqəsi ərazisində yaşaması müəyyən edilmişdir.
Namizədlərin müraciətinin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilmiş, 24 saylı Nizami birinci seçki dairəsinin seçki məntəqələri üzrə hər hansı bir görüntü müəyyən edilməmişdir. Eyni zamanda həmin seçki dairəsinin veb-kameralar quraşdırılmış seçki məntəqələrində də seçki pozuntusu qeydə alınmamışdır. Həmçinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların araşdırılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilməmişdir.
Araşdırmaya məcmu halda qiymət verilərək qeyd edilməlidir ki, dairə seçki komissiyası namizədlər N.Yaqublu və İ.Mirzəliyevin müraciətini obyektiv, hərtərəfli və qərəzsiz araşdıraraq təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.
Beləliklə, araşdırmanın nəticəsi olaraq müraciətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından, müraciət təmin edilməməli, dairə seçki komissiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Yaqublu Nəsiman Qara oğlu və Mirzəliyev İlham Nurəddin oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 fevral 2020-ci il tarixli 277 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 62/251 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21.02.2020-ci il
Azərbaycan.-2020.- 22 fevral.- S.10.